Bu gün:

Saçlarınızı doğru yuduğunuzdan əmin olun


Saçların yuyulmasının asan proses olduğunu düşünməyin. Çox şeyi səhv edərək saçınıza zərər verə bilərsiniz.

Saçlarınızı ən sağlam və ən gözəl vəziyyətinə gətirməyin yolu saçınızı yumaqdan keçir. Əgər zədələnmiş və qırıq saçlardan əziyyət çəkirsinizsə, düzgün texnikaları öyrənərək və saçlarınıza daha yaxşı qulluq edərək bu problemdən qurtula bilərsiniz.

Suyun temperaturu

Yuma zamanı çox isti su istifadə etmək saçınıza və baş dərinizə zərər verə bilər, lakin soyuq su kömək etmir. İlıq su ilə yumaq soyuq su qədər sizi narahat etməz və saçınızı təmizləmək üçün kifayət edir.

Yavaşca ovuşdurun

Şampundan sonra saçınızı çox bərk sürtmək saçlarınızın dolaşmasına, bəzi tellərin qırılmasına, saç və baş dərinizin zədələnməsinə səbəb olacaq. Saç dərinizə masaj edirmiş kimi yumşaq bir şəkildə sürtmək saçınızı təmizləmək üçün kifayət edər. Diqqət yetirilməsi lazım olan başqa bir məqam isə saçlarınızın dolaşmasının qarşısını almaq üçün saçlarınızı dairəvi şəkildə deyil, ortadan yanlara doğru hərəkətlərlə yumaqdır.

Köpük əsas şərt deyil

Əksər şampunlar köpüklənmə xüsusiyyətlərini tərkibindəki kimyəvi maddələrə borcludur, ona görə də daha təbii və təmiz tərkibli məhsullar üçün daha az köpüklənmə normaldır.  Bu, saçınızın təmizlənməməsi demək deyil.

Bütün saçlarınızı yumayın

Saçlarınızın çirkli görünməsinin əsas səbəbi baş dərinizin ifraz etdiyi yağdır. Başınızı yuduqdan sonra durulayarkən axan su belə saç uclarınızı təmizləmək üçün kifayətdir. Saç uclarını ayrıca sürtmək onsuz da daha quru və cansız olan bu hissəni zədələyə bilər.

Yuyulma tezliyi

Hər kəsin saç quruluşu və yağlanma müddəti fərqli olduğu üçün saçınızı nə qədər tez-tez yumağınızı ancaq siz bilə bilərsiniz. Hər gün yuyulma bəzi insanlar üçün normal sayılsa da, ideal tezlik həftədə 1 və ya 2 dəfədir.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et