Bu gün:

Skandinavların həyat tərzi


Skandinavların həyat tərzini gündəlik həyatımıza asanlıqla daxil edə bilərik.

Skandinaviya üslubu günü-gündən daha çox populyarlaşır və daha çox insanın həyatına daxil olur. Skandinaviya üslubunda həyatın əsası sadəlikdir. Geyim tərzinizdən tutmuş, ümumiyyətlə həyat münasibətinə qədər çox şeyi əhatə edir. Təsadüfi deyil ki, Finlandiya, Danimarka və Norveç dünyanın ən xoşbəxt ölkələri sırasındadır. Əgər kimsə xoşbəxtliyin düsturunu tapsa, bu, şübhəsiz ki, Skandinav olardı.

İnteryer: minimalizm və funksionallıq

Burada interyerin əsas prinsipləri sadəlik və rahatlıqdır. "My Scandinavian Home" bloqunun müəllifi Niki Brantmark vintage və müasir interyer materiallarını qarışdırmağı və təbii materiallara üstünlük verməyi tövsiyə edir. Skandinav üslub kəmiyyətə deyil, keyfiyyətə bağlıdır. Norveç, Danimarka və İsveç sakinləri çox şeyə sahib olmağa çalışmırlar. Onlar rahat, möhkəm və uzun illər istifadə oluna bilərsə, otaqda 2 və ya 3 kreslodansa yalnız bir kresloya üstünlük verə bilərlər.

Bəs siz nə edə bilərsiniz?

Boş yerləri görünüş üçün bəzəkli şeylər ilə doldurmağa çalışmayın. Otaqdakı hər bir detal faydalı olmalıdır. Məsələn, divanda kitab saxlamaq üçün bölmələr ola bilər. Əgər düşünürsünüzsə ki, kiçik əşyalar olmasa, otaq boş və sönük görünə bilər, bu doğru düşüncə deyil. Skandinaviyalılar bəzək kimi tez-tez yaşıl bitkilərdən və yumşaq yorğanlardan istifadə edirlər. Rəngi vurğulamaq üçün divanda bir və ya iki parlaq yastıq otağa gözəllik verir.

Digər vacib məqam təbii işıqdır. İsveçlilər otağa mümkün qədər çox gün işığı buraxmağı xoşlayırlar, ona görə də pəncərələrdə pərdə yoxdur. Əgər pərdə olacaqsa, bu şəffaf parçadan hazırlanmalıdır. Yalnız yataq otağı üçün jalüzlərdən istifadə edirlər. Bu yanaşma sayəsində günortadan sonra mənzil geniş və işıqlı görünür. 

Qarderob: praktiklik vacibdir

Minimalizm prinsipi hər yerdədir. O sadə, rahat və praktikdir. İsveçli dizaynerlər tərəfindən yaradılan geyim kolleksiyalarına baxdığınız zaman lakonik kəsimi, asimmetriyanın olmaması və az sayda dekorativ elementləri dərhal görəcəksiniz. Norveçdə və ya Danimarkada yaşayan hər bir insanın qarderobunda, şübhəsiz ki, sadə köynək, klassik köynək, dəri gödəkçə və əlbəttə ki, dəbli pencək kəsas geyimlər olacaqdır. Skandinaviyalılar çılpaq, təbii rənglərə üstünlük verirlər. Onlar bir geyimlə fərqli obrazlar yarada bilir. Ölkə soyuq olduğu üçün ahəngli qalın geyim kombinasiyası onlarda gözəl alınır. Siz də onları izləyin ki, bütün geyimlərinizi üst-üstə geyinmiş kimi görünməyəsiniz.

Təmizlik: Lazımsız hər şeyi atın

Təmizliyə qarderobunuzdan başlamaq tövsiyə olunur. Çünki paltarlardan qurtulmaq böyük şkaflardan qurtulmaqdan daha asan olacaq.  Bütün paltarlarınızı 2 yerə bölün; birinci hissəyə mütəmadi olaraq geyindiyiniz paltarları  yığın. Digər paltarları atın.

Uşaqlarınızın çəkdiyi rəsmlər, xatirə əşyaları və atmağı ağlınıza belə gətirə bilməyəcəyiniz çox vacib və sevdiyiniz əşyalarınız üçün xüsusi qutu ala bilərsiniz. Ümumiyyətlə, isveçlilər ekoloji cəhətdən təmiz həyat tərzinə sadiq qalmağa və təkrar emala üstünlük verməyə çalışırlar. Əşyalarınızı təşkil edərkən bunu nəzərə alın. Məsələn, yaxşı vəziyyətdə olan əşyalar ehtiyacı olanlara verilə bilər, pis vəziyyətdə olan əşyalar isə təkrar emala çevrilə bilər.

Həyat tərzi: Sadə şeylərdən həzz alın

Skandinaviyada bir neçə anlayış var və hər biri müəyyən bir həyat tərzinə aiddir. Bütün bu anlayışlar arasında fərqlər var, lakin onların ortaq cəhətləri də çoxdur. Bu anlayışların hamısında biz eyni mesajı görürük; sadə şeylərdən həzz almaq lazımdır. Buna görə də sizi sevindirən şeyləri tapmalısınız. Məsələn, bu sevdiklərinizlə yaxşı kitab oxumaq, soyuq qış günündə gəzintidən sonra bir fincan isti şokolad və s.ola bilər.

Skandinaviya həyat tərzinə yaxınlaşmaq üçün harada olursunuzsa olun, ilk rahatlıq və minimalizmi düşünün. İş masanız və ya ofisiniz kimi çox vaxt sərf etdiyiniz yerə bitkiləri aparın, gözəl şəkilləri çap edin ,çərçivəyə qoyun və iş yerinizi həmişə təmiz saxlayın.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş