Bu gün:

"Səhər təhvil veririk, axşam öldürürlər"


Dünyanın bir çox yerində heyvanlar maddi qazanc və əyləncə üçün işgəncələrə, pis rəftarlara məruz qalır. Azərbaycan universitetlərinin tələbələri tərəfindən evsiz və yaralı heyvanlara yardım məqsədi ilə yaradılan «Animal Care Club» isə bu zülmə qarşı çıxır. Klubun ilk yaradıcılarından olan Aytac Həsənova və aktiv könüllüsü Fuad Əliyev klubun yaranma zəruriyyəti, tarixi və fəaliyyəti haqqında danışıblar. 24media.az sizə bu müsahibəni təqdim edir:


 -Klub nə zaman və necə yaranıb?

Klub 2018-ci ilin fevral ayında Günay Nəcəfzadənin ideyası əsasında yaranıb. O, «İnstaqram» sosial şəbəkəsində klubun səhifəsini yaratdı. Biz bu sahədə maraqlı idik, əvvəllər də fərdi şəkildə zooaktivizmlə məşğul olurduq. 5 nəfər birləşib komandamızı yaratdıq. Həmin tarixdən etibarən aktiv şəkildə bu iş ilə məşğuluq.

- Kluba qarşı insanların münasibəti necə oldu?

Hər zaman müsbət reaksiyalar alırıq. İnsanlar bizə bacardıqları qədər maddi və mənəvi dəstək göstərirlər. Bu da bizi daha çox ruhlandırır.

— Mənfi rəylər mövcuddur?

Sosial şəbəkələrdə itlərin öldürülməsi mövzusunu gündəmə gətirərkən etirazlar gəlir ki, öldürmək lazımdır, itlər xəstəlik yayır, bizə hücum edirlər. Yalnız belə mənfi reaksiyalar alırıq. Onlara da izah etməyə çalışırıq ki, heyvanlarla bu cür rəftar etmək çox yalnışdır. Siz onlara zərər verməsəniz, onlar da sizə zərər verməzlər.

— Komandanın maddi vəziyyəti necədir?

Çox vaxt xərcləri öz cibimizdən ödəyirik. Bundan əlavə, bir çox kompaniyalar keçirir, film nümayişləri edirik. Heyvansevər insanlar da yem və bir çox mövzularda yardım edirlər. Ancaq daimi gəlir mənbəyimiz, sponsorumuz yoxdur.

— Xilas etdiyiniz heyvanları hara təhvil verirsiniz?

Daha çox sahibləndirməyə çalışırıq. Sığınacaqlara aparmaq ən son variantdır. Bu 2 il ərzində çox şey görmüşük. Buna görə də, güvənmirik. Heyvanları qoruduqlarını deyirlər, amma səhər təhvil veririk, axşam öldürürlər.

— Xilas hekayələrinizdən danışa bilərsinizmi?

Əlbəttə. İlk zamanlar fəaliyyətimiz qrup halında heyvan sığınacaqlarını ziyarət edərək yem mövzusunda kömək etməkdən ibarət idi. Belə yemləmə aksiyalarımızın birində, Binə ərazisində qarşımıza yaralı it çıxdı. İnsanlar tərəfindən bir qulağı kəsilmiş, amma tam qopmamışdı, yaralı idi. Biz onu klinikaya apardıq. Burada onu müalicə edib, qısırlaşdırdılar və komandamızın könüllülərindən biri onu sahibləndi. Bu, ilk xilas hekayəmiz idi.

Lakin biz də hər zaman kiçik dostlarımızı xilas edə bilmirik. Yaşadığımız ən çətin anlar da bununla bağlıdır.

Bir dəfə bədənində çoxlu yanıq izləri olan bala pişik tapmışdıq. Sağaltmaq üçün çox çalışdıq. Bir aya yaxın klinikada qaldı. Xarici yaraları sağalmışdı, ancaq ciyərləri də yandığından sağ qalmadı, onu itirdik.

Ümumiyyətlə, bunu qeyd etmək istəyirəm ki, tapdığımız heyvanların əksəriyyəti insanlar tərəfindən yaralanmış olur. Həkimlər də bunu təsdiq edirlər.

— Sahibləndirmə ilə bağlı nə deyə bilərsiniz?

Xilasetmənin ən çətin mərhələlərindən biri heyvanı düzgün sahibləndirməkdir. Yaxşı himayədar tapmaq çox çətindir. Bir çoxları sadəcə sosial şəbəkədə heyvanın şəklinə baxır və sahiblənmək istədiyini deyirlər. Ancaq 3 gün keçməmiş imtina edirlər, yaxşı baxa bilmir, qayğı göstərmirlər.

Buna Siqurd adlı itimizi misal göstərə bilərik. Bir gözü yerindən çıxmış və çürümüş halda idi. Qoxu hiss etmir, səsi yaxşı eşitmirdi. Həkim dedi ki, başına çox böyük zərbə alıb. Çox çətin prosesdən keçdi, amma həyatda qalmağı bacardı. Sağlam halda onu sahibləndirdik, iki ay sonra sahiblənən xanım bizə dedi ki, Siqurd öldü, səbəbini isə açıqlamadı. Buna görə deyirik ki, etibarlı sahib tapmaq çox vacibdir.

Heyvan sahiblənmək ciddi məsuliyyət tələb edir. Uşaq övladlığa götürmək qədər ciddi işdir. İndiyə qədər 50- dən çox heyvanı sahibləndirmişik. Sahibləndirdikdən sonra da, hər zaman maraqlanır, kömək edirik.

Paylaş
Şərh əlavə et