Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq akademik mobillik sahəsində öz tarixinin rekord göstəricisinə imza atıb.
24media.az xəbər verir ki, universitetin ümumilikdə 68 tələbə və müəllimi türk dünyasının ali təhsil müəssisələri arasında inteqrasiyanı nəzərdə tutan “Orhun Mübadilə Proqramı”na qəbul olub.
Bu mühüm uğur münasibətilə MDU-nun rektoru Anar Eminov proqram çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın aparıcı universitetlərinə yollanacaq 56 tələbə və 12 müəllimlə xüsusi görüş keçirib. Rəsmi məlumata görə, mübadilə proqramında qalib gələn tələbələrin böyük əksəriyyəti mühəndislik və iqtisadiyyat ixtisasları üzrə təhsil alan gənclərdir. Bu göstərici MDU-nun beynəlxalq mobillik imkanlarının genişlənməsinin və tələbələrin qlobal təhsil mühitinə artan marağının bariz nümunəsidir.
Görüşdə çıxış edən rektor Anar Eminov beynəlxalq mübadilə proqramlarının həm iştirakçıların peşəkar inkişafına, həm də universitetin xarici akademik əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələri vurğulayıb. Rektor proqram iştirakçılarına gedəcəkləri ölkələrdə həm Azərbaycanı, həm də Mingəçevir Dövlət Universitetini layiqincə təmsil etməyi tövsiyə edib və bu uğura görə tələbələrin valideynlərinə də öz təbriklərini çatdırıb.







Həvva Cəbrayılova
