24Media.az-ın növbəti müsahibəsinin qonağı müxtəlif xəbər saytları ilə fotojurnalist, fotoqraf və videoqraf kimi əməkdaşlıq etmiş Müzəffər İsmayılovdur.

Əslində, bir çox insanda olduğu kimi, sizdə də oxuduğunuz və hazırda çalışdığınız sahə tamamilə fərqlidir. Bildiyimə görə, Azərbaycan Dövlər Aqrar Universitetində marketinq ixtisası üzrə təhsil almısınız, bəs fotoqraflıqla yolunuz necə kəsişdi?
“Sırf həvəs, hobbi olaraq başladım, sonradan artıq ilk fotoaparatımı aldıqdan sonra 2014-cü ildə işə başladım, lakin 6 ay fotoqraf kimi səsimi çıxarmadım. Artıq 6 aydan sonra iş təklifləri gəlməyə başladı. İsmayıllıda yaşayırdım, Bakıya gəldikdən sonra artıq təhsil aldığım sahəyə maraq duymadım. 2018-ə qədər 2 növbə işləyirdim, həm öz ixtisasım, həm də foto işi ilə məşğul olurdum. Həmçinin öz ixtisasımla məşğul olmamağımın digər səbəbi də 12-13 saat kompüter arxasında oturduğumdan yaddaşımın zəifləməsi idi”.
Bəs ilk iş təklifi haradan gəldi?
“Açığı, bu insanın məqsədi ilə əlaqədardır. Mən fotoaparat üçün evdən pul alanda “6 aydan sonra bu işdən pul qazanmağa başlayacam” demişdim. Elə 6 aydan sonra İsmayıllıda studiyadan təklif gəldi, mən də qəbul elədim”.
Fotoqrafiya ilə neçə yaşınızdan peşəkar olaraq məşğulsunuz?
“Bu sahəyə 20 yaşımda həvəskar olaraq başlamışam. Əslində, insan özünə peşəkaram dedikdə bu onun qırılma nöqtəsidir. Bu zaman insan öz üzərində işləməyi dayandırır. Buna görə də mən özümə peşəkar deyə bilmərəm. Sadəcə bir müddət sonra təcrübəm artdı”.
İlk fotoaparatınıiz haqqında danışmaq istiyərdim, ilk fotoaparatınızı necə əldə etmişdiniz, həmin xatirələri bölüşə bilərsinizmi?
“İlk fotoaparatımı bacımdan borc pul alaraq almışdım. Əsgərlikdən gəldiyim vaxta təsadüf edirdi. Fotoaparatı almaq üçün rayondan Bakıya gəldim, 420 manata aldım və o fotoaparatla pul qazanmağa söz verdim”.
İlk çəkdiyiniz fotonu hələ də saxlayırsınız?
“Fotoaparatı aldığım ilk 6 ayda ancaq təbiəti, heyvanları bəzən də insanları çəkirdim. Bəzən insanlar fotoaparatı aldıqdan sonra terminləri öyrənməyə çalışır, amma bu, yanlış üsuldur. İlk olaraq fotoaparatı funksional olaraq bilməlisən. Əslində, səs-küy salan bir çox fotolar çəkmişdim ilk vaxtlarda, ən çox ağlımda qalan, İsmayıllı rayonunun İvanovka kəndində qara fonda çəkdiyimdir, həmin şəkil çox paylaşıldı”.

