
Dostlarla görüşmək ümumi rifahı və psixoloji sağlamlığı yaxşılaşdıra bilər. “The Sun” yazır ki, Califia Farms Böyük Britaniyada 2000 nəfər arasında sorğu keçirdikdən sonra bu qənaətə gəlib.
Nəticələrə əsasən sorğuda iştirak edənlərin 67 faizi dostlarla vaxt keçirməyin onların rifahını yaxşılaşdırmağın asan yolu olduğuna inanır. Sorğu iştirakçıları hesab edirlər ki, dostla 25 dəqiqə idman zalında məşq etmək isti vanna qəbul etmək kimi bədən, ağıl və psixoloji sağlamlıq üçün eyni fayda gətirir. Orta hesabla ümumi vəziyyətlərini yaxşılaşdırmaq üçün sorğunu cavablayanlara dostlarının əhatəsində 1 saat 49 dəqiqə vaxt sərf etmələri lazım idi.
Yarıdan çoxu (51 faiz) bir fincan kofe içmək üçün yaxınları ilə görüşməyi xoşladığını, 46 faizi gəzinti, 43 faizi isə restorantda şam yeməyi üstün tutduğunu bildirib. Hər iki nəfərdən biri (55 faiz) spirtli içkisiz dostluq məclislərini daha üstün adlandırıb. 34 faiz insan bunu ayıq olanda daha mənalı söhbətin əldə olunduğu, 31 faiz spirtli içkisiz sıx əlaqələr qurula biləcəyi ilə, eyni sayda insan içkiyə qənaət etmək istəməsi ilə izah edib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Günel Məmmədova
