Bu gün:

Alimlər osminoqların xatirələrini necə qoruduğunu müəyyən ediblər


Alimlər osminoqların məlumatları uzun müddət yadda saxlamasına və sinir hüceyrələri arasındakı əlaqələri gücləndirməsinə kömək edən qeyri-adi mexanizm aşkar ediblər.

Foto: Diane Picchiottino / Unsplash.com

24media.az snob.ru saytına istinadən xəbər verir ki, Qüds İvrit Universiteti və Ruppin Akademik Mərkəzinin beynəlxalq tədqiqat qrupu osminoqların beyninin şaquli payını araşdırıb. Bu hissə öyrənmə və yaddaş prosesində mühüm rol oynayır və funksiyasına görə insan beynindəki hipokampı xatırladır. Araşdırmanın nəticələri Journal of Neuroscience jurnalında dərc olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, yaddaşın qorunmasında azot oksidi adlı molekul mühüm rol oynayır. Bu molekul sinir hüceyrələri arasında siqnalların ötürülməsinə kömək edir. Həmçinin, neyronlar arasındakı əlaqələri gücləndirərək onların uzun müddət belə qalmasını təmin edir.

Bu mexanizmin əsas xüsusiyyəti onun öz fəaliyyətini davam etdirə bilməsidir. Bundan əlavə, osminoqlarda bu dəyişikliklərin qorunması üçün yeni zülalların yaranmasına ehtiyac yoxdur. Bu xüsusiyyət onları bir çox onurğalı heyvanlardan fərqləndirir.

Araşdırmanın müəlliflərindən biri, professor Binyamin Xoxnerin sözlərinə görə, osminoqlar qısamüddətli təcrübəni uzunmüddətli yaddaşa çevirmək üçün fərqli molekulyar mexanizmdən istifadə edirlər.

Bu kəşf göstərir ki, sinir sistemləri bir-birindən fərqlənən heyvanlarda öyrənmə və yaddaşın qorunması üçün müxtəlif mexanizmlər mövcud ola bilər.

Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et