Bu gün:

Stressi necə aradan qaldırmalıyıq?


Gündəlik həyatımızda və zehni quruluşumuzda zaman-zaman qarşılaşdığımız problemlər bizi stress yaşamağa sövq edə bilər. Stress adlandırılan bu amillərə qarşı stressi idarə edə bilmək həm ruhi, həm də fiziki sağlamlığımızı qoruyur. Həyatımızın hər anında qarşılaşdığımız stress bir çox insanların həyatına mənfi təsir edən amillərdəndir. Müasir dünyada bu, insanların stressə nəzarət etmələri üçün vacib bir ehtiyac olaraq görülür. Həyatdan məmnunluğumuzu azaldan nəzarətsiz stress ciddi nəticələrə səbəb ola bilər. Odur ki, insanların streslə mübarizə haqqında bilikləri və məlumatlılıqları stressin mümkün mənfi nəticələrini aradan qaldıra bilər.

Stress nədir? 

Stress yaşayan insanlar bunu tez-tez "cansıxıcı hiss etmək" kimi təsvir edirlər. Bu günün ən çox müşahidə olunan stressorları: ailə münaqişələri, xəstəlik, zorakılığa məruz qalma və ya şahidlik, maliyyə problemləri, gələcəyə dair qeyri-müəyyənlik. Bundan əlavə, iş yoldaşları ilə mübahisə etmək və ya tıxacda qalmaq kimi gündəlik problemlər bizi stressə sala bilər.

Stressin təsiri 

Yaşadığımız stress səviyyəsinin aşağı olması heç bir problem yaratmasa da, gərgin vəziyyətlər orqanizmə mənfi təsir göstərir. Stressin yaratdığı sağlamlıq problemləri arasında dəri problemləri, infeksiya, bağırsaq problemləri, baş ağrısı, boyun və bel ağrısı, mədə ağrısı, boğazda şiş, sinədə ağırlıq, əzələ gərilməsi daha çox yayılıb. Bundan əlavə, iştahada dalğalanmalar, konsentrasiyada çətinlik, ani qəzəb, narahatlıq və yuxu problemləri yarana bilər. Bütün bunların nəticəsində, özümüzü bədbəxt, narahat və günahkar hiss edə bilərik.

Stressi necə idarə edə bilərik? Dünya ilə əlaqə qurma texnikası 

Etdiyimiz fəaliyyətlərdə daha çox iştirak etməyi və diqqətimizi daha yaxşı cəmləməyi öyrəndikdə stresslə daha yaxşı mübarizə apara bilərik. Bunun üçün biz bütün diqqətimizi gördüyümüz işə yönəltməliyik. Bu, "Dünya ilə əlaqə qurma" texnikası ilə mümkündür. Məsələn, çay və ya qəhvə içirsinizsə, bütün diqqətinizi içkiyə verin, içkini maraqla araşdırın, sanki əvvəllər belə içkiyə rast gəlməmisiniz, içkinin rənginə fikir verin, qoxusunu hiss edin, yavaş-yavaş bir qurtum alın, qurtumunu dilinizdə tutun, o qurtumu hiss edin.

Yenidən fokuslanaraq və gördüyümüz işə davam etməklə, ilişib qaldığımız düşüncələrdən uzaqlaşırıq. Ancaq bəzən yaşadığımız stressin intensivliyi o qədər çox ola bilər ki, özümüzü emosiyalar fırtınasında tapa bilərik. Belə hallarda: Əvvəlcə nə hiss etdiyinizə və nə düşündüyünüzə diqqət yetirin. Sonra yavaşlayın və vücudunuzla əlaqə yaratmağa çalışın: Nəfəsinizi yavaşladın. Ağciyərlərinizi boşaldın. Sonra yavaş-yavaş ağciyərlərinizi doldurun, ayaqlarınızı yerə basdırın. Qollarınızı bükün və ya əllərinizi bir-birinə sıxın. Bu proses zamanı yavaş hərəkətlər edin.

Mənbə: Live to bloom

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et