Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyadan ABŞ-yə dizel yanacağının idxalı ilə bağlı razılaşma elan etməsini pisləyib.
Donald Tramp və Vladimir Putin ötən il Alyaskada görüşüblər.
24media.az BBC.news-a istinadən xəbər verir ki, Zelenski bu addımı Rusiya Prezidenti Vladimir Putinə hədiyyə adlandıraraq bunun “sona çatdırılmalı, uzadılmamalı olan müharibəyə investisiya” olduğunu bildirib. Tramp Putinin dərhal ABŞ və dünya bazarına 300 min ton dizel yanacağı tədarük etməyə razılaşdığını deyib. Onun sözlərinə görə, noyabrda daha 500 min ton, bundan sonra isə əlavə bir milyon ton yanacaq göndəriləcək.
Məlumata görə, razılaşma çərçivəsində ABŞ Maliyyə Nazirliyi Rusiyadan dizel yanacağının ixracına tətbiq edilən sanksiyaları aprelin 7-dək müvəqqəti dayandırır. Bununla belə, ABŞ banklarında saxlanılan vəsaitlər kimi digər Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Tramp əlavə olaraq, Rusiyadan qısa müddət ərzində daha üç milyon ton dizel yanacağının tədarük ediləcəyini bildirib. Bunun Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olacağı qeyd edilib. Həmin zavodlar Ukraynanın hücumlarına məruz qalıb. Putin isə Rusiyanın ABŞ və dünya bazarlarını neft və neft məhsulları ilə təmin etməyə hazır olduğunu bildirib. Lakin onun açıqlamasında konkret tədarük həcmləri göstərilməyib.
Zelenski sosial şəbəkədəki paylaşımında Rusiyanın bu tədarükün əvəzini “daha çox terrorla” çıxacağını bildirib. “Biz Ukraynada insanların həyatını qorumaq üçün Amerikanın ədalətli dəstəyinə və ABŞ-nin Rusiya ilə sərt danışıq aparmasına ümid edirik. Bu danışıq zəif deyil, sərt olmalıdır”, – deyə o yazıb.
Analitiklər isə Rusiyanın bu həcmdə dizel yanacağı tədarük etmək imkanına və razılaşmanın ABŞ-də yanacaq qiymətlərinə təsirinə şübhə ilə yanaşıblar. Quilter Cheviot investisiya strategisti Tim Armitic bildirib ki, Trampın açıqladığı ilk 300 min tonluq tədarük təxminən 2,25 milyon barelə bərabərdir. ABŞ-də gündəlik dizel istehlakı isə təxminən 3,8 milyon bareldir. Onun fikrincə, bu tədarük ABŞ-də yanacaq qiymətlərinə ciddi təsir göstərməyəcək.
ABŞ-də dizel yanacağının orta qiyməti hazırda bir qallona görə 6,28 dollar təşkil edir. İran müharibəsi nəticəsində enerji qiymətlərinin artması Tramp administrasiyası üçün siyasi təzyiqləri də gücləndirib. Razılaşma ABŞ-nin əvvəlki sanksiya siyasəti ilə bağlı suallar da yaradıb. Belə ki, ABŞ Konqresi bu yaxınlarda Rusiya nefti və qazını idxal edən ölkələrə qarşı yeni sanksiyalar və gömrük rüsumlarının tətbiqinə icazə verən qanun qəbul edib. Qanun Tramp tərəfindən imzalanıb.
Bu səbəbdən razılaşma Trampın Avropadakı müttəfiqləri və ABŞ-də Ukraynanı dəstəkləyən siyasətçilər tərəfindən tənqid oluna bilər. Onlar bu addımın Rusiyanın müharibəni maliyyələşdirməsinə kömək etdiyini düşünürlər. Razılaşmanın yanacaq qiymətlərinə təsiri hələ də qeyri-müəyyəndir. Brent markalı xam neftin qiyməti bir barel üçün 103 dollardan yuxarıdır. İran müharibəsindən əvvəl isə bu göstərici təxminən 73 dollar təşkil edirdi.
Rusiya bu il Ukrayna dronlarının neft emalı zavodlarına hücumları nəticəsində ciddi yanacaq çatışmazlığı ilə üzləşib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ölkədə dizel yanacağının istehsalı təxminən 30 faiz azalıb. Zelenski hücumları Rusiyanın Ukraynanın enerji sektoruna qarşı illərdir davam edən hücumlarına cavab kimi qiymətləndirib.
Razılaşmanın Rusiyanın ABŞ-yə yanacaq tədarükünü hansı mexanizmlə həyata keçirəcəyi və bunun müqabilində nə əldə edəcəyi hələ aydın deyil. ABŞ Maliyyə Nazirliyi isə Trampın açıqlamasından sonra Rusiya dizelinin bazara daxil olmasına icazə verən müvəqqəti lisenziya verib.
Banuçiçək Qurbanova
