24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı psixoloq Əfsanə Rüstəmovadır. O, uşaqlarda zehni bacarıqların inkişaf etdirilməsi haqqında danışıb.

-Uşaqlarda zehni bacarıqlar necə inkişaf etdirilə bilər?
-Zehni bacarıq zehni inkişafın ilk pilləsidir. Belə ki, yeni dünyaya gəlməkdən başlayaraq həyatın son gününə kimi insan daima daha optimal düşünməyi təmin edəcək zehni bacarıqlara yiyələnməlidir. Yaş dönəminə uyğun olan zehni bacarıqlar şəxsin normal inkişafını göstərən amil də hesab oluna bilər. Həyatın 0 yaş dönəmindən başlayaraq biz nələrisə verbal və qeyri-verbal, yəni danışaraq, yaxud müxtəlif bədən dilləri şəklində öyrənirik. Əgər sual olunsa ki, biz bunu haradan və necə başlayaq, öncəliklə onu deyə bilərəm ki, valideynlər, ilk növbədə, nə istədiyinə qərar verməlidir. Nə istədiyimizi bilmədən necə əldə edəcəyimizlə bağlı danışmaq da, təbii ki, mümkün deyil. Amma hər bir halda ilkin ibtidai bacarıqlar üçün lazım olanlar “baza paket” şəklində mənimsənilməlidir. Uşaqların qavrama və öyrənmə yaşı fərqləndiyi üçün burada ümumi bir yanaşma verməyin doğru olmadığını düşünürəm. Yalnız fərdi yanaşmamız bizə doğru yol göstərə bilər. Bunun isə yolu doğru müşahidədən keçir. Sadəcə, yaxşı müşahidə edərək “hazırda qabında nə qədər yer olduğuna və onun bu zaman dilimində daha çox nəyə ehtiyacı olduğuna diqqət edib, ona uyğun planlama edilməsi” ən doğrusudur. Bu dönəm valideynin tək başına idarə edəcəyi dönəm deyilsə, mütləq şəkildə pedaqoq və psixoloqlardan dəstək almaları tövsiyə olunur.
Aydan Qasımova
