Bu gün:

Dünyanın ən məşhur rəsm əsərləri


Sənət tarixində iz qoymuş bu 10 əsərdən neçəsini görmüsünüz?

Pikassonun imzası olan sülh simvolu "Gernika"dan, Yohannes Vermeerin" Mirvari sırğalı qız", Leonardo Da Vinçinin əsrarəngiz "Mona Liza" sına, Vinsent Van Qoqun "Ulduzlu gecə" sinə qədər ən məşhur əsərlər. 

"Mirvari sırğalı qız", Johannes Vermeer

Təxminən 1665-ci ildə hazırlanmış bu məşhur əsər Hollandiyadakı Mauritshuis qalereyasında nümayiş etdirilir. Bəzilərinə görə "Mirvari sırğalı qız" rəssam Vermeerin əsl qızı, bəzilərinə görə qohumu, bəzilərinə görə evdəki qulluqçusudur. Sonradan aparılan araşdırmalar nəticəsində Vermeerin qızının yaşı rəsmin çəkildiyi illə uyğun gəlmir.

"Guernica" Pablo Picasso

İspaniya Vətəndaş Müharibəsi zamanı nasist Almaniyasına məxsus 28 bombanın vurulduğu Guernica şəhərinin Pikassodakı əksini gördüyümüz gözəl bir əsərdir. Həmçinin bir nasist zabiti "Guernica"ya baxaraq Pikassoya "Bunu sən etmisən?" deyə soruşduqda məşhur rəssam “Yox, sən etdin” deyə cavab verib. 1937-ci ildə hazırlanmış bu əsər ABŞ-nin Nyu-York şəhərindəki Müasir İncəsənət muzeyində nümayiş etdirilir.

"Ulduzlu gecə", Vinsent Van Qoq

Van Qoq qardaşı Teo Van Qoqa yazdığı məktubda "Ulduzlu gecə" haqqında deyir: “Mən barmaqlıqlı pəncərəmdə buğda tarlası görürəm. Səhərlər günəşin doğuşunu bütün əzəməti ilə seyr edirəm”. Rəsmin 25 may 1889-cu ildə saat 04:40-da çəkildiyi məlumdur. Hazırda Müasir İncəsənət muzeyində sərgilənir.

"Öpüş" , Qustav Klimt

Qustav Klimt məşhur "Öpüş" əsərini 1908-ci ildə tamamladı. Klimtin xarakterik üslubunu əks etdirən “Öpüş” zaman və məkan xaricində öpüşən cütlüyün təsviridir. O, Avstriyanın Vyana şəhərindəki Belvedere qalereyasında nümayiş etdirilir və qalereyanın ən çox axtarılan əsəridir. “Öpüş” əsərində uçurumun yamacında dayanıb öpüşən cütlük rəsmin mərkəz nöqtəsi kimi təsvir edilmişdir.

"Qışqırıq", Edvard Munk

Təbiətin fəryadı kimi də tanınan "Qışqırıq" norveçli rəssam Edvard Munkun çəkdiyi dörd fəryad tablosundan biridir. Onun 1893-cü ildə çəkdiyi yağlı boya tablosunun ilk variantı Oslodakı Milli Qalereyadadır. Eyni tarixə aid pastel variantı və 1910-cu ilə aid digər yağlı boya variantı da Oslodakı Munch Muzeyində sərgilənir. Məlum olduğu kimi, rəsm Ues Kreyvenin qorxu klassiki "Scream" filminə də ilham verib.

"Mona Liza" , Leonardo Da Vinçi

Dünyanın ən mühüm sənət əsəri kimi tanınan "Mona Liza" dəfələrlə oğurlanmasına baxmayaraq, hazırda Parisdəki Luvr muzeyində gülləkeçirməz şüşə arxasında nümayiş etdirilir. XVI əsrdə çəkilmiş yağlı boya portreti olan Mona Liza İntibah dövrünün ən mühüm rəssamlarından biri olan Leonardo Da Vinçinin əsəridir və onun sirri və sirləri haqqında əsrlərdən artıqdır danışılır. Hələ dəqiq bilinməsə də, Leonardo Da Vinçinin rəsmdə Florensiyalı tacir Françesko del Cokondonun həyat yoldaşını təsvir etdiyi deyilir.

"Son şam yeməyi" , Leonardo da Vinci

Leonardo Da Vinçinin bu əsərindəki an, "Son şam yeməyi" dörd İncilin hamısında görünür. İsanın bir həvari tərəfindən xəyanət edildiyi gündən əvvəlki axşam yeməyində Hz. İsa izah edir ki, xəyanətdən xəbəri var. Şəkildəki həvarilərin çaşqınlığı və qorxusu da bu izahatdan qaynaqlanır. "Son şam yeməyi" heç bir muzeydə nümayiş etdirilmir. İtaliyanın Milan şəhərindəki bir monastırdan bir rəsm əsərini ölçülərinə görə başqa yerə köçürmək demək olar ki, mümkün deyil. Da Vinçi bu rəsm əsərini 1495-ci ildə Santa Maria delle Grazie monastırının yemək zalının divarına çəkib.

"Veneranın doğulması", Sandro Botticelli

Dəniz qabığından doğan Veneranın təsir edici gözəlliyi hər zaman göz önündədir. Əsərlərindəki zəngin detallarla diqqət çəkən Botticellinin 1484-cü ildə yazdığı "Veneranın doğulması" əsəridir. Əsər demək olar ki, rəssamın gözəlliyə olan həvəsinin kətan üzərinə tökülməsinə bənzəyir. Veneranın doğulması Florensiyanın Uffizi qalereyasında nümayiş etdirilir.

Mikelancelo Buonarroti tərəfindən "Adəmin yaradılması"

Heykəl və rəsmlərində ideal insan təsvirləri ilə tanınan Mikelancelo Buonarroti İntibah dövrünün ən mühüm rəssamlarından biridir. "Adəmin yaradılması" Allahın Adəmə həyat üfürməsinin xristian səhnəsini təsvir edir. Bu mühüm əsərdə Allahın Adəmi öz surətində yaratdığına da istinad edilir. İtalyan rəssamı Mikelancelo Buonarrotinin 1508-1512-ci illərdə çəkdiyi rəsm Sikstin kapellasının tavanını bəzəməkdə davam edir.

"Yaddaşın davamlılığı" , Salvador Dali

"Yaddaşın davamlılığı" 1931-ci ildə Salvador Dalinin yaratdığı rəsm əsəridir. Salvador Dalinin ən məşhur rəsmlərindən biri olan bu əsər həm də "Yumşaq saatlar" və ya "Ərimə saatları" adlanır. 1932-ci ildə Nyu - Yorkdakı rəsm ilk dəfə bu şəhərdə sərgilənəndə Salvador Dali tablonu 250 dollara satıb.

Mənbə: Brand life mag

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et