Bu gün:

Evdə, təbii şəkildə hazırlaya biləcəyiniz əl kremləri


Qışda əllərimizə ən az üzümüz qədər diqqət yetirməliyik. Əlləriniz üçün təbii kremlər hazırlayın. Əllərimiz daim hərəkətdədir. Yazırlar, çəkirlər, işləyirlər və həmişə nəyəsə toxunurlar. Əllər daim hərəkətdə və soyuq, istilik, su, mikroblar kimi xarici faktorlarla birbaşa təmasda olduqları üçün üzdən daha tez qocalır. Soyuq havada əllər qurumağa başlayır. Dəri qızarır, çatlayır və soyulur. Belə hallarda əllərə qulluq da lazımdır. Beləliklə, evdə əllərə necə qulluq etmək olar? Əllərə təbii qulluq vasitələrini necə hazırlamaq olar? Evdə manikür necə etmək olar? Evdə əllərə təbii qulluq üsulları bunlardır:

Əllərə necə qulluq etməli?

Əlləriniz daim mikroblarla dolu olduğu üçün onları tez-tez yumalısınız. Ancaq istifadə etdiyiniz sabunun dərinizə uyğun olması çox vacibdir. Soyuq havada əlləri şaxtadan qorumaq üçün əlcək geyinin. Soyuqdəymə varsa, əllərinizə bir neçə dəqiqə soyuq və isti vanna tətbiq etmək faydalıdır. Axşam yatmazdan əvvəl krem sürdüyünüz kimi masaj edərək əllərinizə zeytun yağı çəkin. Zeytun yağı təbiətin əllər üçün möcüzəvi hədiyyəsidir. Yumşaldır və qidalandırır. Əllərin və dırnaqların başqa bir dostu limon suyudur. Arada bir limon suyu ilə dırnaqlarınızı sürtmək faydalıdır. Əllərinizi üzünüz kimi nəmləndirici, qidalandırıcı və möhkəmləndirici təbii kremlərlə qoruyun. Gündəlik yeməklərinizə dərini və dırnaqları gücləndirən qidaları daxil edin. Hər gün qatıq yeyin. Qatıqda dırnaqların əmələ gəlməsi üçün lazım olan zülal var. Tərkibində dəmir, mis və sink olan qidaları qəbul edin. Kövrək dırnaqlara qarşı qoz və fıstıq yeyin. Hər ikisinin tərkibində dırnaqları sərtləşdirən biotin var.

Əllər üçün yumşaldıcı və qidalandırıcı təbii baxım kremləri

Xiyar tərkibli krem

Tərkibi: 5 xörək qaşığı xiyar suyu, 3 xörək qaşığı şirin badam yağı, 4 xörək qaşığı kakao yağı.

Hazırlanması: Tərkibi bir qaba götürüb qaymaq kimi bir qatılığa gələnə qədər qarışdırın. Dondurucuda 10 dəqiqə saxlayın və əllərinizə sürtün. 5 dəqiqə gözləyin və əllərinizi yuyun, qurudun.

Yulaf və bal tərkibli krem

Tərkibi: 5 xörək qaşığı yulaf unu, 1 yumurta sarısı, 2 xörək qaşığı bal.

Hazırlanması: Tərkibi bir qaba götürüb qaymaq kimi bir qatılığa gələnə qədər qarışdırın. Gündə iki dəfə, səhər, axşam yatmazdan əvvəl əllərinizə çəkin.

Ananaslı əl kremi

Tərkibi: Yarım çay qaşığı sirkə, 1 yumurta sarısı, 2 xörək qaşığı ananas suyu.

Hazırlanması: Bir qabda sirkə, yumurta sarısı və ananas suyunu qarışdırın. Dırnaqlarınızı orada isladın və 5 dəqiqə saxlayın. Sonra yuyun. 

Kakos yağlı krem

Tərkibi: 2 yumurta sarısı, 3 xörək qaşığı kakos yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı duz.

Hazırlanması: Bütün inqrediyentləri qarışdırıb dırnaq boyası kimi dırnaqlarınıza çəkin və 10 dəqiqə saxlayın. İlıq su ilə yuyun. 

Gil tərkibli əl kremi

Tərkibi: 1 çay qaşığı badam yağı, 2 yumurta sarısı, 1 çay qaşığı gil.

Hazırlanması: Bütün inqrediyentləri krem halına gələnə qədər çırpın. Dondurucuda 10 dəqiqə bir az sərtləşənə qədər saxlayın və əllərinizə çəkin. 10 dəqiqədən sonra əllərinizi yuyun.

Badam yağlı krem

Tərkibi: 1 çay qaşığı ağ arı mumu, 2 çay qaşığı şirin badam yağı, 120 q süzülmüş bal, bir neçə damcı efir yağı (bəyəndiyiniz hər hansı yağ olar bilər) 

Hazırlanması: Arı mumunu şüşə qaba qoyun və benmari üsulunda əridin. Badam yağı və balı əlavə edib krem halına gələnə qədər qarışdırın. Soyuduqdan sonra essensiyanı əlavə edib əllərinizə sürtün. 10 dəqiqə saxlayın və əllərinizi yuyun. 

Avokadolu krem

Tərkibi: 1 avokado, 1 yumurta sarısı, 1 xörək qaşığı limon suyu.

Hazırlanması: Avokadonun qabığını soyun və əzin. Yumurta sarısı və limon suyunu əlavə edib krem halına gələnə qədər qarışdırın. Əllərinizə çəkin və 10 dəqiqə gözləyin, sonra yuyun.

Əllər üçün təbii sauna

Tərkibi: 4 xörək qaşığı şirin badam yağı, 4 xörək qaşığı kakos yağı, 4 xörək qaşığı zeytun yağı.

Hazırlanması: Kakos yağını benmari üsulu ilə əridin və digər yağlarla qarışdırın. Axşam yatmazdan əvvəl əllərinizə bolca tətbiq edin, əllərinizi plastik folqa ilə bükün və əlcək taxın. Bu qarışığı böyük miqdarda hazırlayıb şüşə qaba töküb 3 ay istifadə edə bilərsiniz.

Evdə manikür necə etmək olar?

Baxımlı əllər üçün həftədə bir dəfə manikür edin. Dırnaq boyasını asetona batırılmış pambıqla dırnaqlarınızdan silin. Aseton qalıqlarını çıxarmaq üçün əllərinizi yuyun. 

Dırnaqların saralmasının qarşınısı almaq üçün üsul: 

Limonu yarıya bölün. Dırnaqlarınızı limona batırın və 5 dəqiqə saxlayın. İlıq su ilə yuyun. 

Kövrək dırnaqlar üçün üsul: 

Bir həftə dırnaq boyası çəkməyin. Dırnaqlarınızı gücləndirən təbii kremlər hazırlayın və tətbiq edin. İlıq su ilə yuyun, qurulayın. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et