Bu gün:

Qəzzada yağışlar minlərlə fələstinlinin çadırını su altında qoyub


Qəzza zolağında yağan güclü yağışlar İsrail hücumları nəticəsində evlərini itirən minlərlə fələstinlinin məskunlaşdığı çadırları su altında qoyub. Yağışlar bölgədə onsuz da ağır olan humanitar vəziyyəti daha da çətinləşdirib.24media.az TRT Haber saytına istinadən xəbər verir ki, soyuq hava dalğası ilə başlayan yağışlar Qəzza şəhərinin liman ətrafında, Deyr əl-Bələh və Nuseyrat qaçqın düşərgəsində çoxsaylı çadırların su altında qalmasına səbəb olub. Cibaliya və Beyt Lahiya bölgələrində də məcburi köçkün ailələrin yaşadığı çadırlar zərər görüb.Çadırlara dolan sudan yataq, geyim və şəxsi əşyalarını xilas etməyə çalışan fələstinlilər çətin vəziyyətlə üzləşiblər. Alternativ sığınacaq imkanları olmayan ailələr uşaqlarını və əşyalarını yağışdan qorumaqda çətinlik çəkiblər.Qəzzada İsrailin uzun illərdir davam edən blokadası və hücumları nəticəsində yaranan dağıntılar məcburi köçkünlərin sığınacaq problemini daha da ağırlaşdırıb. Humanitar yardımların girişinə qoyulan məhdudiyyətlər çadır, brezent və konteyner kimi zəruri materialların bölgəyə çatdırılmasını çətinləşdirib.İnfrastrukturun böyük ölçüdə dağıdılması yağış sularının axıdılmasına da mane olur. Soyuq havanın davam etməsi, istilik vasitələrinin və əsas ehtiyac məhsullarının çatışmazlığı xüsusilə uşaqlar və yaşlılar üçün vəziyyəti daha da ağırlaşdırıb.Avropa-Aralıq dənizi İnsan Hüquqları Monitorinqi Qəzzada yağışların və əlverişsiz hava şəraitinin məcburi köçkünlər üçün humanitar fəlakətə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.Təşkilatın açıqlamasında yüz minlərlə ailənin su basma riski olan ərazilərdə və yararsız çadırlarda yaşadığı bildirilib. Qəzzada təxminən 2 milyon fələstinlinin sığınacaq yardımına ehtiyacı olduğu, bölgəyə təcili olaraq 200 min çadır və 1 milyon brezent göndərilməsinin vacibliyi vurğulanıb. Açıqlamada yağış sularını axıdan infrastrukturun və sığınacaq materiallarının çatışmazlığının qış aylarında, xüsusilə uşaqların və yaşlıların həyatını daha çox təhlükə altına saldığı qeyd edilib.

Fidan Mənsimova

Paylaş
Şərh əlavə et