Bu gün:

"Hər hansı ölkəyə gedəndə təkcə paytaxtını gəzməyi sevmirəm"


24Media.az-ın budəfəki qonağı "Səyahətçi" bloqunun yaradıcısı, jurnalist Gülər Mehdizadədir. O, səyyahlığı, getdiyi yerləri və təcrübələri ilə bağlı suallarımızı cavablandırıb.

İlk olaraq, müsahibimiz səyyahlığın onun həyatında necə başladığından danışıb:

"Əslində, bu, uzun müddət düşünüb qərar verəcəyin hər hansı bir peşə deyil. Uşaq vaxtı da mən ailəmlə daha çox qonşu ölkələrə və Azərbaycanın müxtəlif bölgələrinə səyahət edirdim". 

Gülər Mehdizadə qeyd edir ki, o, ilk dəfə 20 yaşında işi ilə bağlı Gürcüstana, oradan da Fransaya təlimə gedib:

"İlk dəfə idi ki, Avropaya gedirdim. Düzdür, gəzmək üçün vaxtım az olsa da, çox xoşuma gəlmişdi. Səliqəli şəhər, velosiped yolları, nəzakətli, gülümsəyən insanlar…"

"Sonra qərara gəldim ki, iş, təhsil üçün yox, bu yerlərə gəzməyə, görməyə, kəşf etməyə getmək lazımdır". 

Səyyah bir müddət sonra daimi işinin bu olduğunu və hər tətil və ya məzuniyyətində bir ya bir-iki ölkə planlaşdırıb gəzməyə başladığını vurğulayıb:

"Mən hər hansı ölkəyə gedəndə təkcə paytaxtını gəzməyi sevmirəm", - deyən müsahibimiz daha çox turistik olmayan, yerli insanların gedib istirahət edib vaxt keçirdiyi yerləri gəzməyi üstün tutduğunu deyir.

"Hər ölkədə azı 3-4 şəhərə gedirdim, çalışırdım turistik yerlərdə yox, yerli insanların getdiyi, vaxt keçirdiyi məkanlarda istirahət edim. Bu həmin ölkələrin insanlarını, mədəniyyətini, mətbəxini öyrənməyə imkan yaradırdı. Yəni səyahət etmək deyərdim, bir vərdişdir. Bir dəfə dadını bildinmi, bir də heç vaxt əl çəkə bilmirsən". 

Daha sonra Gülər Mehdizadə səyyah olmaq istədikdə ailəsindən necə münasibət gördüyü barədə danışıb. O bildirib ki, bu seçimi hansısa bir qərarı əsasında olmayıb və bunu təbii hal olaraq qəbul edib. Məhz bu səbəbdən ailəsinə heç bir şey bildirməyib: 

"Azad insan olduğum üçün, ümumiyyətlə, bir yerə gedəndə yaxud hansısa işi görəndə kimlərdənsə icazə almıram".

Müsahibimiz ilk səyahətinə və ümumi səyahətlərinə nə qədər maliyyə qoyduğundan da bəhs edib. Bildirib ki, ilk səyahətinin xərclərini xatırlamır. Lakin Balka adalarının 35 günlük turunda iki nəfərə 1350 avro, yəni Azərbaycan manatı ilə 251.958 manat pul xərclədiyini bildirib:

"Təxmini 35 gün vaxta həmin 5 ölkədə 20-dək şəhər, qəsəbə gəzmişdik, bəlkə də, daha çox. İki nəfərə 1350 avro xərcləmişdik. Amma bu, pandemiyadan öncəki il idi və onda COVİD, müharibə, iqtisadi böhran başlamamışdı, dünya daha ucuz və gözəl yer idi". 

"İndiyədək 35 ölkədə, 100-dən çox şəhərdə, kənddə, qəsəbədə olmuşam. Bəzən bir ölkəyə bir neçə dəfə getdiyim də olub, müxtəlif şəhərlərini, bölgələrini gəzmişəm", - deyən Gülər xanım bu vaxta qədər ümumi səyahətinin sayından da danışır. 

Səyyah, eyni zamanda, bütün səyahətlərinin ona nələrsə öyrətdiyini və hər birinin yaddaqalan olduğunu vurğulayıb. Hətta "çox oxuyan yox, çox gəzən daha yaxşı bilər" deyimini də söyləməyi unutmur. 

"Düzdür, vaxtında çox oxumuşuq, amma indi oxuduğumuz kitablardakı şəhərləri bir-bir görməyə çalışırıq", - deyə əlavə edib.

