Bu gün:

Alimlər şəkərli içkilərlə bağlı xəbərdarlıq edir


Yeni bir araşdırmaya görə gündə yalnız bir dəfə şəkərli içki qəbul etmək belə keçəlləşmə riskini artırır.

Çinin Tsinghua Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 18-45 yaş arası mindən çox kişinin məlumatları təhlil edildi. Nəticələr göstərdi ki, kola kimi şəkərli içkilər keçəlləşmə riskini təxminən 60 faiz artırır.

Bu içkilərdən nadir hallarda istifadə edənlərdə saç tökülməsinin çox az olduğu müşahidə olunur. Tədqiqat aparan mütəxəssislər şirin qəhvə, çay və idman içkilərinin oxşar nəticələr verdiyini, lakin soda içməyin keçəlləşməyə səbəb olmadığını bildirdilər.

Tədqiqatçılar həddindən artıq şəkərin insulin müqavimətinə səbəb olduğunu və qan axınına təsir etdiyini, beləliklə də saç köklərini zəiflətdiyini bildiririlər. Həmçinin qeyd olunub ki, şəkərli və qızardılmış qidalar keçəlləşmə ehtimalını artırır.

“Nutrients” elmi jurnalında dərc edilən araşdırmaya görə son illərdə ABŞ kişiləri arasında geniş yayılan keçəlləşməyə düzgün qidalanmamaq və çox şəkərli içkilər qəbul etmək səbəb olur. Digər tərəfdən, mütəxəssislər keçəlləşməyin həyat tərzi ilə yanaşı, genetik faktorlardan da qaynaqlandığını vurğulayırlar.

Mənbə : Sözcü

Tərcümə : Samirə İsmayılova


Paylaş