Bu gün:

İsti yay günlərində qışı xatırladan əsərlər


İsti yay günlərində qışı xatırladan kitablar:

Əsərin adı: "Yağış adam" 

Müəllif: Leonore Fleyşer 

Səhifə sayı: 288

 Leonore Fleyşer ədəbiyyata jurnalistikadan gəlmişdir. Onun əsərləri həyatın mühüm xırdalıqlarının, insan psixologiyasının mürəkkəb detallarının sadə təsviri ilə yadda qalır. Fleyşer ömrünün böyük hissəsini Nyu York ştatının Kolumbiya diyarında, “yuxulu” Stuyvesant şəhərciyində keçirib. Amerikanın bəzi yazıçıları, rejissorları, kinoprodüserləri və naşirləri hesab edirlər ki, bu diyarı məhz o “yuxu”dan oyadaraq ölkənin mədəni mərkəzlərindən birinə çevirib: “Kolumbiyanın piar meneceri” titulu olsaydı, bu ada, sözsüz, Leonore Fleyşer layiq görülərdi.“Washington Post”, “New York magazine”, “Publishers Weekly” üçün yüzlərlə məqalədən savayı, Fleyşer onlarla bədii əsərin müəllifidir. Amma o daha çox Hollivud incilərinin romanlaşdırılması ilə məşhurlaşıb. Bu bestsellerlərin içərisində “Yağış adam” (1989) aparıcı yer tutur. 

“Yağış adam” həm də dünya kino sənətinin nadir nümunəsidir. Film ilk gündən o dərəcədə məşhurlaşıb ki, cəmi iki həftəyə öz büdcəsindən ($25 milyon) təxminən iki dəfə artıq gəlir gətirib, səkkiz nominasiya üzrə “Oskar” mükafatına təqdim edilib, bunlardan dördünü qazanıb və “İlin ən yaxşı filmi” elan edilib.

Əsərin adı: "Qar" 

Müəllif: Orxan Pamuk 

Səhifə sayı: 528

Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəl­diyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü il­də ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında yer almışdı.

On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Tür­kiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedir. Ağır, həzin yağan qarın al­tında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə ya­xın­dan tanış olur. Qarsda ağzına qədər işsizlərlə dolu çay­xa­na­lar, qastrola gələn səyyah teatr qrupu, intihar edən, hi­cab müqaviməti göstərən qızlar, müxtəlif siyasi qruplar, şa­­­yiələr, “Qarpalas” otelinin sahibkarı Turqut bəylə qızları İpəklə Qədifə və eyni zamanda Ka üçün bir sevgi, xoş­bəxtlik ümidi var.

Əsərin adı: "Qar adamı" 

Müəllif: Jo Nesbo 

Səhifə sayı: 652 

Janrı: Detektiv 

Həqiqətən, ilk qarın öz füsunkarlığı var. O, sevgililəri görüşdürür, səsləri batırır, kölgələri uzadır, izləri gizlədir. Harri Hole itkin düşmüş Birta Bekkeri axtara-axtara belə bir nəticəyə gəlir ki, ilk qar yağan günü Norveçdə neçə illərdir ərli qadınlar izsiz itirlər. İlk dəfədir Harri silsilə qətllər törədən qatillə öz vətənində üzləşir. Qəzetlərin "Qar adam" ləqəbi verdikləri cinayətkar sanki baş inspektora bilərəkdən sataşır, onu dəli olmaq dərəcəsinə gətirib çıxarır...

Əsərin adı: "Böyürtkənli qış" 

Müəllif: Sarah Jio 

Səhifə sayı: 328

Roman elə ilk sətirlərdən oxucunu özünə cəlb edir. 1933-cü ilin may ayında Sietldə oğlunu tək böyüdən ana yatmamışdan əvvəl onu öpür və gecə növbəsinə işə gedir. Səhər isə şəhərə qar yağır, Vera işdən çıxıb evə gəlir və oğlunun yoxa çıxdığını görür. Aradan az qala 80 il keçəndən sonra yenidən may ayında Sietlə qar yağır və redaksiyadan qar tufanı haqda yazmaq tapşırığı alan Kler Oldricin apardığı təhqiqatlar tükürpədən, dəhşətli hadisələrə işıq salır.

Əsərin adı: "Qar əyləncəsi" 

Müəllif: Mişel Yakubovski 

Səhifə sayı: 32

Bu mövsüm ilk dəfə idi ki, qar yağmışdı. Hamı həyəcanlı idi. Hər kəs çöldə oynayırdı. Bəli, hər kəs, bircə Sevincdən başqa. O, buxarının qarşısında oturub yaxşı bir kitab oxumaq və televizora baxmaqdan başqa heç nə etmək istəmirdi. Amma anası onun planlarını dəyişdi. Görəsən, Sevincin bu günü qarda əyləncə ilə bitəcək, yoxsa uğursuzluqla?

Hazırladı: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et