Bu gün:

“Barselona” Rafinyanın yoxluğunda Qabriel Jezusa şans verir


Braziliyalı hücumçu Qabriel Jezus baş məşqçi Hansi Flikin heyətlə bağlı mövqeyini dəyişdiyini mətbuat konfransında təsdiqləməsindən sonra şənbə axşamı “Xetafe” ilə La Liqa matçında “Barselona”nın start heyətində debüt etməyə hazırlaşır.

24Media.az İspaniyanın “Sport” qəzetinin məlumatına istinadən xəbər verir ki, “Barselona” bir neçə həftədir Qabriel Jezus fiziki cəhətdən hazırlamaq üçün xüsusi proqram üzrə məşq etdirir. Məqsəd futbolçunu meydana çıxmaq fürsəti yarandıqda hazır vəziyyətə gətirməkdir. “Xetafe” ilə qarşılaşma bu hazırlıq proqramının nə dərəcədə uğurlu olduğunu yoxlamaq üçün sınaq olacaq.

Mövsümün əvvəlindən bəri 14 qol vuran braziliyalı hücumçu Rafinya komandanın kapitanı və bombardiridir. O, “Xetafe” və Türkiyənin “Qalatasaray” komandalarına qarşı oyunlarda iştirak edə bilməyəcək. Əvvəllər cinah hücumçusu kimi çıxış edən futbolçunun mərkəz hücumçusu mövqeyində oynaması da onun komanda üçün əhəmiyyətini artırıb. Rafinya-nın yoxluğu Hansi Fliki hücum xəttində alternativlər axtarmağa məcbur edir.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı “Barselona”nın 16 futbolçusu öz milli komandalarına dəvət alsa da, Qabriel Jezus klubda qalıb və üç həftə ərzində xüsusi fiziki hazırlıq proqramı keçib. Bu müddətdə onun oyun yükünə tədricən uyğunlaşması və baş məşqçi üçün etibarlı alternativə çevrilməsi hədəflənib.

Klub hesab edir ki, Jezus hazırda təxminən 60 dəqiqə oynaya bilər. Bu onun yüksək fiziki yükə tam hazır olduğunu göstərməsə də, irəliləyiş hesab olunur. Transfer pəncərəsinin son günlərində komandaya qoşulan futbolçu “Arsenal”da keçirdiyi son aylarda normal hazırlıq dövrü yaşamadığı üçün oyun formasını bərpa etməyə çalışır.

Rafinya-nın gələn həftəyədək meydana qayıda bilməyəcəyi və Hamza Abdelkarimin “Kamp Nou”da start heyətində oynamaq üçün kifayət qədər təcrübəsinin olmadığı nəzərə alınarsa, Qabriel Jezus Hansi Flikin hücum xəttindəki problemi həll etmək üçün ən uyğun seçim kimi görünür.


Nazim Xeyirxəbərli

 

Paylaş
Şərh əlavə et