Demokratlar Partiyası Respublikaçıların güclü olduğu bölgələrdə seçki rəqabətini artırmaqla onların resurslarını bölüşdürməyi və maliyyə dəstəyini genişləndirməyi hədəfləyir.

24Media.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-də Demokratlar Partiyası noyabr ayında keçiriləcək aralıq seçkilər öncəsi Respublikaçıların güclü olduğu bölgələrdə rəqabət aparmaq strategiyasını genişləndirir. Bu strategiyanın məqsədi Respublikaçıların resurslarını bölüşdürmək və Demokratların seçki kampaniyası üçün daha çox maliyyə vəsaiti toplamaqdır.
Tennessi ştatının 31 yaşlı qanunvericisi Castin Pirsonun namizəd olduğu 9-cu Konqres dairəsi Demokratların yeni hədəflərindən birinə çevrilib. Respublikaçı qanunvericilər bir neçə ay əvvəl bu dairənin sərhədlərini dəyişərək onu Demokratların ənənəvi dəstək qazandığı ərazidən Respublikaçıların üstünlük təşkil etdiyi dairəyə çeviriblər.
Buna baxmayaraq, Demokratlar Partiyasının milli rəhbərliyi həmin kənd dairəsini aralıq seçkilərdə hədəflədiyi ərazilər siyahısına daxil edib. Bu addım partiyanın Prezident Donald Trampın tərəfdarlarının üstünlük təşkil etdiyi bölgələrdə də rəqabət aparmaq niyyətinin bir hissəsidir.
Respublikaçılar isə Demokratların bu strategiyasını bahalı və diqqəti əsas məqsədlərdən yayındıran addım kimi qiymətləndirirlər.
Nuray Ədilzadə
