Bu gün:

MÜSAHİBƏ "Nə qədər ki, gəncəm, ağlıma gələni edəcəyəm" - Döymə ustası ilə MÜSAHİBƏ


"Nə qədər ki, gəncəm..." rubrikasını davam etdirir. Rubrikanın budəfəki qonağı "Tattooral" brendi ilə tanınan döymə ustası Tural Əhmədovdur.


Özünüz haqqında oxucularımıza məlumat verərdiniz...

- 22 yaşım var, 2016-cı ilə qədər sadəcə həvəskar şəkildə tatu sənəti ilə məşğul olurdum. 2016-cı ildə isə "Tattooral" brendini yaratdım və peşəkar şəkildə fəaliyyət göstərməyə başladım. 

Son illər insanların daha çox maraq göstərdiyi tatunun tarixi barədə nə deyə bilərsiniz?

- Bu, dərinin altına təmas olunaraq edilən sənət növüdür. Tatuetmə ənənəsi xeyli qədimdir. Qədim Misirdə, Qalliyalılarda, Britonlarda, Traklarda döymənin mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada tatu barbarlara məxsus məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcburi sayılırdı. Həmin dövrdə xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürürdülər. 

"Tattoo" sözü Tahiti dilindəki "tautau" sözündən gəlir. Bu, 20-ci əsrin əvvəllərindən sonra, xüsusilə də, dənizçilər arasında məşhurluq qazandı. Hazırda bundan romantik duyğuları, vətənpərvərliyi və ya dindarlığı ifadə etmək məqsədi ilə geniş şəkildə istifadə edilir.

 Məhz bu sənəti seçməyiniz maraqlıdır... 

- Uşaqlıqdan rəsm çəkməyi çox sevirəm. Həmin illərdə hisslərimi ifadə etmək üçün ən yaxşı yol bu idi. Amma rəsmləri sadəcə kağız üzərində çəkmirdim, meyvə və tərəvəzlərin üzərində də çəkirdim. Rəngli yapışqan kağızların üzərinə müxtəlif təsvirlər çəkib ətrafımdakı insanların qoluna yapışdırırdım. Kiçik bacımın, qohumlarımın uşaqlarının qoluna qələmlə şəkillər çəkməkdən zövq alırdım. Hətta 12 yaşımda bu hərəkətlərimə görə döyülmüşdüm. Amma yaş artıqca bu sahəyə marağım daha da artırdı. 16-17 yaşlarımda tatu barəsində çoxlu məlumatlar öyrənmişdim. Zaman keçdikcə nəzəri cəhətdən topladığım bilikləri təcrübədən keçirməyə başladım. Başlanğıcda süni dəri üzərində məşq edirdim, indi  isə müxtəlif görünüşdə döymələr edə bilirəm.  Artıq 5 ilə yaxındır ki, bu sahədəyəm və hər dəfə yeni tatu edəndə nələrsə öyrənirəm. 

Ailənizin seçiminizə münasibəti necə oldu?

-  Anam seçimlərimə həmişə dəstək olsa da, atam qərarlarımla gec razılaşan biridir. Bu mövzuda da dəfələrlə mübahisələrimiz olub. Hətta vəziyyət o yerə çatıb ki, evdən də getmişəm. Lakin bu kimi hallar məni fikrimdən döndərəcək qədər güclü  olmayıb. Fikrimcə, insan fərd olaraq dünyaya gəlir və seçimlərində sərbəstdir. Məqsədlərini reallaşdırmaq da hər bir kəsin öz əlindədir. Ailə üzvlərimizin düşüncə tərzləri müxtəlif olsa da, insan çox istədiyi şeyi reallaşdırmağa çalışır.  Odur ki, mən də bütüb bu yaşadıqlarıma maneə kimi baxmırdım, hər işə başlayanda çətinliklər olur. Atam da zamanla mənim bu fikirdə qəti olduğumu anladı. Deyə bilmərəm ki,  tam razıdır,  ancaq bunu  problem etmir. Bəlkə də,  istəyimin keçici olmadığını və bu işin məndə yaxşı alındığını görür.

Düşünürəm ki, insan istəklərindən hansısa səbəbə görə imtina edirsə, deməli, həmin şeyi ürəkdən istəmir. Ona görə də, əvvəlcə nə istədiyimizə qərar verməliyik. Daha sonra bu ailəmizi və ətrafımızdakıları seçimimizdə qərarlı olduğumuza inandırmalıyıq. 

İlk dəfə peşəkar şəkildə etdiyiniz tatunu xatırlayırsınızmı?

 -Bu, ilk etdiyim tatudur. 2016-cı ildə  bu sahədə çalışmağımdan həmişə narazı olan atamın qoluna etmişəm. Bunu atamın diqqətini çəkmək, bu sənətə olan maraq və həvəsimi daha yaxşı göstərmək üçün etdim. başlanğıcda razı olmasa da, şirin dil ilanı da yuvasından çıxarar deyiblər, razı saldım və qoluna balıq tatusunu işlədim. Balıq bürcüdür və ona görə də bunu uyğun gördüm.

Paylaş
Şərh əlavə et