Bu gün:

Uşaqlarımızı kitab oxumağa necə həvəsləndirə bilərik?


Məqsədimiz "Uşağımızı kitab oxumağa necə həvəsləndirə bilərik?" Bilirik ki, bir çoxunuz bu məsələdə çətinlik çəkirsiniz, xüsusən də ibtidai sinifdə oxuyan uşağınız varsa.

1. Övladımıza nümunə olmaq, yəni özümüz kitab oxumaq;

Uşağımız bizim kitab oxuduğumuzu və həzz aldığımızı nə qədər çox görsə, bir o qədər həvəslənəcək.

2. Gözlərinin hər zaman görə biləcəyi müxtəlif məkanlarda həmişə bir və ya iki kitab olsun.

Məsələn, ayaqyolu və avtomobil kimi yerlərdə. Bunu yazmaqda utanılası bir şey görmürük. Bu, son dərəcə xoş vərdişdir və uşaqlara da böyük fayda verə bilər. 

3. Birlikdə oxumaq;

Bu, inanılmaz dərəcədə təsirli bir taktikadır, çünki uşağın valideynlərindən ən çox istədiyi və ehtiyac duyduğu şey onlarla vaxt keçirməkdir. Xüsusilə, körpələr və kiçik yaşlı uşaqlar üçün yatmazdan əvvəl valideynləri ilə birlikdə kitab oxumaq bəlkə də günün ən yaxşı vaxtıdır. Buna görə də kiçik yaşlarından oxumağı sevdikləri insanlarla birlikdə etdikləri sevimli məşğuliyyət kimi əzbərləməyə başlayır və kitaba qarşı müsbət hisslər yaşamağa başlayırlar.

4. Texnologiyanın kitabı əvəz etməsinə imkan verməmək;

Məncə, bu, ən kritik üsuldur. Etiraf edək ki, əksər uşaqlar kitab oxumağı nə qədər sevsələr də onlara televizor, ipad, kompüter və telefon oyunları kimi alternativlər təqdim olunduqda kitab əvəzinə bunlara üstünlük verəcəklər. Niyə? Çünki oyunlar və televiziya proqramları beynin iş mexanizmini manipulyasiya edərək asılılıq yaratmaq üçün nəzərdə tutulub. Uşaqlar özlərini idarə edə bilmirlər. Ona görə də bu vasitələr valideyn olaraq bizim nəzarətimizdə olmalı və şüurlu şəkildə istifadə edilməlidir. İstədiyini əldə etməyəndə reaksiya vermək uşağın ən təbii haqqıdır, buna hörmət edilməlidir. Amma övladımız üçün inandığımızı etmək bizim ən təbii haqqımız, hətta borcumuzdur. Biz demirik ki, onlar heç vaxt texnologiyadan istifadə etməsinlər. Bunun əlbəttə ki, faydalı tərəfləri var, biz də bəzi qaydalar çərçivəsində istifadə edirik. Amma məhdud və diqqətli şəkildə istifadə olunmalıdır. Axşam yatmazdan əvvəl texnologiya yerinə uşaqlarımızın kitab oxumasını təmin etməliyik. Təyyarədə, avtobusda, maşında darıxırlarsa, deyin kitab oxusunlar. İnanın ki, ilk “Ana, darıxdım” ifadəsi ilə birlikdə texnologiyanı avtomatik verən kimi kitabların şansı qalmır.

5. Oxumağı əyləncəli etmək

Xüsusilə, kiçik yaşlı uşaqlarda biz onlara əyləncəli səslər, vurğu və enerji ilə kitab oxuduğumuz zaman kitab uşağı daha da cəlb etməyə başlayır və ya, ailə daxilində, bəlkə də popkornla müşayiət olunan xüsusi oxu saatları təşkil edilə bilər. Uşaq oxumağı bir öhdəlik və ya məktəb tapşırığı, xüsusən də cəza olaraq gördükcə, kitablar onun ürəyinə daxil ola bilmir. Amma oxumağı sevən uşaqdan kitab ala bilməzsən.

6. Birlikdə kitab mağazalarına getmək və öz kitablarını seçmək

Bu, bəlkə də əksər anaların bildiyi və tətbiq etdiyi taktikadır və bəli, bu, uşağa kitabı sevməyə kömək edir. Əvvəla, uşaq kitab mağazalarında istədiyi qədər kitaba maraq göstərsin. Yenə də çox istifadə olunan texnologiya işə düşən kimi kitablar rəflərdə olur, buna diqqət etmək lazımdır. İkincisi, uşaqların öz təşəbbüsü ilə seçdikləri kitablar, xüsusən də, yaşı artdıqca həmişə eyni üslubda və ya məşhur personajlar olan kitablar ola bilər ki, bu da birtərəfli inkişafa səbəb olur. Ona görə də məsləhətimiz odur ki, siz də uşağınızın yaşına uyğun olan, lakin onun normalda oxumadığı müxtəlif mövzulu və müəlliflərin kitablarını alıb öz kitabxanasına, ayaqyoluna, maşına və s. qoyun, üstüörtülü şəkildə təşviq etməyə davam edin. Yaxud kitab mağazasına gedəndə “Winx” kitabı almaq istəyirsə, bəlkə araşdırıb "Winx" kitabını seçə bilər, amma fərqli və məşhur personajlardan olmayan başqa bir kitab seçsin. Beləliklə, onun baxış bucağını bir çox cəhətdən inkişaf etdirmək şansı olacaq.

Körpəli analar üçün kiçik bir qeyd:

Uşaqlar kitablarla nə qədər tez məşğul olmağa başlasalar, bir o qədər asan və təbii şəkildə kitab sevgisi və vərdişləri yaranarsa, onlara oxumağı sevdirmək üçün çox iş görməyə ehtiyac qalmayacaq. Əla fürsətiniz var, qaçırmayın. 

Nəticə:

Əslində uşaqlar təbii olaraq maraq və öyrənməyə açıqdırlar. Ətrafda çoxlu kitablar, kitab oxuyan və sevən insanlar olanda və onların oxuma marağını sarsıdacaq heç bir texnologiya olmayanda onların oxumaq həvəsi daha da artır. Dil inkişafını ən çox yaxşılaşdıran fəaliyyətlər oxumaq, dinləmək və danışmaqdır. Başqa sözlə, oxuyan, sosiallaşan, ətrafı ilə ünsiyyət quran uşaqda özünü anlamaq və ifadə etmək bacarığı inkişaf edir. Özünü daha asan ifadə edə bilən uşaq davranışlarında daha xoşbəxt, daha dinc və daha ahəngdar bir uşaq olur. Daha az münaqişə olur. Bu da işinizi asanlaşdırır.

Mənbə: Çiçek ailem 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et