"Mən həmişə səyahətə planlı gedirəm", - deyən Gülər Mehdizadə planlamanın səyahətdən öncəki vərdişi olduğunu söyləyib:

"Təyyarə bileti, otel rezervasiyası, qatar, hətta avtobus biletlərini belə öncədən alıram. Bu həm planlı insan olduğum üçündür, həm də viza tələbləridir. Bəlkə, tələb olmasaydı belə, yenə öncədən planlayardım. Məsələn, növbəti ilə, adətən, 3-4 biletim olur". 

Hətta müsahibimiz qeyd edir ki, bir dəfə dostlarından biri təxminən 6 ay öncədən toyuna dəvət edib və gülə-gülə deyib ki: 

"Ümid edirəm, həmin vaxta biletin yoxdur".

Səyyah gedəcəyi yerləri heç bir şeyə əsasən seçmədiyini bildirərək vurğulayıb: 

"Azərbaycanlılarda bir xasiyyət var. Məsələn, getmisən Albaniyaya, bu barədə ağız dolusu danışırsan, bəyəndiyini deyirsən yaxud post yazıb paylaşmısan. Altında Albaniyanın kənar bir məhəlləsindən, köhnə bir binasının fotosunu atır. Düşünürəm ki, insan nə istəyir, onu görür. Ona görə mən ölkələri, şəhərləri ayırmıram, bacardıqca, yol tapdıqca, görməyə gedirəm. Məşhur şəhər olması vacib deyil, məncə, hər bir şəhərin məşhur nələrisə var, gedib görmək, kəşf etmək lazımdır".

Gülər xanım bildirir ki, mədəniyyət cəhətdən ən sevdiyi Balkan ölkələrinin musiqiləri olub:

"Küçə musiqiçilərinin ifaları ləzzət etmişdi. Hətta bir xeyli videoları da məndə var. Arada açıb dinləyirəm".

Səyahətçi indiyədək səyahətlərində pis bir halla üzləşib-üzləşmədiyi barədə bildirib:

"Açığı, pis bir halla üzləşməmişəm. Amma bir dəfə Barselonada polis saxlamışdı. Kamera görüntülərindən axtarışda olan hansısa cinayətkara oxşatmışdılar. Sonra aydınlaşdı ki, mən o şəxs deyiləm".

Bir səyyah kimi o bəzi problemlər qarşısında bir sıra tövsiyələr verdi:

"Əvvəllər, 10-15 il öncə xəritə ilə gəzirdik. İndi oflayn da çalışan xəritələr var, telefona yükləyirsən, lazım olan yerləri asanlıqla tapırsan. "Maps.me"-ni hamıya məsləhət görə bilərəm. Çünki bəzən getdiyimiz yerdən keçəndə internetimiz olmur və ya internet problemini gedəndən bir neçə saat sonra həll edə bilirik. İlkin zaman üçün bu tətbiq köməyə çatır. Təbii, bütün ölkələrdə yanğınsöndürən, təcili tibbi yardım və polis nömrələri eynidir. Əslində, pis şeylər də düşünmək lazım deyil".

Müsahibimiz qeyd edir ki, səyahət zamanı ona ən çətin gələn proses viza almaqdır.

Daha sonra o, başına gəlmiş ən maraqlı və yaddaqalan bir xatirəsini bölüşüb:

"Gürcüstanın Kutaisi şəhərində Okatse deyilən kanyon var. Ora getmişdik, qayıdanda avtobus, taksi tapmadıq. Yoldan keçən maşınlardan biri ilə getmək qərarına gəldik. Dedik, bəxtimizə nə çıxsa, əl edirik. Betonqarışdıran maşın gəldi, mindik. Sürücü "Önə iki nəfər oturması qadağandır, polis görəndə biriniz başınızı aşağı əyin", -dedi. Mən hər polis maşını görəndə başımı aşağı əyirdim. Birində də banka pul daşıyan maşının sirenini görüb başımı aşağı əymişdim".

24Media.az qeyd edir ki, Gülər Mehdizadə öz səyahət təcrübələrini, xatirələrini 2015-ci ildə açdığı öz şəxsi səyahət bloqu "Səyahətçi"-də də bölüşür.

Müsahibimiz dünya səyahətinə çıxarkən rahat olmağın lazım gəldiyini və özünüzü idarə edə biləcək dərəcədə ingilis dili bilməyin kifayət olduğunu da söyləyir. 

Gülər xanım deyir ki, getdiyi yerlərdən özünə xatirə olaraq maqnit gətirir, təyyarə və muzey biletlərini toplayır.

Ən sonda səyyah Gülər Mehdizadə səyahətinin onun üçün qənaətbəxş olduğunu evdən çıxıb yola düşməsi ilə qərarlaşdırır. O deyir ki, təkcə bu kifayət edir. 

Xədicə Qiyas

Paylaş
Şərh əlavə et