Bu gün:

Dünyanın "ən kiçikləri"


Dünyanın ən kiçik ölkəsi:

İtaliyanın  paytaxtı Roma şəhərinin içərisində yerləşən və sərhədləri divarlarla hörülən Vatikan dünyanın ən kiçik ölkəsidir. Sahəsi 0.44 kvadratkilometr olan bu ölkənin əhalisi təxminin 800 nəfərdən ibarətdir. Bu insanların əksəriyyəti iş üçün orada yaşayırlar. Rəsmi olaraq, 1929-cu ildə İtaliya ilə bağlanan Laterano müqaviləsi nəticəsində qurulan bu ölkə dini rəhbərliyə sahibdir. Ölkənin başında Roma Papası durur.

Dünyanın ən kiçik adası:

Dünyanın ən kiçik adası Nyu-York ştatı ərazisindəki Aleksandriya körfəzində yerləşir. Just Room Enough Island (Tək otaqlıq ada) adlanan ada Lourens çayı üzərində salınıb. 306 kvadratmetr sahədə yerləşən adada cəmi bir ev və bir ağac var. Əvvəllər Hub adası olan özəl ada 1950-ci illərdə zəngin Boyland ailəsi tərəfindən istirahət evi inşa etmək məqsədilə alınıb.

Dünyanın ən kiçik şəhəri:

Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır.

Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və sairlərinin qalıqları var. Hum — 349 metr yüksəklikdə bir təpənin üstündə yerləşir. Şəhər XI əsrdə qədim Roma qəbiləsinin qalıqları üzərində qurulmuşdur. 

Hum Ginnes Rekordlar Kitabına dünyanın ən kiçik şəhəri olaraq daxil edilmişdir.  Şəhər orijinal formasında olduğu kimi daş evlərlə əhatə olunub. Şəhərin dörd bir yanından əhatə olunduğu heyrətamiz meşə mənzərəsi göz qamaşdırır.

Dünyanın ən kiçik dağı:

Wycheproof dağı Avstraliyanın Viktoriya əyalətində yerləşən bir təpədir. Onun hündürlüyü cəmi 148 metrdir. Təpə hesab olunmasına baxmayaraq, rəsmi olaraq dağ sayılır və ərazisinə görə dünyanın ən kiçik dağı hesab olunur. Milyon il əvvəl vulkan püskürməsi nəticəsində yaranmışdır və zaman keçdikcə turistlərin səyahət etdikləri valehedici yerlərdən birinə çevrilmişdir.

Dünyaın ən kiçik quşu:

Bu, Kolibri quşudur və növləri ən çox Amerikada yayılıb. 350-dən çox növü məlumdur. Ən böyük növ Kolibri quşunun uzunluğu 22 santimetrdir. Ən kiçik kolibri quşunun uzunluğu isə 6 santimetr, çəkisi isə 2 qramdır. Kolibrinin lələkləri o qədər gözəl yaradılıb ki, qiymətli daşa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir. Kolibri uzun müddət uçmadan havada dayana bilir.

Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən şirə çəkərək qidalanır. Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə olur. Onun yumurtaları isə noxud boyda olur. Bu quşun cəsurluğuna söz ola bilməz. Əgər düşmən onun yuvasına yaxınlaşarsa, kolibri cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancar.

Dünyanın ən kiçik məməli heyvanı:

Donuzburunlu yarasa ən kiçik məməli heyvandır. Boyu 3 sm, ağırlığı isə 2 qram olur. Burnunun formasına görə donuzburunlu yarasa adı ilə tanınır. Quyruğu olduqca qısadır, qulaqları nisbətən böyük, gözləri isə balacadır. Taylandda və Myanmada sıx meşələrdə yaşayır. 1973-cü ildə taylandlı bioloq Kitti Thonqlonqya tərəfindən varlığı üzə çıxarılıb.


Hazırladı: Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et