Bu gün:

İrfan Saraloğlu: Növbədə Barselona matçı var


“Qalatasaray”ın köməkçi məşqçisi İrfan Saraloğlu Türkiyə Super Liqasının 7-ci turunda 3:1 hesabı ilə məğlub etdikləri “Kasımpaşa” ilə oyunun komandaya enerji verəcəyini bildirib.
 

RAMS Parkda keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Okan Burukun qırmızı vərəqə cəzası səbəbindən onun köməkçisi İrfan Saraloğlu iştirak edib.

Güclü rəqiblə qarşılaşdıqlarını bildirən Saraloğlu deyib: “Kasımpaşa bura məğlubiyyətsiz gəlmişdi. Komanda liqamızın tanınmış məşqçilərindən birinin rəhbərliyi altında çıxış edir. Öz oyun üslubları və yaxşı heyətləri var. Ancaq bizim də həmişəki kimi güclü heyətimiz var. Yaxşı oyunçularımız və oyun planlarımız mövcuddur. Bunlardan istifadə edərək dəyərli 3 xal qazandıq. Məğlubiyyətsiz komandanı məğlub etmək bizim üçün vacib idi. Millilərin oyunlarına görə yaranan fasilədən sonra liqaya qələbə ilə başlamaq da çox önəmli idi. Bu qələbə həm liqa matçlarında, həm də Çempionlar Liqasında keçirəcəyimiz oyunlarda bizə enerji və güc verəcək”.

Matçı dəyərləndirən təcrübəli məşqçi hakim qərarlarını da tənqid edib:

“İlk hissədə oyuna tam nəzarət etdik. Yaratdığımız qol vəziyyətlərinin və cərimə meydançasına daxilolmalarımızın sayı kifayət qədər çox idi. Cərimə meydançasında 25-26 dəfə topla təmasda olduq, lakin ya düzgün mövqedə ola bilmədik, ya da lazımi zərbəni vura bilmədik. İlk hissədə yalnız 45-ci dəqiqədə standart vəziyyətdən qol vurduq. Fasiləyə 1:0 hesabı ilə öndə yollanmaq bizim üçün vacib idi.

İkinci hissədə lazımi xəbərdarlıqları etdik. Rəqibin bir qədər daha güclü və müqavimətli olacağını gözləyirdik. Ancaq futbolçularımız göstərdikləri performansla qırmızı vərəqəyə qədər rəqibə çox da şans vermədilər.

Təəssüf ki, qırmızı vərəqədən əvvəlki epizodda qayda pozuntusunu Video Köməkçi Hakim (VAR) və baş hakim nəzərdən qaçırdı. Məncə, hərəkətin şiddətindən asılı olmayaraq, hərəkət edən insana toxunmaq onun tarazlığını poza bilər. Siz də bunu gündəlik həyatınızda yaşayırsınız. Addım atarkən kimsə sizə toxunsa, bunun təsiri dayanarkən toxunulmaqdan fərqli olur. Abdülkərim topa doğru hərəkət edərkən ona qarşı itələmə oldu. Bunun şiddəti yüksək və ya aşağı ola bilər, amma həmin epizodu görmək lazım idi.

Bundan sonra qırmızı vərəqə göstərildi. Qırmızı vərəqə qərarına da şübhə ilə yanaşıram, amma yenə də hakimlərimizə hörmət edirik. Daha sonra qol buraxdıq. Qoldan sonra əvəzetmələr etdik və bu dəyişikliklər nəticə verdi. Oyuna sonradan daxil olan futbolçularımız, tətbiq etdiyimiz pressinq və azlıqda oynamağımıza baxmayaraq göstərdiyimiz performansla azarkeşlərimizin coşğusunu da arxamıza aldıq.

Təxminən 35 dəqiqə azlıqda oynamağımıza və hazırkı fiziki durumumuzun istənilən səviyyədə olmamasına baxmayaraq, çox yaxşı çıxış etdik və mübarizə apardıq. Azarkeşlərimiz də stadionda bizə böyük coşqu ilə dəstək oldular. Onların dəstəyini də arxamıza alaraq ikinci və üçüncü qolları vurduq”.


Mənbə: TRT SPORTS

Tərcümə etdi: Fəqan Nurullazadə


Paylaş
Şərh əlavə et