24Media.az-ın budəfəki müsahibi “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” ictimai birliyinin sədri Azər Allahverənovdur. O, Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının üzləşdiyi problemlər və onların həll yolları haqda danışıb.
Müsahibənin əvvəlində Azər Allahverənov bir sıra vacib məqamları vurğulayıb. O hər şeydən əvvəl əcnəbilərin hansı statusla və nə məqsədlə ölkəmizə gəldiklərinin müəyyən edilməsinin önəmindən bəhs edib.
Müsahibimiz “Əcnəbilər hansı problemlərlə üzləşir?” sualına belə aydınlıq gətirib:
“Bununla bağlı mən deyə bilərəm ki, əcnəbilərin üzləşdiyi çətinliklər ölkə və kateqoriyaya görə dəyişir. Məsələn, bir statusda olan şəxs təhsil almaq məqsədi ilə ölkəmizə gəlir. Həmin şəxs bizim vizasız gedib-gələcəyimiz ölkələrin vətəndaşı ola bilər. Bu o deməkdir ki, bu şəxs ölkəyə gələn zaman 90 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Sonrakı mərhələdə həmin şəxs təhsil almaq istəyirsə, o zəruri prosedurlar üzrə davranmalı və ölkə ərazisində müvəqqəti təhsil alan şəxs kimi müvəqqəti yaşamaq icazəsi ilə təmin olunmalıdır. Həmin adamın statusu keçici olur. Lakin təhsil almaq məqsədi ilə gələn Əfqanıstan, Pakistan, Hindistan və s. ölkələrin vətəndaşlarının Azərbaycan ərazisində olmaq müddətləri fərqlənir. Ona görə ki, həmin ölkələr ilə gediş-gəlişlərdə vizadan istifadə olunur və vizada bəyan olunmuş məqsədlər ola bilər. Tutaq ki, Rusiyadan gələnlər 15 gün ərzində qeydiyyata düşürlərsə, sonrakı mərhələdə statusları ola bilər.
Pakistan, Əfqanıstan, Hindistan və s. kimi ölkələrdən təhsil məqsədi ilə gələnlər bir qayda olaraq təhsil vizası ilə ölkəyə daxil olmalıdırlar. Amma əksər hallarda onlar turist vizası ilə daxil olduqdan sonra bir təhsil müəssisəsi taparaq həmin müəssisə ilə danışıqlar aparırlar. Gördüyünüz kimi hər iki situasiya bir-biriylə oxşardır. Lakin fərqli ölkələrdən olduqlarından müxtəlif miqrasiya rejimləri mövcud olduğu üçün müxtəlif yanaşmalar var”.
Daha sonra Azər Allahverənov əcnəbilərin hansı sahələrdə problemlər yaşadıqlarından danışıb:
“Mən düşünürəm ki, Azərbaycanda əcnəbilər daha çox əmək və məşğulluq sahələrində problemlərlə üzləşə bilərlər. Çünki ölkə ərazisinə gəlib burada uzun müddət yaşamaq istəyən insanlar çox zaman əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olurlar. Amma əmək fəaliyyəti ilə məşğul olmaq üçün də konkret qaydalar mövcuddur. Yəni hansı qisimdə, hansı statusdadır. Tutaq ki, iş icazəsinin alınmasından azaddır mı? Yoxsa iş icazəsi almalıdır mı? Əgər əcnəbinin şəxsi biznesi varsa, onu necə qeydiyyata aldırmalı? Bununla bağlı hansı şərtləri yerinə yetirməlidir və s. Azərbaycanda əcnəbilər müxtəlif əmək fəaliyyətlərində bu problemlə üzləşirlər”.
