Mingəçevir Dövlət Universitetində (MDU) beynəlxalq miqyaslı elmi tədbir işinə başlayıb.
24media.az xəbər verir ki, MDU və Türkiyənin Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə “Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” (Contemporary Issues in Language, Education, Research, and Sustainability) mövzusunda Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirlər silsiləsi çərçivəsində reallaşan konfrans, həmçinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.




Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində millət vəkilləri, şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, YAP regional təşkilatının, Mingəçevir Bələdiyyəsinin nümayəndələri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təmsilçiləri, eləcə də tanınmış yerli və xarici alimlər iştirak edib. Konfrans çərçivəsində ümumilikdə 23 ölkənin 77 ali təhsil və tədqiqat müəssisəsindən olan dilçi alimlər, müəllimlər və tələbələr bir araya gəlib. Tədbirdən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ardından MDU alimlərinin və ölkənin müxtəlif elmi mərkəzlərinin nəşrlərindən ibarət “Dil sərhəd tanımır” adlı kitab sərgisi ilə tanış olublar. Konfransın rəsmi hissəsi ulu öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.







MDU-nun rektoru Anar Eminov açılış nitqində konfransın bilik cəmiyyətinin formalaşmasındakı rolunu qeyd edib, tədbirə 545-dən çox elmi məqalə və tezisin təqdim olunduğunu bildirib. Rektor həmçinin konfransın ilk panelinin Azərbaycan dilçilik elminin görkəmli siması, ADPU-nun prorektoru, professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr edildiyini diqqətə çatdırıb. Tədbirdə çıxış edən professor Mahirə Hüseynova dilin milli yaddaş və qloballaşma şəraitindəki strateji əhəmiyyətindən, rəqəmsal texnologiyalar və multikultural mühit kontekstində modern tədqiqat istiqamətlərindən bəhs edib. Çıxışlardan sonra MDU rektoru Anar Eminova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru diplomu və “Şərəf Ordeni” təqdim olunub.
Açılış mərasimində Türkiyənin Baş konsulu Recep Öztop, Prezident Kitabxanasının direktoru Afət Abbasova, Milli Məclisin deputatı Elnarə Akimova, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, İctimai Şuranın katibi Günay Əkbərova və Dokuz Eylül Universitetinin nümayəndəsi Murat Ata çıxış edərək türk dünyasında elmi inteqrasiyanın, rəqəmsallaşan kitabxanaların və təhsil-ictimaiyyət tərəfdaşlığının önəmini vurğulayıblar. Vətənpərvərlik və türkçülük ruhunda bədii proqramla davam edən tədbir çərçivəsində, həmçinin Mingəçevir Dövlət Dram Teatrında tələbələrin ifasında “Səhnələşən klassika” adlı səhnəcik nümayiş etdirilib. Beynəlxalq konfrans mayın 19-da panel müzakirələri, paralel sessiyalar, akademik vorkşoplar və elmi-praktik forumlarla öz işini yekunlaşdıracaq.









Həvva Cəbrayılova
