Bu gün:

İqlim böhranı məşhur sörf dalğalarını məhv edir


Araşdırmaya görə, dünyanın məşhur sörf məkanlarının dörddə üçündən çoxu dəniz səviyyəsinin yüksəlməsi, sahil xətlərinin dəyişməsi və qum çöküntülərinin yerdəyişməsi səbəbindən təhlükə ilə üz-üzədir.

İqlim böhranı dəniz səviyyəsinin yüksəlməsi nəticəsində bəzi məşhur sörf dalğalarını su altında qoyub, digərlərini isə sahilboyu tikililərin yaxınlığına sıxışdıraraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.

Dünya üzrə Sörf Qoruqlarında yerləşən onlarla məşhur dalğanın təhlili göstərib ki, onların dörddə üçündən çoxu dəyişən su səviyyələri, bərkidilmiş sahil xətləri və qum çöküntülərinin yerdəyişməsi səbəbindən yüksək risk altındadır.

Bu təsirlər təkcə sörfçülərə deyil, həm də sörf sənayesindən asılı olan yerli icmalara təsir göstərir. Əsasən alternativ iqtisadi imkanların məhdud olduğu ərazilərdə yerləşən bu icmalar milyardlarla dollar həcmində olan sörf iqtisadiyyatından gəlir əldə edirlər.

Araşdırmaya əsasən, ən yüksək risk altında olan məkanlara Böyük Britaniyanın Devon qraflığının şimalında yerləşən Kroyde çimərliyi, Avstraliyanın Nusa bölgəsi, Salvadorun Oriente-Salvaje sahili və ABŞ-nin Kaliforniya ştatındakı Santa-Kruz sahilləri daxildir. Sonuncular arasında Sewer-Pik və Vind-end-Si kimi tanınan sörf məkanları da var.

Sörf üçün əlverişli dalğalar dəniz dibinin relyefi, dalğaların hərəkət istiqaməti və qabarma-çəkilmə proseslərinin mürəkkəb qarşılıqlı təsiri nəticəsində yaranır. Bu amillər arasındakı tarazlığın pozulması dalğaların formasını dəyişdirə və onların yaranmasına mane ola bilər.

Araşdırmanın həmmüəllifi, Kaliforniya Dövlət Universitetinin Kanal Adaları kampusunun dosenti Den Rayneman bildirib ki, sörf dalğaları okeanoqrafik baxımdan olduqca unikal hadisələrdir. Onun sözlərinə görə, dalğaların yaranması üçün bir sıra amillərin dəqiq uyğunlaşması tələb olunur və bu proseslər ətraf mühitdəki dəyişikliklərə qarşı çox həssasdır.

Qlobal istiləşmə dəniz səviyyəsini yüksəldib, yağıntı rejimlərini dəyişdirib və çöküntülərin hərəkətinə təsir göstərib. Nəticədə dalğaların yaranması üçün vacib olan həssas tarazlıq pozula və bəzi məşhur sörf məkanları öz formasını itirə bilər.

Bununla belə, tədqiqatçılar hesab edirlər ki, yerli sörfçülərin ərazi və dalğalar haqqında dərin biliklərindən istifadə etməklə bu məkanların qorunmasına kömək etmək mümkündür.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et