Bu gün:

Mürəkkəb ləkəsini necə təmizləyək?


Gündəlik həyatda ən çox istifadə olunan əşyalardan biri qələmlərdir. Lakin bu qələmlərin mürəkkəbinin paltar, divan və xalça kimi yerlərə tökülməsi təmizləmə prosesini çətinləşdirə bilər. Qələmin mürəkkəbi ovma üsulu ilə təmizləndikdə asanlıqla yayıldığı üçün təmizlik addımlarına çox diqqət yetirmək lazımdır. Paltarda, divanda, xalçada, divarda və dəri məmulatlarında mürəkkəb ləkələrini təmizləmək üçün istifadə edə biləcəyiniz üsullar bunlardır:

Ləkəni çıxarmaq üçün tərkibində ağardıcı olmayan maye yuyucu vasitələrdən istifadə etməlisiniz. Maye yuyucu vasitəni bir stəkan su ilə qarışdırın. Bu qarışığı ağ parça və ya kağız dəsmalla isladın və parçanı ləkələnmiş yerə basdırın. Mürəkkəb ləkəsini sürtməklə çıxarmağa çalışmayın. Ləkələnmiş hissəni mavi sabunla ovuşduraraq silin. İkinci üsul olaraq, ləkələnmiş yeri limon odekolonu ilə, pambıq vasitəsi ilə silə bilərsiniz. Ləkələnmiş hissəyə vazelin sürtüb sonra asetonla ovuşduraraq ləkəni çıxara bilərsiniz.

Daha təbii üsul axtarırsınızsa, yarım stəkan süd və yarım stəkan sirkəni qarışdırın. Bu qarışığa təmiz bir parça batırın və ləkələnmiş hissəni yumşaq bir şəkildə silin.

Divandakı mürəkkəb ləkəsini necə təmizləmək olar?

Ağardıcısız yuyucu vasitə ilə suyu qarışdırın. Təmiz bir parça köməyi ilə əvvəlcə bu qarışığı ləkəli hissəyə tətbiq edin. Sonra xaricdən içəriyə doğru silin. Eyni əməliyyatları təkrarlayın. Ancaq oturacağı çox sürtməməyə diqqət edin.

Divardakı mürəkkəb ləkəsini necə təmizləmək olar?

Divarda su əsaslı boya və ya plastik boya varsa, ləkəni nəm salfetlə sürtmək kifayətdir. Digər divarlar üçün parçanı su ilə bir az nəmləndirin və üzərinə soda tökün. Ləkələri soda ilə silin. Divara zərər verməmək üçün nəm parça üzərinə qab sabunu tökərək də divarı silə bilərsiniz.


Xalçadakı mürəkkəb ləkəsini necə təmizləmək olar?

Ləkəni təmizləmək üçün odekolon və ya limon suyu istifadə edə bilərsiniz. Ləkələnmiş yerə odekolon tökdükdən sonra kağız dəsmalla basaraq ləkəni sıxın. Sonra xalçanı sabunlu su ilə silin və qurudun. Bundan əlavə, xalçanı qabyuyan maye ilə silmək də mümkündür. Lakin yuyucu vasitənin ağartma xüsusiyyəti xalçada rəng dəyişikliyinə səbəb ola bilər.

İkinci üsul, süd və nişastanı bir qabda məcuna bənzər bir konsistensiyaya çatana qədər qarışdırmaqdır. Qarışıq ləkənin üzərinə çəkilir və 1 saat saxlanılır. Sonra xalçanı sabunlu su ilə silə bilərsiniz. Quru və təmiz parça və ya dəsmal köməyi ilə xalçadakı nəmi çıxara bilərsiniz. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et