Ardından müsahibimiz əcnəbilərin tibbi xidmətlərdə yaşadığı problemlərdən danışıb:
“Eynilə, bu problemlər tibbi xidmətlərə çıxış əldə etmək istəyən xarici ölkə vətəndaşlarına aid ola bilər. Məsələn, poliklinikalarda olduğu yer üzrə qeydiyyata düşmüş əcnəbilər təcili tibbi yardımdan istifadə edə bilirlər. Amma bir qayda olaraq poliklinikalarda qeydiyyata götürülmürlər. Onların adına qeydiyyat kitabı açılmır və s. Bunun üçün də əcnəbi ölkə ərazisində müvəqqəti yaşayış icazəsi almalıdır. Bu zaman konkret olaraq bağlanmış fin verilir və həmin şəxslərlə bağlı qeydiyyat kitabı açılır. O da bir şərtlə ki, əcnəbi sahibkarlıq fəaliyyəti ilə məşğul olsun, yəni həmin şəxsin konkret olaraq “VÖEN”-i olsun”.
Daha sonra Azər Allahverənov bir sıra vacib məqamları vurğulayıb:
“Bir situasiyanı da qeyd etmək istəyirəm. Məsələn, əcnəbi ölkəmizə gəlir və müəyyən prosedurlardan keçsə də, 5 ildən sonra həmin prosedurlardan yenidən keçməli olur. Bunun üçün də zəruri sənədlər verməlidir. Digər tərəfdən, müsahibədən də keçməlidir. Düzdür, suallar yarana bilər ki, 2-ci dəfə qeydiyyatdan keçmək üçün niyə həmin eyni prosedurlardan keçməlidir?
Obyektiv və subyektiv tərəflərdən baxsaq, təbii ki, bunun müsbət və mənfi tərəfləri var. İstənilən halda düşünürəm ki, sadalanan sahələrdəki çətinliklərin qaldırılması çoxşaxəli maarifləndirmə yolu ilə həyata keçirilməlidir. İlk növbədə, ölkəmizdə yaşayan əcnəbilərin hüquqi nəzərdən maariflədirməyə ehtiyac var. Çünki miqrasiya qanunvericiliyi statik qalmır, daim yenilənir və təkmilləşir. Nəticədə ölkəmizdə olan əcnəbilərin bu barədə məlumatı olmur.
Nəticə etibar ilə, əcnəbilər qəti şəkildə bu proseslərdə olmalıdırlar. Təbii ki, əcnəbilərin hüquqları ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Bura da əsas məqsəd ölkə ərazisində yaşayan əcnəbinin qanunlara uyğun yaşamasıdır. Əgər əcnəbilərin hüquqlarını çərçivələsək, əcnəbilər yaranmış problemlərini başqa yollarla həll edə bilərlər. Bunlar isə qeyri-qanuni yollardır. Nəticədə əcnəbi özünü təhlükəyə atmış ola bilər. Çünki o qeyri-qanuni miqrant kimi identifikasiya edilib ölkə xaricinə çıxarıla bilər. Amma istənilən halda qeyri-qanuni deportasiya arzuolunan deyil. Bir çox dövlətlər bununla mübarizə aparırlar. Qeyri-qanuni yaşayan miqrant həm özü üçün, həm də cəmiyyət üçün təhlükəlidir. Digər tərəfdən, kriminal qruplaşmaların təsirinin altına düşə bilərlər.
Mən maksimum düşünürəm ki, əcnəbilərlə bağlı qanunların sərtləşdirməsi bir sıra problemlərə gətirib çıxarda bilər. Bu baxımdan düzgün maarifləndirmə və kifayət qədər şəffaf mexanizmin qurulması olduqca vacibdir. Bu, bilavasitə ölkə ərazisində uzun müddətli yaşamaq istəyən əcnəbilərə aiddir".
Müsahibənin sonunda Azər Allahverənov qeyd edir ki, miqrasiya ilə bağlı keçirilən siyasət adekvat olmalı və müasir dövrün çağırışlarına uyğun tərzdə icra olunacaq siyasətə çevrilməlidir.
Amin Həsənli