Bu gün:

"Körpəlikdən böyüdülmə tərzinin uşaq psixologiyasına böyük təsiri var" - Əhməd Qəşəmoğlu ilə Müsahibə


Cəmiyyətdə gender əsaslı stereotiplər mövcuddur. Məsələn qız uşaqlarına çəhrayı, bənövşəyi, qırmızı tonlarında, oğlanlara isə yaşıl, mavi, qara tonlarında əşyalar alınması, ya da oğlanlara "aslanım, canavar" qızlara "çiçəyim, şəkərim" deyilməsi kimi.


24Media.az - ın bu dəfə sosioloq Əhməd Qəşəmoğlu ilə stereotiplərdən və onların azyaşlıların inkişafında, ailədə və cəmiyyətdə təsirindən bəhs edib.

Rənglərin, ifadələrin, ümumiyyətlə, bu stereotiplərin yaranmasına, formalaşmasına səbəb nədir?

“Hər bir insanın davranışının, streotipinin, işlətdiyi ifadələrin formalaşmasında özünün psixoloji xüsusiyyətləri ilə bərabər, həmçinin aldığı informasiyaların məzmunu və intensivliyi, üstünlük verdiyi dəyərlər də mühüm rol oynayır. Bunların qarşılıqlı əlaqəsi nəticəsində insanın davranışı, stereotipləri formalaşır”.

Cəmiyyət tərəfindən uşaqlara aşılanmış bu düşüncə tərzinin onların psixologiyasına təsiri nədən ibarətdir?

“Körpə vaxtından böyüdülmə tərzinin uşaq psixologiyasına böyük təsiri var. Məsələn meyxana ilə böyümüş uşağın düşüncə tərzi klassik musiqi dinləyərək böyüyən uşağın düşüncə tərzindən kəskin fərqlənir. Yaxud təmizkarlığa, dürüstlüyə, çalışqanlığa və s. keyfiyyətlərə uşaq beşikdən başlayaraq 4-5 yaşına qədər öyrəşir. Uşaq gözünü açıb evdə, ətrafında nə görürsə, nə eşidirsə, onların təsiri altında formalaşır. Hər bir uşağın şəxsiyyətinin formalaşmasında əsasən 3 amil mühüm rol oynayır: 1) nəsil-nəcabəti, genləri; 2) ana bətnində olduğu dövrdə ananın keçirdiyi həyat tərzi, ona diqqəti və 3) 6 yaşına qədər formalaşdığı dövr”.

Oyuncaq seçərkən də valideynlər uşaqlarının cinsinə əsasən oyuncaq alırlar. Bunu aradan qaldırmaq, buxovları qırmaq üçün nə etmək lazımdır?

“Əslində, bu, tam olaraq stereotip deyil. Çünki qadınlara və kişilərə aid müxtəlif xüsusiyyətlər vardır. Ona görə də qeyri-adi bir fərq qoymadan, hər bir uşağa oyuncaq aldıqda onun cinsi xüsusiyyətlərinin də nəzərə alınması düzgün haldır. Bu, ona öz cinsinə uyğun xüsusiyyətlərə daha yaxşı yiyələnməyə kömək edir. Amma dediyim kimi, cinsə görə hansısa oyuncağa qadağa qoymaq düzgün deyil. Burada söhbət buxovları qırmaqdan yox, düzgün seçim etməkdən gedə bilər”.

Azyaşlılardan danışdıq. Bəs məktəb vaxtı bu stereotiplərdən qurtulmaq üçün nə edilməli, hansı addımlar atılmalıdır?

“Uşaqlarla sərt rəftar edilməməlidir. Bu, olduqca ziyanlıdır. Bunun nəticəsi həm həmin şəxs, həm də cəmiyyət üçün mənfi olur. Uşağın potensialını oyatmağa, onun özünün arzu etdiyimiz davranışa həvəs göstərməsinə çalışmaq lazımdır. Daha çox yumşaq metodlara, həvəsləndirmələrə, tənqidi müzakirələrə və s. diqqət vermək lazımdır. Psixoloqlarla, təcrübəli pedaqoqlar məsləhətləşmək lazımdır. Hər bir uşaq fərqlidir. Uşaqların maraq dairələri, bacarıqları ortaya çıxarılmalı, arzu olunan fəaliyyətə cəlb edilməlidirlər. Hər bir uşaq “kəşf edilməlidir”.

