ABŞ ilə Rusiya arasında hazırlanmış ehtimal olunan sülh sənədinin məzmunu mediaya sızıb və sənəddə Ukraynanın nəzarətində qalan Donbas bölgəsinin hissələrinin Rusiyanın faktiki nəzarətinə verilməsi kimi kəskin təkliflər yer alır.

Sənəddəki son variantlara görə, Ukrayna ordusunun sayının da 600 min nəfərə endirilməsi təklif olunur. Hazırda Ukrayna Silahlı Qüvvələrinin aktiv şəxsi heyəti təxminən 880 min nəfərdir.
Sənədin əsas bəndləri
Toplam 28 əsas maddədən ibarət layihə sənədi bəzi məqamlarda Ukrayna üçün qəbul edilə biləcək elementlər ehtiva etsə də, bir çox hissəsi qeyri-müəyyən sayılır.
Ukraynanın suverenliyi “təsdiqlənir”
Rusiya, Ukrayna və Avropa arasında “tam və hərtərəfli aqressiya etməmə razılaşması” nəzərdə tutulur.
Kiyevə “etibarlı təhlükəsizlik zəmanətləri” verilməsi qeyd olunur, lakin bu zəmanətləri kimin və necə təmin edəcəyi göstərilmir.
100 gün ərzində Ukraynada növbədənkənar seçkilər keçirilməsi tələb olunur. Hazırda ölkədə hərbi vəziyyət olduğu üçün seçkilər mümkün deyil, lakin sülh müqaviləsi imzalanarsa nəzəri olaraq təşkil oluna bilər.
Rusiyanın yeni hücumu halında “koordinasiyalı güclü hərbi cavab” və sanksiyaların bərpası təklif edilir.
Ən mübahisəli təkliflər: ərazi verilməsi və ordunun kiçildilməsi
Sənəd Ukraynanın hazırda öz nəzarətində saxladığı Donetsk vilayəti hissələrindən — Slovyansk, Kramatorsk və Drujkovka kimi strateji şəhərlərdən tam çıxmasını və həmin zonanın “demilitarizasiya olunmuş neytral zona” elan edilməsini nəzərdə tutur. Bu zona beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınacaq.
Ukrayna rəhbərliyi bu kimi şərtləri qəbuledilməz hesab edir. Ukraynanın BMT-dəki nümayəndəsi Xrystyna Hayovyshyn bildirib:
“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin Rusiyanın ərazisi kimi tanınması heç vaxt qəbul edilməyəcək. Ölkəmizin özünümüdafiə hüququna və ordunun sayına qoyulan məhdudiyyətlər də qəbuledilməzdir”.
Sızan mətnə görə:
Krım, Luqansk və Donetsk bölgələri “de-fakto Rusiya” kimi tanınmalıdır.
Xerson və Zaporojye vilayətlərində isə cəbhə xətti dondurulmalı, bəzi ərazilərdən Rusiya qüvvələri geri çəkilməlidir.
Analitiklərə görə, planın bu forması ən çox Rusiyanın mövqelərinə uyğundur və Ukraynada geniş şəkildə rədd ediləcək.
Mənbə: BBC
Tərcümə etdi: Nuray Ədilzadə
