Bu gün:

İran ABŞ-dən daha böyük güzəştlər tələb edir


İranda sərt xətt tərəfdarı olan siyasətçilər ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərdəki məğlubiyyətindən sonra Vaşinqtondan daha böyük güzəştlər tələb etməyə başlayıblar.


24media.az CNN’ə istinadən xəbər verir ki, İranın ali dini lideri Müctəba Xamenei ABŞ-la danışıqlarda heç bir güzəştə gedilməməli olduğunu vurğulayıb. Sərt xətt tərəfdarları isə Vaşinqtonun İranla razılaşma əldə etmədən münaqişədən çıxmasına qarşı çıxırlar.

Tramp İranla müharibənin Respublikaçılar Partiyasının seçkilərdəki məğlubiyyətinə qismən təsir etdiyini etiraf edib. ABŞ-n vitse-prezidenti Cey Di Vens də məğlubiyyətin əsas səbəblərindən biri kimi müharibəni göstərib.

Ekspertlərin fikrincə, seçkilərin nəticələri Tehranı ABŞ qarşısında daha sərt mövqe tutmağa sövq edə bilər. İran tərəfi nüvə proqramı ilə bağlı güzəştlər müqabilində sanksiyaların ləğvini, ABŞ qüvvələrinin bölgədən çıxarılmasını və müharibənin bütün cəbhələrdə dayandırılmasını tələb edir.

Bununla yanaşı, tərəflər arasında diplomatik danışıqlar davam edir. Qətər də daxil olmaqla, bir sıra regional ölkələr münaqişənin gərginliyinin azaldılması istiqamətində vasitəçilik səylərini artırıb.

Analitiklər hesab edirlər ki, Tehran müharibədən yalnız onun başa çatması ilə deyil, həm də regionda siyasi və strateji mövqelərini gücləndirməklə çıxmağa çalışır.

Aydan Xudayarova

Paylaş
Şərh əlavə et