Valideynlər uşaqlara müraciət edərkən hansı ifadələrdən istifadə etsələr, həmin ifadələrin uşaqlar üzərində təsiri daha müsbət olar?

“Uşaqlar sadə, mehriban üsulla başa salınmalıdır. Məsələn "Əlaçı olmadığın üçün utanmırsan?" deyib uşağa mənfi enerji ötürmək yerinə ona bunu bacaracağına və ona inandığımızı bəlli edəcək ifadələrdən istifadə olunmalıdır”.

Bu stereotiplər özünü iş seçimi zamanı da göstərir. Məsələn "qadınlar müəllim olmalıdır!", yaxud "oğlandırsa, idmançı ya da polis olsun!" düşüncəsi var. Hətta bunun nəticəsidir ki, qadınların polis peşəsinə yiyələnmə prosesi çətinləşir. Bunu aradan qaldırmaq üçün hansı növ təbliğatlar aparıla, nə edilə bilər?

“Uşaqları məktəb dövründən peşələrlə tanış etmək lazımdır ki, özünü tanısın və uyğun işə sahib olsun. Bunun üçün müxtəlif videoçarxlar göstərmək, bu barədə fikir mübadiləsi etmək olar. Qadınların arasında da polis olmaq üçün lazım olan xüsusiyyətlərə sahib olanlar olur və həmçinin bu sahədə onlara ehtiyac var. Çalışmaq lazımdır ki, məktəblərdə müxtəlif peşə sahələrinin nümunəvi nümayəndələri ilə tez-tez görüşlər keçirilsin. Təəssüf ki, buna indi ancaq mane olurlar”.

İş yerlərində də, əsasən, buna görə insanlar tənqid edilir. İş yerində hansı cinsin təmsilçiliyi zəifdirsə, onlar üçün bir qədər çətinlik yaranır. Bunun haqqında düşüncələriniz nədən ibarətdir?

“Azərbaycanda gender təbliğatının düzgün aparılmamasını tənqid edirəm. Əslində, gender bərabərliyi yox, gender münasibətləri deyilməlidir. Bu sahədə maarifləndirməyə böyük ehtiyac var. Cinsindən asılı olmayaraq öncə kollektivdə ahəngdar münasibət yaradılmalıdır, çünki həm qadınların, həm də kişilərin öhdəlikləri var”.

Azərbaycan və dünya ölkələrinin stereotiplərinə baxsaq, nə kimi oxşarlıq və fərqlər olduğunu görərik?

“Günəş enerjisi çox olan yerlərdə insanlarda enerji, çılğınlıq, emosionallıq daha yüksək olur. Avropalılarda isə bunlar daha az müşahidə edilir. Xalqın genetik bağlılığı, mühit, aldığı informasiyaıar, üstünlük verdiyi təsirlər vacib amillərdəndir”.

Ətrafınızda bu stereotipləri sizdə tətbiq etmək istəyənlər olubmu? Olubsa, həmin insanlara qarşı reaksiyanız necə olub?

“Mən şeir yazarkən müəllimlər riyaziyyatı yaxşı bildiyim üçün şeir yazmağıma mane olmağa çalışırdılar. Sonra cəmiyyətin problemləri, cəmiyyət və xalqın həyatı ilə bağlı yazan şairləri oxuduqca sosiologiya elminə marağım çoxaldı. Həmin insanlara gəldikdə isə, doğrusu onlara qarşı pis münasibət bəsləmirəm. Çünki onlar da əvvəldən bu cür formalaşıblar”.

Stereotiplərlə üzləşən insanlar hansı addımı atmalı və necə reaksiya verməlidirlər? Məsləhətiniz nə olardı?

“Bu halı yaşayan insanlara ahəng yolunu öyrədərdim. Çalışardım ki, o insanları da birgə yaşayış zamanı yerinə yetirilməli olduqları normalar haqqında məlumatlandırım”.


Aydan Qasımova

Paylaş
Şərh əlavə et