Bu gün:

“Azərbaycanda intihar edənlərin sayı çox deyil”


24Media.az-ın bu dəfəki müsahibi Azərbaycanın tanınmış psixiatrı Orxan Fərəclidir. Onunla  insanların psixiatra müraciət etməkdən çəkinmələri, intihar halları, yüngül və ağır psixi pozuntular barədə söhbətləşdik.


 Əksər insanlar psixiatra müraciət etməyə çəkinirlər. Sizcə bu nə ilə bağlıdır?

- Dünyanın hər yerində rast gəlinən hadisələrdəndir. Tibbdə bu stiqma adlanır. Stiqma insanların şüurunda kök salan qorxu hissidir. Bu həm müraciət etmək istəyən insanlarda, həm də bu sahədə çalışanlarda rast gəlinən hissdir. Azərbaycanda bəzən psixiatra gəlməzdən əvvəl falçıya, ekstrasensə gedirlər, sonra terapevtə, daha sonra nevropatoloqa sonda isə psixoloq, psixiatr yanına gedirlər. Bu sxem isə insanların savadına, dünyagörüşünə görə dəyişir. Bəzi insanlar psixiatra “dəli həkimi” kimi baxır, bəziləri həkimlərə “yalnız dəlilərlə işləyirsiniz” deyir. Bu da maariflənməklə bağlıdır. İnsanların bu sahəylə bağlı bildikləri az olanda inamları da az olur, inam az olduqda isə gəlməyə çəkinirlər.

Çoxları psixoloqla psixiatrı ayırd edə bilmir. İki peşə arasındakı fərqi izah edərdiniz?

- Psixiatrlar həkimdir. Azərbaycan qanunvericiliyinə görə 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər. Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəssislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət ilə) həyata keçirirlər.

 Artıq uzun müddətdir ki, bu sahədə çalışırsınız. Ötən illərlə müqayisədə müraciət edənlərin sayında nə kimi dəyişiklik var?

- Ötən illərlə müqayisədə insanlar psixiatra daha rahat müraciət edirlər. Televiziyalarda insanların sağlamlığına həsr olunan proqramlara psixiatrların çağırılması, maarifləndirmək işinin digər illərə nisbətən daha çox aparılması insanların düşüncəsini dəyişir. İnsanlar savadlı psixatrları tanıyır və müraciət edərək problemləri üçün kömək istəyirlər. Psixi problemlərin artıb-azalmağı da saya təsir göstərən başlıca amildir. Ən ağır ruhi xəstəlik hesab edilən şizofreniya artmır. Dünya ölkələrində, eləcə də Azərbaycanda 20 il əvvəl də eyni saydaydı, elə indi də. Depresiya və nevrotik xəstəliklərin sayında isə artım müşahidə olunur. Bu kimi problemləri olan insanların isə müraciət etməməsi bir çox hallarda intihar və cinayətlərin sayının artmağına səbəb olur.

 Son illərdə intiharların sayı hansı yöndə dəyişib?

- Əvvəlcə onu qeyd edim ki, statistikaya baxıb, digər ölkələrlə müqayisə etsək Azərbaycanda intihar edənlərin sayı çox deyil. İntihar hadisələrinin mediaya rahat sızması, qısa müddət ərzində yayılması bizə bu halların sayının artdığı düşüncəsini gətirir. Ölkəmizdə intihar sayının az olmasının başlıca səbəbi din faktorudur. İnsanlar özünü öldürməyin günah olduğunu fikirləşirlər. Digər səbəb isə sosial mühitin nisbətən yaxşı olmasıdır. Professional olmasa belə yenə də dəstək olurlar. Həmin insanlar özlərini tənha hiss etmirlər. Lakin ortada bir intihar hadisəsi belə olsa bu narahatedici hal hesab olunmalıdır.

 Yeniyetmələr və gənclər arasında baş verən intihar halları haqqında nə deyə bilərsiniz?

- Orta məktəblərdə vəziyyət ürəkaçıcı deyil. Məktəblilər arasında fərqli düşüncələri olanlar var. Və çox təəssüf ki, Elinanın intiharı və ondan sonra baş verənlər buna əyani sübut idi. Elinanın düşüncə tərzi fərqli idi və onun ətrafı anlamaq istəmirdi. Heç anlamağa cəhd də etmirdilər. Və nəticədə bir qızımızı da itirdik. Gənclərə, ələlxüs da yeniyetmələrə qarşı məktəblərdə daha diqqətli, anlayışlı davranmaq lazımdır.

 İntihar edəni “psixiatrik xəstə” adlandırmaq olarmı? Yoxsa hər hansı insan bir anda intihar vəziyyətinə çata bilərmi?

- İntihardan bəhs edən elm sahəsi Suisidologiya adlanır. Suisidologiyada belə bir termin var -  “əqrəb intiharı”. Sizin dediyiniz bir neçə saat içində intihar vəziyyətinə gəlmək əqrəb intiharı hesab olunur. Amma bu çox nadir hallarda baş verir. İntihar əvvəlcədən planlaşdırılmış bir şeydir. İntihar edən adam mütləq əvvəlcədən ətrafdan kömək istəmiş, bu qərarı birbaşa və ya dolayı yollarla ətrafndakılara çatdırmış olurlar. İnsanlar diqqətli olsalar, çevrələrində intihar etmək qərarı almış insanları görə bilərlər. İntiharların 90-95 faizinin kökündə psixiatrik problemlər, xüsusilə depresiya dayanır. Bu da bir günə verilmiş qərar deyil. İnsanın həyatında baş verən mənfi hadisələr və bu mənfi hadisələrə görə heçnəyə müsbət baxa bilməmək depresiyaya gətirib çıxardır. Və çox təəssüf ki, depresiyanın sonu bəzi hallarda intiharla nəticələnir. İnsan intihar etmək istəyən anda yanındasınızsa, onunla danışmağa cəhd edə, yanında olduğunuzu hiss elətdirə bilərsiniz. Belə halda həmin insanı bu fikirdən yayındıra bilərsiniz.

