İllər boyu müharibə mövzusunda rəsmlər çəkilib, musiqilər bəstələnib, şeirlər yazılıb. Məqsəd incəsənətin vasitəsilə müharibənin necə ağrılı, əzablı olduğunu əks etdirmək olub. Bəs incəsənət həqiqətən də müharibəyə təsir edə bilirmi?

Cəmiyyətin fikirlərini öyrənmək üçün onlayn sorğu keçirtdik. Nəticəyə görə, sualları cavablayanların 73,7%-i sənətin müharibə üzərində müəyyən təsir gücünə malik olduğunu düşünür.
Müharibə əleyhinə çəkilən ən güclü əsərlərdən biri “Gernika”dır. Bu əsəri 1937-ci ildə məşhur İspan rəssam Pablo Pikasso ərsəyə gətirib. Bəs əsər necə yaranıb? “24media.az”ın bugünkü müsahibi rəssam Ülkər Əliyeva mövzu ilə bağlı suallarımızı cavablandırdı.

“Gernika” əsəri İspaniyada vətəndaş müharibəsi zamanı baş verən hadisədən təsirlənərək ərsəyə gəlib. Müharibə zamanı, yəni 1937-ci il 26 apreldə tamamilə müdafiəsiz, dinc əhalinin yaşadığı və heç bir müharibə ərazisi olmayan Gernika qəsəbəsi bombardman edilir. Bu qətliamın əsas memarları Almaniya və İtaliyada hakimiyyətdə olan faşist ordusu idi.
Hitler və Mussolini İspaniya ordusunu da öz tərəflərinə çəkərək Gernikada qətliam törədiblər.
Qəsəbə tamamilə bombardman edilib. Əhali daha çox qadınlar və uşaqlardan ibarət olub. Çünki kişilərin bir çoxu artıq cəbhədə idilər. Burada günahsız minlərlə insan öldürülüb. Bu dövrdə Pablo Pikasso Parisdə yaşayırdı və Beynəlxalq bir sərgiyə hazırlaşırdı ki, bu sərgidə hər bir ölkəni təmsil edən rəssamın özünə uyğun pavilyonu var idi. İspaniyada respublikaçılar Pikasso ilə əlaqə saxlamağa çalışıb və bu hadisə haqqında məlumat veriblər. Rəssam qəzetlərdən Gernikanın bombardman edildiyini görüb və təsirlənib. Maraqlı məqam budur ki, Pikasso bu hadisəyə kimi siyasi mövzulara heç vaxt toxunmayıb. Amma hadisə onu təsirləndirdiyi üçün Gernika əsərini ərsəyə gətirir və həmin sərgidə nümayiş etdirir”.
Ülkər Əliyeva rəsmdəki fiqurların mənasını izah etdi.

“Bu əsər ağ-qara rəng tonlarındadır, yəni monoxrondur, 2 rəngdən istifadə olunub. Bu, əslində hadisənin necə ağır olduğunu vizual dillə ifadə edir. Əsərdə öküz və at fiqurları var. Öküzü həm İspaniyanın simvolu kimi göstərirlər, amma bir çox sənətşünastlar bunun düşmən obrazında müharibəni törədən güc kimi simvolizə olunduğunu deyirlər. Çünki orada öküz yetərincə əsəbi halda təsvir edilib. At isə daha çox fəryad edən formada olduğu üçün dinc, günahsız əhalini simvolizə edir. Amma Pikasso özü bu fiqurların heç birinə şərh verməyib. Eyni zamanda insan fiqurları - övladını qucaqlayaraq fəryad edən ana, başqa bir qadın, yaralı əsgər bir çox tamaşaçının görüb başa düşəcəyi işarələrdir”.
Rəssam bildirir ki, müharibə və incəsənət arasında harmoniya müzakirəyə açıq və paradoksal məsələdir.
“Müharibə dağıdıcı, ağır təcrübəsi olan xaotik hadisədir. İncəsənət isə daha çox təcrübələri, tarixi hadisələri, baş verən prosesləri estetik müstəvidə vizual yolla, görüntülərlə, səslə əks etdirir. Yəni burada harmoniyadan daha çox transformasiyadan söhbət gedə bilər. Tarix boyu baxdığımız zaman görə bilərik ki, müharibə kimi siyasi hadisələr incəsənəti bir təbliğat maşını, propaqanda mexanizmi kimi istifadə edib. Eyni zamanda, tarixin başqa səhifələrinə baxdığımız zaman görə bilərik ki, incəsənətdə yetəri qədər anti-müharibə mövzulu əsərlər meydana gəlib. Bu, müharibə və incəsənətin harmoniyasından daha çox birinin digəri tərəfindən necə şərh olunduğudur. Bu, bir çox hallarda tənqid və ifşa kimi özünü göstərib. Sənətin bu kimi məsələlərə təsiri birbaşa siyasi müdaxilə formatında deyil, amma incəsənətin həqiqətən ictimai şüur formalaşdırmaq gücü var. İncəsənət səs ola bilir. O, hansısa hadisəni, prosesi, problemi göstərmək gücünə malikdir və bu, hər zaman belə olub”.
Sonda müsahibimiz “Gernika” əsərinin ötürdüyü mesajın hələ də dəyişmədiyini vurğuladı.
“Bu, bilavasitə anti-müharibə əsəridir. Onun mesajının hələ də dəyişmədiyini düşünürəm. Çünki müharibələr təəssüf ki, bu gün də davam edir. Əslində problem budur ki, illər, əsrlər əvvəl çəkilən, müharibənin necə dağıdıcı, xaoslu, ağrılı bir proses olduğunu göstərən əsərlər bu gün də aktivdir. Bu çox təəssüf doğuran bir haldır. Amma müharibənin aktuallığı bu kimi əsərlərin mesajını dəyişmir. Çünki ola bilər ki, müharibənin formatı dəyişir, hətta bugünki gün bəlkə texnoloji müharibələr də ön plandadır, amma yenə də burada əzab çəkən dinc əhali, kollektiv savaş və ağrılı təcrübə var”.
Hazırladı: Fatimə Şükürova, Gülnisə Əfkari, Aydan İbrahimli, Günay Ələsgərova
