Əsərin adı: "Saçaqlı qızın pasaqlı gündəliyi"
Müəllif: Nur Dombaycı
Səhifələrin sayı: 126

İstəyirsən ki, küləklə rəqs edən gur saçın olsun? Yaxşı, qızılı saçlı, ayaqqabısını belə başqalarının geydirdiyi şahzadə nağıllarından xoşun gəlir? Əgər belədirsə, qabaqcadan xəbərdar edim ki, yanlış ünvandasan. Bu, şahzadə kimi deyil, pasaqlı (bir azca), öz işini görən, qızlar dünyasının qanunlarını başdan yazan, çəhrayı rəngə nifrət edən, amma heyvanlar üçün gözünü belə qırpmadan özünü şiddətli zərbə endirilmiş topun qabağına ata biləcək qədər cəsur bir qızın gündəliyidir! Ancaq “Şəxsi gündəliyi oxumaq olmaz!” qaydasını bilirsən, düzdür? Nə qədər gözəl olsa belə, bu gündəliyi oxuma!
“Saçaqlı qızın pasaqlı gündəliyi”ndə bizə özün kimi olmağın, insanları olduqları kimi qəbul etməyin, dostluğun, cəsarətin, sevginin hekayəsini danışır. İlk baxışdan çılğın, dəlisov, yaramaz uşaqların hekayəsi kimi görünsə də, “Saçaqlı qızın pasaqlı gündəliyi” sevgi və nəzakətin hekayəsidir.
Əsərin adı: "Qu quşu" hekayələr
Müəllif: Lev Nikolayeviç Tolstoy
Səhifə sayı: 84

Dünya şöhrətli yazıçı Lev Nikolayeviç Tolstoy daha çox romanları ilə tanınsa da, həm də gözəl hekayələr müəllifidir. Onun hekayə yaradıcılığının bir qismini balaca oxucular üçün qələmə aldığı uşaq hekayələri təşkil edir. Kitabımızda yer alan hekayələrin hər birinin mövzusu, ideyası tərbiyəvi, öyrədici əhəmiyyət daşıyır. Bu hekayələrdə dürüstlük, dostluq, sədaqət kimi müsbət keyfiyyətlərlə yalançılıq, acgözlük, hiyləgərlik kimi mənfi xarakterlər qarşılaşdırılır. Kitaba 19 hekayə daxil edilmişdir.
Əsərin adı: "Anna Liza və xoşbəxtlik təcrübəsi"
Müəllif: Ouen Kolfer
Səhifə sayı: 108
Yaş kateqoriyası: 8 yaşdan yuxarı

Stetoskop, ağ xalat , bir cüt təkərli konki... Anna Liza Madiqan öz həkim ləvazimatları ilə işə başlamağa hazırdır. Anasının gözləmə otağı köməyə ehtiyacı olan uşaqlarla doludur. Anna Liza onların üzünü güldürməyə çalışır.
Əsərin adı: "Qapı arxasında o"
Müəllif: Reyhan Yusifqızı
Səhifə sayı: 108
Yaş kateqoriyası: 12 yaşdan yuxarı

Reyhan Yusifqızı uşaq və yeniyetmələr üçün yazdığı kitablarla məşhurdur. Yazıçının hər yeni kitabı böyük maraqla qarşılanır və yayılır. “Qapı arxasında o” Ümid adlı məktəbli oğlanın həyatında baş verən gözlənilməz hadisədən bəhs edir. Müəllifin fikrincə, əsər daha çox oğlanların diqqətini çəkəcək. Bu kitabla müəllif oxucuların nisbətini oğlanların xeyrinə dəyişmək niyyətindədir.
Əsərin adı: "Dostum Mimi"
Müəllif: "Reyhan Yusifqızı"
Səhifə sayı: 84
Yaş kateqoriyası: 8 yaşdan yuxarı

• Siçanlardan qorxmursan?
• Danışan heyvan, yoxsa danışan oyuncaq?
• Səncə, ən yaxşı dost kimdir?
İkinci sinifdə oxuyan Aylin başqa uşaqlardan fərqlənməyən adi qızdır. Günlərin birində o, qoca professorun evində yaşayan Mimi adlı qeyri-adi siçanla dostlaşır. Elə həmin gündən Aylin üçün hər şey dəyişir. Niyə?Nələr olduğunu bilmək istəyirsənsə, "Dostum Mimi" ni oxu.
Əsərin adı: "Uşaq ürəyi"
Müəllif: Edmondo de Amiçis
Səhifə sayı: 286