 El arasında belə bir düşüncə var ki, çox oxumaqdan adamın başına hava gəlir. Sizcə, bunu hansı əsasla deyirlər? Ümumiyyətlə, belə bir statistika mövcuddurmu?

- Qətiyyən belə deyil. Çox oxumaqla ruhi xəstəlik arasında heç bir əlaqə yoxdur! Sadəcə psixoloji xəstəliklərin bir çoxu, xüsusən də Şizofreniya qoca, cavan, savadlı, savadsız, qadın, kişi tanımır. Çox savadlı bir insanda şizofreniya ola bilər. Məsələn, hansısa ucqar kənddə 10 dənə şizofren var. Yalnız biri çox savadlıdır. İnsanlar digər 9-nu deyil də, məhz o bir savadlını qabardırlar ki, çox oxumaqdan başına hava gəlib. Statistikaya da baxsaq görərik ki, psixi xəstəliklər savadlı insanlarda daha az rast gəlinir.

 Yüngül və ağır psixi pozuntular nədir? Və onlar arasındakı fərqi necə müəyyənləşdirmək olar?

- Növbəti illərdə insanda yaradacağı dəyişikliklərə görə yüngül və ağır adlandırmaq olar. Ən ağır hesab olunan xəstəlik şizofreniyadır ki, insanın xarakterini dəyişə bilir, mövcud insandan tamam fərqli insan yarada bilir. Nevrozlar, depresiyalar isə bu kimi dəyişikliklər yaratmır. Xəstəliyin müalicəsinə gec başladıqda ağırlaşa bilir. Elmi təsnifata nəzər salsaq isə psixi pozuntular yüngül və ağır deyə bölünmür.

 Ağır psixi pozuntusu olan xəstələrlə də işləyirsiniz. Müayinə və ya müalicə əsnasında sizin üçün təhlükə törədən nüanslar olubmu?

- Bəli olub, bəzən psixozlu xəstələrin hücumları da olub, amma o xəstələr özlərinə gəldikdən sonra bu davranışlarına görə üzrxahlıq ediblər həmişə.

 Hipnoterapiya psixi pozuntuların müalicəsində istifadə edilirmi?

- Hipnoterapiya psixiatriyanın müalicə üsullarından biri olan psixoterapiyanın növüdür. Onun qədim tarixi var. O dövrlər müalicə vasitəsi kimi geniş istifadə olunurdusa, bu gün hipnoterapiya üsulundan istifadə minimum həddədir. Özünü doğrultmadığı üçün onun müalicə metodu kimi tətbiqi də xeyli məhdudlaşdırılıb.

 Sağalmayan psixoloji xəstəlik varmı?

- Sağalma nisbi anlayışdır. Tam sağalan nə qədər xəstəlik tanıyırsınız? Deyək ki, mədədə qastrit var. Müalicə ilə keçdi, amma sonra nə gəldi yesəniz, təkrar problem olacaq. Boğazınız ağrıyır, müalicə edirsiniz keçir, soyuq su içən kimi yenə ağrıyacaq. Müalicə olunanda xəstəliklərin əlamətləri gedir, amma qayıda bilər və çoxu təkrarlanır. Nevrozlar da belədir, adam dərmanlarını içib yaxşılaşır. Sonra getdi narkotik maddə istifadə etdi, gecə 4-5-ə qədər telefonda oturdu, yatmır, spirtli içki qəbul edir. Bunlar xəstəliyi yenə geri qaytaracaq. Həyat tərzi, hadisələrə yanaşma, günlük rejim və s. təsir edir.

 Bəs psixi sağlam insan kimə deyə bilərik?

- Bunu demək çətindir. (gülür) Mən sizə xəstəliklər, onların müalicəsi haqqında saatlarla danışa bilərəm. Xəstəlik konkretdir, simptomları varsa, müayinə edilir və müəyyən edilir. Əslində hər kəsdə az ya çox psixi xəstəlik əlamətləri ola bilər. Amma bu insanın özünə və ətrafındakılara təsir etmədikcə xəstəlik hesab olunmur. Və sosial mühit məsələsi var. Məsələn, bu yaxınlarda Azərbaycana xarici psixiatr qonaq gəlir. Qaldığı otellə üzbəüz binada bir qadının əlində nəsə yandırıb evdə gəzir. Qadını şizofren hesab edib, sonradan məlum olub ki, həmin qadın inanca görə bəd gözlərdən qorumaq üçün üzərlik yandırıbmış. Sosial mühit, kulturoloji fərqlər, mədəniyyət ünsürləridə mühüm rol oynayır ki, bizim ölkədə adi hesab edilən bir şey xarici ölkədə psixi xəstəliyin əlaməti hesab edilə bilər.

 Son olaraq məsləhətiniz nə olardı?

- Hər kəs yuxu rejiminə, qidalanmasına diqqət eləsin. Gündəlik həyatlarından idmanı, təmiz hava gəzintisin əksik etməsinlər. Xırda problemləri gözlərində böyüdüb özlərinə dərd etməsinlər. Hər şeydən problem çıxarsalar depresiya qaçılmaz olacaqdır. İnsan özü-özünü qorumalıdır, dəyər verməlidir. Özünüz-özünüzə dəyər verin ki, ətrafdan da həmin dəyər və sevgini görə biləsiniz.

Paylaş
Şərh əlavə et