Bu gün:

MÜSAHİBƏ “Öl, nə də olsa, yenidən doğulacaqsan”- Uşaqlara psixoloji təsir edən oyunlar


"Bəzən deyirlər ki, döyüş və müharibə oyunları uşaqlarda aqressiya və şiddətə meyillilik yaradır. Bu elmi iddia deyil”. 

Bu sözləri psixoloq Fuad Əsədov 24media.az-a açıqlamasında bildirib:

Bildiyimiz kimi azyaşlıların və yeniyetmələrin internetdən həddindən artıq istifadəsi onların psixologiyasına təsir göstərir. Xüsusilə də, gənc yaşlarda oynanılan bəzi kompüter, mobil oyunlar uşaqların içə qapanıq, asosial, intihara meyilli olmalarına gətirib çıxarır. Mütəxəssislər "Mavi Balina" (Blue Whale), "Əks-Hücum” (Counter Strike), "Nəsil” (Lineage) kimi dəhşəti, terroru təbliğ edən oyunlara maraq göstərən uşaqların psixologiyasında gələcəkdə böyük problemlərin yaranacağını, əsəbi gərginliyin daha da artacağını bildiriblər. 

Bəs bu oyunlar uşaqların psixologiyasına necə təsir edir? 

Sözügedən oyunlar gənc nəsilə təsir edərək onları intihar etməyə təşviq edir. Oyun qurucuları yeniyətmələrin üslub, vərdiş və psixologiyalarına yaxşı bələd olduğundan onları “itmiş nəsil” olduqlarına inandırılar. 130 gəncin ölümünə səbəb olan “Mavi Balina” da belə oyunlardan biridir. Oyun 50 gün boyunca davam edən və davam etdikcə daha qorxunc hala gələn 50 tapşırıqdan ibarətdir. Oyunda biləklərini və ayaqlarını kəsərək zərər vermək, gecə saat 04:20 də qorxu filmlərini izləmək, göndərilən müsiqiləri yüksək tonla dinləmək və s. kimi ağır tapşırıqlar mövcuddur. Tapşırıqları yerinə yetirib bitirməyən oyunçulara isə “Öl, nə də olsa, yenidən doğulacaqsan”,- deyə psixoloji təsir edilir. Bu isə gənclərin intihar etməsinə səbəb olur. 

 Mövzuyla bağlı fikirlərini bölüşən psixoloq Fuad Əsədov döyüş oyunlarının aqressiyaya səbəb olduğunun tədqiqatlarla sübut olunmadığını, əksinə bu tip oyunların rahatladıcı təsiri olduğunu bildirib:

“Çünki bizim beynimizdə noradrenalin adlanan mediator ifraz olunur ki, bu da bəzən bizi həyəcanlı oyunlara yaxud da aqressiv davranışa sövq edir. Bir uşağın bu noradrenalinin təsirini virtual dünyadakı obyektlərə yönləndirməsi daha yaxşıdır ki, real həyatda belə davranışlar sərgiləməsin. Anarxizm, özbaşınalıq və intihar mesajları daşıyan oyunlar daha çox təhlükəlidir. Bu oyunlar uşaqların cəmiyyət içində uyğun olmayan davranışlarına, ailə içində uyğunsuz hərəkət etməsinə, bəzən ailələrindən imtina etmələrinə və ən sonda isə intihar etmələrinə gətirib çıxarır”. 

Psixoloqun sözlərinə görə, uşaq beyni hələ tam inkişaf etmədiyindən həmişə ilkin istinktlərə meyil edir. Məsələn, biz Şerlok Holmes filminə baxıb detektivin zəkasına heyran qalacayıq, amma uşaq bu filmə baxıb, onun pis adamla döyüşünə köklənəcək.

Bu vəziyyətdə valideyn nə etməlidir? 

Bu mövzuyla bağlı psixoloq Zeynəb Eyyubova öz fikirlərini bölüşüb:

“ Valideynlər evdə sakitlik yaratmaq üçün uşaqları saatlarla özlərindən uzaqda qoymamalıdırlar. Bundan əlavə, hər bir mobil tətbiqdə tarixçə hissəsi var. Buradan uşaqlarının hansı saytlara daxil olmalarını, hansı oyunları yükləyib-sildiklərini asanlıqla müəyyən edə bilərlər”. 

Zeynəb Eyyubova  valideynləri araşdırmaçı olmağa səsləyib:

“Hazırda kompüter əsridir. Məsələn, internetdə  “uşaqlara zərər verən 10 oyun” yazsalar, həmin oyunlar haqqında yüzlərlə məlumat tapa bilərlər. Amma təəssüf ki, valideynlər uşaqlarının oynadıqları oyunlar barədə xəbərsizdirlər, bu da o deməkdir ki, nə qədər valideyn bu gün müasir xəbərlərdən uzaq yaşayır”

Paylaş
Şərh əlavə et