Bu gün:

Alimlər vəhşi heyvanlar üçün sensor hazırlayıblar


Kolorado Dövlət Universitetinin alimləri meşə yanğınları zamanı vəhşi heyvanların nəfəs aldığı havanın keyfiyyətini ölçən kiçik sensor hazırlayıblar. Cihaz heyvanların boyunluqlarına GPS izləyiciləri ilə birlikdə yerləşdirilə bilər. 

Foto: pixabay

Phys.org saytının məlumatına görə, bu texnologiya yanğın tüstüsünün heyvanların sağlamlığına və davranışına təsirini öyrənməyə kömək edəcək. Sensor havadakı zərərli PM2.5 hissəciklərini ölçür, günəş enerjisi ilə işləyir və məlumatları hər 30 dəqiqədən bir qeydə alır.

Marallar üzərində aparılan sınaqlar göstərib ki, yaxın ərazilərdə belə havanın keyfiyyəti fərqli ola bilər. Heyvanlardakı sensorların göstəriciləri bəzən ən yaxın hava ölçmə stansiyalarının məlumatlarından 10 dəfə fərqlənib.

Tədqiqatçılar bu texnologiya vasitəsilə yanğın tüstüsünün vəhşi heyvanlara təsirini daha yaxşı öyrənməyi planlaşdırırlar. Toplanan məlumatlar həmçinin heyvanları tüstünün zərərli təsirindən qorumaq üçün tədbirlərin hazırlanmasına kömək edə bilər.

Mənbə: www.zakon.kz
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et