Bu gün:

“Yeniyetmə həm uşaqlıqdan qalan izləri daşıyır, həm də gənc olmağa çalışır”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Şəbnəm İslamlıdır. O, yeniyetmələrdə depressiya halları ilə bağlı danışıb.

-Yeniyetmələr arasında depressiya halları necə yayılıb?

Yeniyetməlik elə bir dövrdür ki, həmin şəxs uşaqlıqdan çıxıb, daha böyük yaşa qədəm qoyur. O şəxs nə uşaq, nə də gənc sayılır. Həm uşaqlıqdan qalan izləri daşıyır, həm də gənc olmağa çalışır. Bu zaman bəzi sıxıntılar yaşanır. Balaca uşaqlar kimi diqqət, qayğı istəyir. Həm də böyük insan kimi azad, müstəqil olmaq istəyir. Təzadlıq olduğu üçün yeniyetmənin nə istədiyini gec başa düşmək mümkündür. Yeniyetməlikdə depressiyanın yaranmasının səbəbi uşaqların lap kiçik yaşlarından ailə bağlarının düzgün qurulmaması və ya sosial mühitdə kiçik yaşlarından özünü düzgün ifadə edə bilməmələridir. Çətin yeniyetməlik keçirən şəxsin uşaqlığına nəzər yetirsək, ailədə bir qədər sıxıntılar və ya məktəbdə bir sıra problemlər var deməkdir. Yeniyetməliyə keçid dövründə həm fizioloji, həm psixoloji, həm də hormonal cəhətdən dəyişikliklər olur. Yeniyetməlik bio psixososial prosesdir. Boy, çəki, xarici görünüş sürətlə dəyişildiyi üçün yeniyetmə buna adaptasiya olmaqda bir qədər çətinlik çəkir. Bədən tam formalaşmadığına görə bəzən şəxs öz xarici görünüşünü bəyənmir və özündə müəyyən komplekslər yaradır. Depressiya yeniyetmələrdə özünü daha çox özünəqapanma kimi göstərir. Həmin şəxslərin öz dünyası olur və heç kəsi bu dünyaya buraxmaq istəmir. Yuxu problemləri, iştahda problemlər, yorğunluq, həvəssizlik yaranır. Yeniyetmələr daha çox ailəsi və ətraf mühiti tərəfindən qəbul olunmaq istəyirlər. Valideynlər bu dönəmdə anlayışlı olmalıdır. Təşvişə qapılmamaqları və övladlarına sərhədlər içərisində sərbəstlik vermələri tövsiyə olunur. Bu sərhədlər də yeniyetmələrə güvən hissi verir. Ailədən kənar mühitdə daha çox vaxt keçirməsi yeniyetmədə gözlənilən haldır. Çünki yaşıdları tərəfindən bəyənilmək, qəbul olunmaq istəyirlər. Bu onlar üçün önəmlidir. Həmçinin də təhlükəli dövrdür. Yeniyetmə bu dövrdə zərərli vərdişlərə də başlaya bilər. Əksər vaxtlarda bu situasiyanın səbəbi valideynlə düzgün qurula bilməyən bağlar olur. Yeniyetmələrdə depressiyanı yaradan faktorlardan biri də ailədə itki, boşanma halları və yeni, alışılmamış mühit ola bilər. Ailənin genetikasında depressiyaya meyillilik varsa, yeniyetmədə də bunun görünmə payı çoxdur. Depressiya digər psixoloji narahatlıqlarla müqayisədə daha çox görünən problemdir. Depressiya hallarında azalma yox, artma müşahidə olunur. 

24Media.az qeyd edir ki, depressiya və ya depressiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən inkişaf etmiş ölkələrdə ən çox əlilliyə səbəb olan 3 xəstəlikdən biridir. Təxminən hər 7 insandan biri həyatının hər hansı bir zamanında depressiv epizod keçirir. 

Fidan Əlizadə

Paylaş
Şərh əlavə et