Bu gün:

“Yeganə məhdudiyyət beyninizdə yaratdığınızdır!" Müsahibə


Fiziki məhdudiyyət arzuların gerçəkləşməsində, hədəflərə çatmaqda əngəl deyil. Bu, reallıqda müşahidə olunan, kifayət qədər nümunələrlə sübut edilə biləcək bir faktdır. Əvvəllər fiziki məhdudiyyəti olan insanlar daha çox ev şəraitində qalmağa üstünlük verir, cəmiyyətdən təcrid olunurdular. Amma hazırda sosial cəhətdən aktiv insanların içərisində onlara tez-tez rast gəlirik. Belə örnək insanlardan biri də həm idmançı, həm də gənc yazar Mətanət Quliyevadır.

Onun sözlərinə görə, hələ məktəbli ikən taleyin gözlənilməz sürprizi ilə qarşılaşıb və yerimə qabiliyyətini itirib. Lakin ailəsinin dəstəyi, iradəsinin gücü ilə həyatdakı bütün çətinliklərə qalib gəlib.

M. Quliyeva bildirib ki, 7-ci sinifdə yaşadığı bu hadisədən sonra 1 il özünə qapanıb, heç kimlə ünsiyyət qurmaq istəməyib. Lakin indi həmin zamana təəssüf hissi ilə baxır. Bütün uğurlarını itirdiyi 1 ilin əvəzi hesab edir.

O əlavə edib ki, məhdudiyyətlər uğur qazanmağa əngəl deyil:

“İlk uğurum həyat eşqimi daima qoruyub saxlaya bilməyimdir. Paralimpiyanın boccia idman növü üzrə keçirilən yarışlarında iştirak edərək qalib gəlib millimizə üzv olmağım və 2015-ci ildə “Kəpənəyin saldığı yol” adlı ilk şeirlər kitabımın işıq üzü görməyini də həyat eşqimə borcluyam”.

Heç nəyin səbəbsiz olmadığını düşünən Mətanət hamını inamlı olmağa səsləyib:

“Əlillik heç kəsə səbəbsiz verilmir, verilibsə, sonda uğur sizi gözləyir. Yalnız bir məhdudiyyətdən danışmaq olar ki, o da sizin beyninizdə yaratdığınızdır. Əgər istəyirsinizsə, incəsənətlə də, idmanla da rahat məşğul ola bilərsiniz. Məsələn, boccia idman növü fiziki məhdudiyyətli insanlar üçündür. Maraq dairənizə uyğun olan sahəni seçin və çalışın, bu zaman uğurlu olmaq qaçınılmazdır. Yaşadıqlarınızdan asılı olmayaraq, inanın ki, hər biriniz hədəflərinizə çatacaq gücə sahibsiniz”.

Sonda müsahibimizin “Yeganə məhdudiyyət beyninizdə yaratdığınızdır!” ifadəsini məşhur braziliyalı yazıçı Paulo Koelhonun həyat hekayəsi ilə bütünləşdiririk:

Paulo Koelho uşaqlıqda yazıçı olmağı arzulayır və bunun üçün çalışırdı. Valideynləri isə daha ciddi sənət sahibi olmasını arzulayır və Paulonun ruhi xəstə olduğunu düşünürdülər. Onlar övladlarını xilas etmək üçün düz üç dəfə Ruhi Xəstəliklər İnstituna göndərdilər. Lakin kiçin Paulo yazmaqdan vaz keçmədi və zəmanəsinin ən nüfuzlu və populyar yazıçılarından birinə çevrildi.

Paylaş
Şərh əlavə et