"Uşaq ürəyi”nin başlıca amalı sabahın böyükləri olacaq uşaqlarımızı yaxşıya, gözələ, doğruya yönəltmək və onları yaxşı insan - yaxşı vətəndaş olaraq ailə, cəmiyyət və bəşəriyyət üçün faydalı bir fərd kimi yetişdirməkdir. Bir uşağa ən böyük yaxşılığı etmək istəyirisinizsə, ona "Uşaq ürəyi”ni oxudun. Qoy uşağın qəlbi bu kitabla döyünsün, əxlaqı bu əsərlə gözəlləşsin. "Uşaq ürəyi”ni oxuyan və kitabdakı qəhrəmanın keçirdiyi hisləri yaşayan bir uşaq pis insan olmaz. Bu kitabda hər şey var: valideyn sevgisi, vətən məhəbbəti, xeyirxahlıq, dostluqda vəfa, elmin dəyəri, çalışqanlıq, zəhmətin ucalığı... Ən əsası da hadisə və təsvirlərə uşaq ürəyinin kövrəkliyi, uşaq dünyasının zərafəti hopub... Həyat uşaqların gözündə necə də gözəl və mənalıdır...
Əsərin adı: "Belə də kitab olar"
Müəllif: Fatih Erdoğan
Səhifə sayı: 240
Yaş kateqoriyası: 10 yaşdan yuxarı

Ah, Kotlet! (Qeyd: çəkilmiş ətdən hazırlanan yox, dostum Kotleti deyirəm...) Başımıza elə oyun açdı ki... Müəllimə "Kitab yazırıq" deməyə nə var ki? Adama deyərlər, kitab yazmaq istəyirsən, otur yaz. Yoxsa gecənin bir aləmində super qəhrəmanı tənəkə evin damına niyə çıxarırsan ki? Özü də kabuslar yaşayan evin damına... Əslində, mən kabusa-zada inanmıram, heç qorxmuram da!
Əsərin adı: "Bəs niyə?"
Müəllif: Erik Mative
Səhifə sayı: 100
Yaş kateqoriyası: 5 yaşdan yuxarı

Niyə yuxu görürük?
Ağcaqanadlar niyə dişləyir?
Asteriks həqiqətən olub?
Niyə güzgüdə özümüzü görürük?
Qalaktika nədir?
Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir. Bu kitabda heyvanlar, insan bədəni, tarix, təbiət və elm haqqında bir-birindən maraqlı məlumatlar öyrənəcəksən. Mütaliəni daha da əyləncəli etmək üçün kitabın axırında müxtəlif söz oyunları, çalışmalar var, sən həm əylənəcək, həm də öz biliklərini yoxlayacaqsan. Silinən flomasterini götür və çalışmaları istədiyin qədər təkrar-təkrar həll et.
Əsərin adı: "Bayraktar"
Müəllif: Məhəbbət Əsədova
Səhifə sayı: 48
Yaş kateqoriyası: 10 yaşdan yuxarı

“Önəmli olan istehsal etmək yox, yeni fikirlər yaratmaq, ölkəmizin gələcəyi haqda düşünməkdir. Mübarizə ruhunuzu itirməyin, heç nədən qorxmayın, özünüzə inanın!
Əsərin adı: "Balaca Kiberin macəraları"
Müəllif: Namiq Abdullayev
Səhifə sayı: 168
Yaş kateqoriyası: 9 yaşdan yuxarı

Namiq Abdullayev Azərbaycan ədəbiyyatında elmi-fantastika janrının nümayəndələrindən biri hesab edilir. “Balaca Kiberin macəraları” romanı da Namiq Abdullayevin fantastik janrda yazdığı ən maraqlı əsərlərindən biridir. Orta yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu əsərdə balaca Kiberin başına gələn maraqlı macəralardan−onun yad planetə səyahətindən və dostlarının köməkliyi ilə pis niyyətli məxluqlara qarşı mübarizəsindən bəhs olunur.
Əsərin adı: "İnsan bədəni"
Müəllif: Xact books
Səhifə sayı: 24
Yaş kateqoriyası: 7 yaşdan yuxarı

Uşaqlarda mütaliəyə maraq yaratmağın ən yaxşı üsulu onları poster-kitablarla tanış etməkdir. Buna görə də sizə bu cür kitablardan ibarət bütöv bir seriyanı təqdim edirik. "Mənim böyük poster-kitabım" seriyasında insan bədəni, dünya, kainat və s. mövzular sadə mətnlər və rəngli şəkillərlə əks olunur. "İnsan bədəni" adlı şəkilli kitab tədris vəsaiti kimi nəzərdə tutulub. Kiçik mətnlərlə izah olunan cəlbedici şəkillər kitabı daha da oxunaqlı edir. Necə heyrətamiz olduğunuzu kəşf edin! İnsan bədəninin quruluşunu öyrənmək uşaqlar üçün çox vacibdir, çünki onlar təbii olaraq öz orqanizmlərinə maraq göstərirlər. Bu maraq onları vahid bir mexanizm şəklində işləyən orqanlar sisteminin müxtəlif hissələrini öyrənməyə həvəsləndirir. Biz bədənin hərəkət və düşünmək kimi bir çox funksiyasını şüurlu şəkildə idarə etməyi öyrənirik.
Əsərin adı: "Məşğul ailə"
Müəllif: Kanq Conq-yon
Səhifə sayı: 120
Yaş kateqoriyası: 9 yaşdan yuxarı

