Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) vasitəsilə ölkəmiz 2026-cı il yanvarın 1-dən etibarən Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv statusunda təmsil olunacaq.
Dövlət Agentliyindən verilən məlumata əsasən, 24media.az bildirir ki, IEC-ə üzvlüyün əsas hədəfi elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyanı sürətləndirmək, həmçinin ölkəmizin beynəlxalq standartlaşdırma proseslərində iştirak imkanlarını genişləndirməkdir.
Assosiativ üzvlük statusu Azərbaycanın IEC-in standart bazasından faydalanmasına, eyni zamanda bu qurumun elektrik, elektronika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, robototexnika və nanotexnologiyalar sahələri üzrə texniki komitələrinin fəaliyyətində iştirak etməsinə şərait yaradacaq. Bu imkanlar ölkədə sözügedən sahələrin inkişafına təkan verəcək, yeni texnologiyaların tətbiqini və beynəlxalq innovativ yanaşmaların mənimsənilməsini sürətləndirəcək.
Məlumatda qeyd olunur ki, cari ilin oktyabr ayında AZSTAND-ın IEC-ə assosiativ üzv kimi qəbul olunması üçün tələb olunan şərtlərin yerinə yetirilməsi məqsədilə Milli Elektrotexniki Komitə yaradılıb.
Qeyd edək ki, IEC elektrotexnologiya sahəsində elektrik və elektron məhsullar, eləcə də bu sahəyə aid xidmətlər üzrə konsensusa əsaslanan beynəlxalq standartların hazırlanması və nəşri ilə məşğul olan, uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatlardan biridir.
Fatimə Hüseynova
