
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Gültəkin Həsənovadır. Gültəkin Həsənova parklardakı attraksionların uşaqların psixologiyasına təsirindən danışıb.
-Attraksionlar uşaqların psixologiyasına necə təsir edir?
İlboyu uşaqlar parkdakı attraksionlardan istifadə edirlər. Yay ərzində isə uşaqlar parklara daha tez-tez üz tuturlar. Attraksionlar uşaqların inkişafına müsbət təsir göstərir. Uşaq attraksionları dedikdə ağlımıza ilk gələn uşağın gözündəki sevincdir. Çünki orada həm nağıl qəhrəmanlarından istifadə olunur, həm də qeyri-adi şeylər uşağın təxəyyülünü gücləndirir. Bundan əlavə sensor sistemi daha da işə salır. Uşaq ətrafına baxır, nəyisə dinləyir, nəyəsə diqqət yetirir. Bunların hamısı müsbətdir. Amma mənfi cəhətləri də var. Musiqisi, sürəti az olan attraksionlar daha yaxşıdır. Görüntü, səs, işıq, dinamik effektlər, sürət, hündürlük həddindən artıq olanda, normanı aşanda uşağa mənfi təsir göstərə bilir. Attraksionlar bu gün üçün yaxşıdır, lakin daha da yaxşı olması arzu olunandır. Stimullar nəzərə alınmalıdır, nağıl qəhrəmanları müsbət xarakterli olmalıdır. Onların dünyagörüşünü artıran qəhrəmanlardan istifadə edilməlidir. Qorxulu, eybəcər görünən qəhrəmanlar uşağın psixologiyasına mənfi təsir edə bilər.
Fidan Abdullayeva
