Fələstinin xarici işlər naziri Farsin Ağabekyan Şahin Qəzzada uşaqların qida çatışmazlığı və üzləşdikləri fiziki-psixoloji problemlərin təsirlərini uzun illər hiss edəcəkləri barədə xəbərdarlıq edib.
24media.az TRT Haber saytına istinadən xəbər verir ki,nazir bu barədə “Fələstinin Səsi” radiosuna müsahibəsində danışıb. O, Qəzzaya humanitar yardımların kifayət qədər çatdırılmamasının böhranı dərinləşdirdiyini bildirib.Şahin beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə və humanitar yardımların bölgəyə çatdırılmasını təmin etməyə çağırıb. Onun sözlərinə görə, Fələstinli diplomatlara da humanitar ehtiyacların qarşılanması üçün müxtəlif ölkə və təşkilatlarla danışıqlar aparmaq tapşırılıb. BMT-nin məlumatına görə, Qəzzada təxminən 1,4 milyon fələstinli ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşir. Fələstin Səhiyyə Nazirliyi isə 2024-cü ildən bəri aclıq və qida çatışmazlığı səbəbindən 157-si uşaq olmaqla 466 nəfərin həyatını itirdiyini açıqlayıb.
Fidan Mənsimova