Məşğul ailə Zəhmətkeş, Təmizkar, Zərif və Çalışqan olmaqla dörd nəfərdən ibarətdir. Onlar hər gün səhər saat 6-da durub günə başlayırlar. Tezdən dursalar da, hər biri “Çox məşğulam, çooox” cümləsini dönə-dönə təkrarlayırlar. Elə bir gün gəlib çatır ki, məşğul ailə yorğun düşür...
Əsərin adı: "Biləndər uşaq"
Müəllif: Nuran Direk
Səhifə sayı: 120
Yaş kateqoriyası: 11 yaşdan yuxarı

Həyatda nəyi bilib, nəyi bilmədiyimizi bilmək çox vacibdir. Bunun üçün özümüz və dünya barədə xeyli suala cavab axtarmalıyıq. Bəzən doğru bildiyimizi araşdıranda şübhələnirik. Bəzən də şübhə etdiyimiz bir şeyi araşdıranda doğru ortaya çıxır. Yəni şübhə yeni informasiyalar əldə etməyimizə yol açan bir vasitədir. Bilik əldə etməyə mane olan səbəblər heç də az deyil. Bunlardan ən əsası hələ tənqidi düşüncəsi lazımi səviyyədə inkişaf etməmiş uşağın zehnini qəlibləşmiş hökmlərdən, "olmaz!"lardan ibarət divarla əhatələməkdir. Uşaqların əqli inkişafdan qalmaması üçün onları elmi və fəlsəfi düşüncə üsulları ilə vaxtında tanış etmək lazımdır. Kitab təhsil müddəti boyunca müxtəlif elmlərlə tanış olmasına baxmayaraq, hələ elmi düşüncənin xüsusiyyətləri kimi vacib məsələlər barədə fikirləşməyə macal tapmayan şagirdləri bu mövzu üzərində düşünməyə dəvət edir.
Əsərin adı: "Əngəlsiz arzular"
Müəllif: Orxan Adıgözəl
Səhifə sayı: 92
Yaş kateqoriyası: 8 yaşdan yuxarı

Həyata ilk addımlarını atdığı vaxtda təsadüfi qəza nəticəsində ayağının birini itirən Nihad əvvəlcə düşünür ki, bir də heç vaxt dostları ilə futbol oynaya, top dalınca qaça bilməyəcək. Lakin bir müddət sonra bu arzusunu həyata keçirməyin mümkün olduğunu görür və iradəsini toplayaraq arzularının dalınca getməyə qərar verir. Fiziki imkanları məhdud uşaqların mübarizəsindən, cəmiyyətə adaptasiyasından bəhs edir.
Əsərin adı: "Ölümsüz ailə"
Müəllif: Natali Bebbit
Səhifə sayı: 122

“…Ölümün özü də doğum kimi çarxın bir parçasıdır. Çarxın bir parçası ilə razılaşıb o birini inkar etmək olmaz. Bütövün bir parçası olmaq bir lütfdür”. "Ölüm yoxdursa, həyatın nə mənası var?! Ona heç həyat da demək olmaz. Biz yaşamırıq, Vinni, yol kənarındakı daşlar kimi sadəcə varıq”. Meşənin ortasında ölümsüzlük gətirən sirli bir bulaq... Bu bulağın suyundan içib ölümsüzlüyü dadan, lakin buna şad olmayan bir ailə... On yaşlı Vinni meşəyə yollanır. Lakin o heç ağlına da gətirməzdi ki, bu səssiz meşəlikdə onu hansı macəralar gözləyir: sehrli bulaq, əsrarəngiz bir ailə və ömrünün sonunadək qorumağa söz verdiyi bir sirr. 2007-ci ildə aparılan onlayn sorğu əsasında Milli Təhsil Assosiasiyası (National Education Association (NEA) tərəfindən kitab “müəllimlərdən şagirdlərə 100 ən yaxşı kitab” siyahısına daxil edilmişdir. 2012-ci ildə “School Library Journal” tərəfindən dərc edilən sorğu nəticəsinə görə “bütün dövrlərin 100 ən yaxşı kitabı” siyahısında 16-cı yeri tutmuşdur.
Hazırladı: Nuran Əhmədzadə
