
Hər qırmızı meyvə kimi qırmızı gavalı da vitamin və minerallar baxımından çox zəngindir.
Gavalılar əslində ərik, şaftalı və nektarin ilə eyni ailədəndir, lakin oxşarlıqlar burada bitir. Gavalı ailə ağacındakı digər meyvələrdən daha çox çeşid təklif edir. Gavalı həm ölçüyə, həm də rəngə görə dəyişir. O bənövşəyi, sarı, narıncı və qırmızı ola bilər. Bu ailədən olan qırmızı gavalının 5 faydasını təqdim edirik:
1. Yaşlanma əleyhinə təsir göstərir
Tərkibindəki fitoflavonoidlər sayəsində birləşdirici toxumanın bərpasını sürətləndirməyə kömək edir. Tərkibindəki antioksidant komponentlərə görə erkən qocalmanın qarşısını alır. Tərkibində C və E Vitaminləri, həmçinin bədən hüceyrələrimizi oksidləşdirici zədələrdən qoruyan beta-karotin var. Bu şəkildə gavalı yaşlanma əlamətlərini aradan qaldırmağa çalışır.
2. Dəmirin udulmasını sürətləndirməyə kömək edir
Gavalıların müntəzəm istifadəsi dəmirin digər qidalardan asanlıqla sorulmasına kömək edir. Dəmirin mənimsənilməsi üçün bir ay ərzində əsas yeməkdən əvvəl gündə ən azı 300 q gavalı yemək tövsiyə olunur. Ancaq yenə də həkiminizlə məsləhətləşməlisiniz. Qırmızı qan hüceyrələrinin ehtiyac duyduğu dəmir qırmızı gavalı ilə artırılmağa çalışıla bilər.
3. Qəbizlik və həzm üçün faydalıdır
Qırmızı gavalı qəbizlik üçün məşhur vasitədir. O liflə zəngindir, nəcisin yığılmasına və keçməsinə kömək edir. Gavalılar ümumiyyətlə sorbitol ehtiva edir, bir növ şəkər spirti, laksatif kimi fəaliyyət göstərir. Buna görə də, gavalının ən yaxşı faydası bağırsaq tənzimləməsini dəstəkləmək və qan şəkərini sabit saxlamaqdır. Gavalı şişkinlik probleminin qarşısını almağa da kömək edir.
4. Tox saxlayır
Kiçik bir 30 kalorili gavalı yalnız əla qəlyanaltı deyil, həm də şirin yemək istəyinizi təmin edir. Bunu nəzərə alaraq, gavalı pəhriz saxlayanlar və ya kalori qəbulunu azaltmaq istəyənlər üçün ideal meyvə seçimidir.
5. Antioksidant ehtiva edir
Qırmızı gavalı iltihabı azaltmağa və hüceyrələrinizi sərbəst radikalların zərərindən qorumağa kömək edən antioksidantlarla zəngindir. Gavalının tərkibində yüksək polifenol antioksidantları var. O sümük sağlamlığına, ürək xəstəliyi və diabet riskini azaltmağa kömək edir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
