Bu gün:

“Yan stulda oturan sənə baxdı”- Psixoloqla MÜSAHİBƏ


"Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir." Bu sözləri eramızın 30-cu illərində dahi Ovidiy dilə gətirib. Aleksandr Düma hesab edirdi ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks etdirən göstəricidir. Andre Morua əmin idi ki, qısqanclıq insanları bir-birinə bağlayır, J.Lubbock isə deyirdi ki, qısqanclıq ilan zəhərindən daha betərdir, çünki ilan zəhəri sadəcə bir insanı, qısqanclıq isə həm başqasını, həm özünü zəhərləyir.

Bəli, məhəbbətin acı zəhəri olan qısqanclıq barədə müxtəlif fikirlər səslənib. Bəs qısqanclıq nədir? Hansı formaları var? Hansı yaş dövrlərində daha çox olur? Bu və digər suallarımızı 24 Media-nın bugünkü müsahibi, psixoloq Fuad Əsədov cavablandırıb.


Fuad bəy, qısqanclıq nədir? 

Qısqanclığın bir çox tərifi var. Mənim fikrimcə qısqanclıq insanın psixoloji, mənəvi, fiziki sərhədlərinin pozulmasından qorxduğu haldır. İnsan sevgilisini qısqanır, çünki mənəvi sərhəddinin pozulmasından qorxur və ya ləyaqət sərhədinin pozulmasından qorxur.

Qısqanclıq hansı formalarda özünü göstərir? 

Qısqanclığı üç hissəyə bölürlər: klassik, alkoqol və patoloji. Ən çox rast gəlinən klassik qısqanclıqdır. Klassik qısqanclıq fərdlər arasında inamsızlıq zamanı yaranır. Alkoqol qısqanclıq, əsasən, spirtli içki qəbul etdikləri zaman yaranan qısqanclıqdır. Belə insanlar normalda qısqanc deyillər. Amma, məsələn, toyda içirlər, evə gəldikdə xanımlarına "Yan stulda oturan sənə baxdı" , "Filankəs sənə baxırdı" deyərək dava salırlar. 

Pataloji qısqanclığın ən qorxunc növüdür. Bu hiss həddindən artıq təhlükəli və izah oluna bilməyən dərəcədə insana mənfi təsir göstərir və cütlüyün arasında münasibətləri məhv edir. Daha çox şizofrenlərdə və psixi pozuntusu olanlar da rast gəlinir. Patoloji qısqanclıq yaşayan şəxslər hər zaman qarşı tərəfin onları aldatdıqlarını düşünürlər və bu fikrə özlərini alışdırırlar. Özlərindən səbəblər uydururlar. Məsələn, onlara sual verirsən ki, bu qənaətə hardan gəlib? Deyir ki, "Həyat yoldaşım hər gün səhər televizora baxır". Yəni, bu formada məntiqsiz səbəblərə görə qısqanırlar. Yeri gəlmişkən deyim ki, patoloji qısqanclıq Xəstəliklərin Beynəlxalq Təsnifatına salınıb. Yəni, tibbə görə bu xəstəlikdir.

Sizin fikrinizcə necə, qısqanclıq xəstəlikdirmi? 

Mən adətən bu kimi məsələlərə daha elmi yanaşmağın tərəfdarıyam. Elmə görə qısqanclıq duyğusu təkamül prossesinin nəticəsidir, həmçinin, kişilər və qadınlar üçün müxtəlif mənalara gəlir. Bu duyğu instiktiv olaraq qadınların uşaqlarını tək böyütmə qorxusundan, kişilərin isə onların olmayan uşaqları böyütmə qorxusundan yaranır. Çünki, çoxalma, nəsil artırma və gen kopyalama instinkti çox güclüdür.

Qısqanclıq hansı yaş dövründə daha güclü olur? 

İnsan faktoru əsas götürülür. Hər insanda müxtəlif cür olur. Ən çox yeniyetmələrdə görünür. Amma, daha yaşlı insanlarda da ola bilər. Yəni, əslində qısqanclıq hər kəsdə müəyyən qədər var. 

Kim daha qısqanc olur - qadın, yoxsa kişi? 

Qısqanclıq hissi hər iki cinsdə çox və ya az ola bilər. Mənim fikrimcə bu, millətlərdən və cəmiyyətdən asılı olaraq dəyişir. Bizim kimi mühafizəkar, konservativ cəmiyyətlərdə qadınlar ,əsasən, qısqanclıqlarını birbaşa bildirə bilmirlər. Buna görə kişilər daha qısqanc hesab edilə bilər. Kişilər qısqanan zaman daha aqressiv ola bilirlər. Müşahidələrimə əsasən, deyə bilərəm ki, kişilər qısqananda müəyyən şəxslərə qısqanır. Qadınlar isə hamıya qısqanır. Klassik qısqanclıqda kişilərin qısqanclığı seçici, qadınlarınkı isə kütləvi xarakter daşıyır. 


Paylaş
Şərh əlavə et