Son illərdə sosial media gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bir vaxtlar gənclərin oxu zövqü əsasən kitab mağazaları, kitabxanalar və məktəb proqramı vasitəsilə formalaşırdı. Bu gün isə kitab seçimi getdikcə sosial media platformalarının təsiri ilə müəyyənləşir.
“BookTok”, “Bookstagram” və “Wattpad” kimi platformalar bəzi kitabları qısa müddətdə trendə çevirərək minlərlə gəncin oxu siyahısına daxil edir. Bu platformalar kitab oxumağa marağı artırsa da, digər tərəfdən oxucuların seçimlərini fərqli istiqamətə yönləndirir.
Bəs sosial media gənclərin oxu zövqünü həqiqətən dəyişdirirmi? Bu sualın cavabını öyrənmək üçün gənclər arasında onlayn sorğu keçirdik. Sorğunun nəticələri nə göstərir?

Keçirilən onlayn sorğunun nəticələri maraqlı mənzərə ortaya qoyur. Sorğunun ilk sualı sosial mediada trend olan kitablarla bağlı idi. Respondentlərin 71,4%-i sosial mediada, xüsusilə "TikTok" və "BookTok" kimi platformalarda məşhur olan kitabları oxuduğunu bildirib. 28,6% iştirakçı isə bu cür trendlərin onların kitab seçimlərinə təsir etmədiyini qeyd edib. İkinci sual klassik ədəbiyyata münasibətlə bağlı olub.

Nəticələr göstərir ki, respondentlərin 18,5%-i klassik müəlliflərin əsərlərini tez-tez oxuduğunu bildirib. 66,7% iştirakçı bu cür əsərləri yalnız bəzən oxuduğunu qeyd edib. 14,8% respondent isə klassik ədəbiyyat oxumadığını deyib.
Sorğuda iştirak edən bəzi gənclər isə kitab seçiminə sosial medianın təsiri ilə bağlı öz fikirlərini də bölüşüblər. Respondentlərdən biri deyir:
“Mən daha çox “Instagram” və “TikTok”da qarşıma çıxan kitabları alıb oxuyuram. Çünki kitab mağazalarında gəzib, bilmədiyim kitabların məzmununu araşdırmaq çox vaxt tələb edir. Sosial mediada isə kitablar haqqında qısa məlumat və rəylər görmək seçim etməyi asanlaşdırır”.
Başqa bir respondent isə oxu zövqünün daha çox onlayn platformalarda yayılan əsərlərə yönəldiyini bildirir:
“Əsasən “Wattpad” platformasında yayılan romantik və gülməli kitabları oxuyuram. Bu tip əsərlər mənə daha maraqlı gəlir və günün yorğunluğunu atmaq üçün yaxşı seçimdir”.
Bu nəticələr göstərir ki, klassik ədəbiyyat gənclərin oxu siyahısından tamamilə çıxmasa da, onların oxu vərdişlərində daha çox müasir və sosial mediada populyarlaşan kitabların üstünlük təşkil etdiyi müşahidə olunur.
Mövzu ilə bağlı kitab rəyçisi Ofeliya Nəbiyeva ilə də söhbət etdik. O qeyd edir ki, sosial media kitabların tanıdılması baxımından mühüm rol oynasa da, bu prosesin həm müsbət, həm də mənfi tərəfləri var.
“Düşünürəm ki, hər məsələdə olduğu kimi bu suala da həm müsbət, həm də mənfi istiqamətdə cavab vermək olar. Bəzən kitablar keyfiyyətinə görə yox, populyarlığına görə seçilir. Sosial medianın oxucuların kitab seçiminə müsbət təsirindən danışsaq, öz təcrübəmə əsasən deyə bilərəm ki, bir çox bəyəndiyim əsərlərlə məhz sosial şəbəkələrdə paylaşılanlar vasitəsilə tanış olmuşam. Daha sonra kitabla yaxından maraqlanan və mütaliə edən çevrəmin formalaşmasında da sosial medianın rolu böyük olub”.
O vurğulayır ki, sosial medianın mənfi tərəflərindən biri də bəzi hallarda ədəbi baxımdan uğurlu olmayan kitabların da məşhurlaşmasıdır.
“Bu gün sosial media vasitəsilə bəzən uğurlu olmayan bir çox əsərlərin də populyarlıq qazandığını və insanlar tərəfindən çox alınmağa başladığını müşahidə etmişəm. Oxucu müxtəlif səhifələrə baxır və bir neçə paylaşımda eyni kitabı gördükdən sonra “hamı oxuyur” prinsipi ilə həmin kitabı almağa qərar verir”.
Kitab rəyçisi, həmçinin “Wattpad” kimi onlayn platformalarda yayılan asan dilli kitablar haqqında da fikirlərini bölüşür. Onun sözlərinə görə, bu tip əsərlər daha çox gənc oxucular arasında populyardır.
“Əgər asan dilli kitablar dedikdə “Wattpad” kitabları nəzərdə tutulursa, açığı mən bu kitabları heç vaxt oxumamışam və onlar diqqətimi də çəkmir. Müşahidə etmişəm ki, bu tip kitabları daha çox 16-20 yaş aralığında olan gənclər oxuyur”.
O hesab edir ki, klassik ədəbiyyatın dəyəri hər zaman qorunur və bu əsərlərin yerini heç bir janr tam əvəz edə bilməz. Bu fikri məşhur yazıçı Mark Tveynin sözləri ilə də izah edir:
“Klassik kitab hamının təriflədiyi, amma çox az adamın oxuduğu kitabdır”.
Kitab rəyçisi əlavə edir ki, bəzi hallarda oxucular daha qısa və sürətli oxunan kitabları seçirlər və bunun səbəbi əsasən vaxt amili ilə bağlıdır: “Əgər asan dilli və sürətli oxunan kitablar deyəndə həcmcə kiçik kitabları nəzərdə tutursunuzsa, bu, məncə vaxtla bağlıdır. Kitab oxumağa az vaxtı olanlara mən də əvvəlcə kiçik həcmli kitablardan başlamağı tövsiyə edirəm”.
Həm sorğunun nəticələri, həm də kitab rəyçisinin fikirləri göstərir ki, sosial media gənclərin oxu vərdişlərinə ciddi təsir göstərir. Rəqəmsal platformalar kitabların daha sürətli tanıdılmasına və geniş oxucu auditoriyasına çatmasına imkan yaradır.
Bununla yanaşı, sosial mediada yaranan trendlər bəzən kitabların ədəbi keyfiyyətindən daha çox onların populyarlığını ön plana çıxara bilir. Bu isə göstərir ki, müasir dövrdə gənclərin oxu zövqü həm ənənəvi ədəbiyyatın, həm də sosial media vasitəsilə yayılan yeni trendlərin təsiri altında formalaşır.
Sosial media kitab dünyasına marağı artırır. Amma oxucuların seçim edərkən yalnız trendə deyil, əsərin məzmununa və ədəbi dəyərinə diqqət yetirməsi də vacib hesab olunur.
Hazırladı: Sevil Azər, Tahirə Bağırzadə, Gülay Qəribova, Aynur Mikayılova
