Amazon çatdırılma sürücüləri üçün nəzərdə tutulan süni intellektlə təchiz edilmiş “Amelia” adlı ağıllı eynəklərin prototipini təqdim edib.
Eynəklər kamera və daxili displeylə təchiz olunub, həmçinin düyməsi olan xüsusi jilet ilə birləşir. Sürücülər bu düymə ilə çatdırılma zamanı şəkil çəkə bilirlər.
Amazonun nəqliyyat üzrə vitse-prezidenti Beril Tomay bildirib ki, bu texnologiya hazırda ABŞ-nin müxtəlif bölgələrində onlarla çatdırılma xidməti tərəfdaşı və yüzlərlə sürücü tərəfindən sınaqdan keçirilir.
Eynəklər hələlik yalnız sürücülər üçün nəzərdə tutulub, lakin gələcəkdə Şimali Amerikadan başlayaraq qlobal miqyasda istifadəyə veriləcək. Tomay eynəklərin sürücülərin işini asanlaşdırmaq üçün xüsusi dizayn edildiyini vurğulayıb.
Meta şirkəti də son aylarda oxşar smart eynəklər üzərində işləyib, lakin onlar adi istifadəçilər üçün nəzərdə tutulub.
Amazonun “Amelia” eynəkləri isə çatdırılma prosesinin “son mərhələsində” səmərəliliyi artırmağa yönəlib. Eynəklər avtomobil hərəkətdə olduqda avtomatik olaraq sönür, bu da təhlükəsizlik məqsədi daşıyır.
Tomayın sözlərinə görə, bu texnologiya 8–10 saatlıq iş növbəsində sürücülərə təkrarlanan tapşırıqları azaltmaqla təxminən 30 dəqiqəyə qədər vaxt qazandıra bilər. Eynəklərdə həmçinin kamera və mikrofonu tam söndürmək üçün fiziki açar da mövcuddur.
Tərcümə etdi: Nərmin Məmmədzadə
Mənbə: BBC