Bəs siz hansı fotoqrafları bəyənirsiniz, ideal kimi gördüyünüz kimsə var?
“İşini bəyəndiyim bir neçə dostum var, amma ideal kimi gördüyüm biri yoxdur. Zənnimcə, bu psixoloji bir şeydir, bir insanı özünə nümunə kimi seçdikdə sənin də çəkiliş tərzin ona oxşamağa bənzəyir, fərqlilik qalmır. Sən artıq sən olmaqdan çıxırsan və onun kimi olmağa başlayırsan, artıq bir fərqin qalmadığına görə sənə də ehtiyac qalmır”.
Siz həm xəbər saytlarında, həm də frilans olaraq çalışırsınız, bəs bunlar arasındakı fərq nədir? Portret fotolar çəkməklə xəbər fotoları çəkmək arasındakı fərq nədən ibarətdir?
“Əsas fərq məqsəddədir. Xəbər saytları üçün foto çəkdikdə burada məqsəd insanlara anı yaşadaraq, məlumatı çatdırmaqdır. İnsanlar arasında fərq nədədir desək - fotojurnalist yox, fotoqraf kimi fotolar çəkdikdə insanlar gülərək poz verir, pozitiv olur, amma fotojurnalistikada daha çox hüzn, kədər hakim olur”.
Bu sahədə işinin peşəkarı olmaq üçün nəyi prioritet halına gətirmək lazımdır?
“İlk olaraq, bu, təkcə mənim sahəmdə deyil, bütün sahələrdə keçərlidir ki, iş ilə şəxsi həyat qarışdırılmamalıdır. Daha sonra hansı sahədəsənsə, qısacası “sənə çörək verən” nədirsə, onu bilməlisən. Eyni zamanda insan psixologiyası da böyük rol oynayır”.
Bir müsahibənizdə “insan psixologiyasını əvvəlcədən təxmin edib sonra fotonu çəkməlisən” kimi cümlə işlətmişdiniz, bunu əvvəlcədən təxmin etmək sizin üçün çətin deyil? Bunu necə təxmin edirsiniz?
“Çox çətinlik yarandığını deməzdim. Burada təcrübə ilə yanaşı praktika da böyük rol oynayır. Əsgərlikdə olan zaman insan psixologiyası ilə bağlı kitablar oxumuşdum, bunun mənə böyük qatqısı olmuşdu”.
Elə bir şəkil olub heç düşünmüsünüz ki, insanların marağına səbəb olmayacaq, paylaşılmayacaq, amma insanlar tərəfindən böyük maraqla qarşılanıb?
“Son 1 ildə çəkdiyim bütün şəkillər deyə bilərəm. Bəzən mənə adi gələn şəkillər paylaşıldıqda insanlar tərəfindən böyük maraqla qarşılanır”.
Bəzən çəkdiyiniz fotolar bir çox insan tərəfindən maraqla qarşılanır və paylaşılır, biz bunu sosial şəbəkələrdə görürük, bəs həmin kadrları çəkməyi necə bacarırsınız?
“Əslində, anı yaratmaq və anı tutmaq fərqlidir. “An” bir anlıqdır, bunu özün yarada bilmirsən, çətin bir işdir, eyni zamanda yaxşı “Anı” tutmaq da hər kəsin işi deyil. “Anı yaratmaq” isə fotoqrafın öz işidir. Hər zaman çəkilişə gedəndə “Allah məni utandırmasın” deyirəm, bu, qorxduğum bir şeydir. Çünki elə yer ola bilər ki, maraqlı kadırlar qarşıma çıxmaz, amma şükür ki, belə bir halla qarşılaşmamışam”.
Ölkəmizdə çox insan sanki kameradan qorxur, qəflətən çəkilmiş şəkillərin paylaşılmasına razı olmur, sizcə, bu nə ilə bağlıdır?
“Bu, məncə jurnalistikanın günahıdır, kameranı insana neqativ olaraq yönləndiriblər, insanlarda kameraya qarşı neqativ bir hiss yaranıb. Qəflətən çəkilmiş şəkillərin paylaşılmasına narazılığın səbəbi həmin insanın fotojenik olması, özgüvən azlığı və ya ən əsas səbəb mentalitetdir. Avropada insanların fotosunu çəkən zaman kameraya gülümsəyirlər, amma Azərbaycanda çəkildikdə düşünülür ki, görəsən harada paylaşılacaq, hansı rəylər yazılacaq”.
Azərbaycanda foto sənəti ilə bağlı təhsil hansı səviyyədədir?
“Fikrimcə, təhsil yox səviyyəsindədir. Yaxşı bilənlər də paxıllıq edib öz bildiklərini bölüşmür, ya da bölüşdükdə də rahat, olduğu kimi deyildə dolayı yola qaçırlar. Azərbaycanda daha çox nəzəriyyəyə üstünlük verilir, praktikada heç bir şey göstərilmir. İnsan fotoaparatı əlinə almasa, nə qədər nəzəriyyə öyrədilsə də, insan biliksiz qalacaq”.
İnsanların bu sahədə ixtisaslaşması üçün nələrə ehtiyac var?
“İnsanda istək olmalıdır, amma həqiqi istək. Ondan sonra isə burada doğru istiqamət əsasdır. Əgər yanlış istiqamət verilirsə, o istək də, həvəs də məhv olur. Daha sonra isə praktika”.

Bu sahə ilə bağlı təlimlər keçirilirmi, hansı xüsusi kitablar var?
“Bəli, xaricdə yetərincə təlimlər var, buna onlayn olaraq da qatılmaq olur. Belə bir xatirəmi bölüşüm ki, bizim ölkə ilə xarici ölkələr arasında zaman fərqi olduğuna görə mən təlimlərə gecə qoşulurdum, yəni hər kəs yatanda. O zamanlar İsmayıllıda, İvanovkada qalırdım. Demək olar ki, hər gün internet problemi yaşayırdım. 2 telefonum var idi, birini yüksək yerə qoyurdum, təlimə qoşulurdum. Amma onun bəhrəsini uzun illərdir ki, görürəm”.
Yaxşı foto çəkməyin texniki cəhətləri nədən ibarətdir?
“Hər iki fotoaparatın avantajları var. Ucuz fotoaparatım olan zaman fotoşopu yaxşı öyrəndim. Bahalı fotoaparatım olduqda isə daha yaxşı kadrı tutmağı öyrəndim. İndiki dövrdə insanlar rahat istəyir, buna görə də işə bahalı fotoaparatla başlayırlar, təbi ki, bu, səhv üsuldur”.
Bəs bu texnikaların qiymətinə münasibətiniz necədir?
“Bu, birinci və ikinci ələ uyğun olaraq dəyişir. 300 AZN-dən başlayır 20 000 AZN-ə qədər yüksəlir”.
Azərbaycanda fotoqraflara göstərilən münasibəti necə dəyərləndirərdiniz?
“Azərbaycanda əsas problem işə sənət kimi yanaşılmamasıdır. Hər kəsə başqasının işi asan gəlir. Bu, psixoloji bir şeydir, əslində. Hər kəs fotonu fərqli görür, baxış tərzindən asılı olaraq dəyişir”.
Gələcək üçün özünüz fotoqraf yetişdirməyi düşünürsünüzmü?
“Yaxın gələcəkdə deməzdim, amma bu sənətdən getməzdən əvvəl edəcəm”.
Son olaraq oxucularımıza nə demək istərdiniz ?
“İnsan hər bir sahədə ən yaxşısı olmaq üçün çalışmalıdır, amma əyri yolla deyil, düz yolla. Asan əldə olunan heç bir şeyin ömrü uzun olmur, əldə olunsa da, bu, müvəqqəti olacaq. Mən də əziyyət çəkərək bu yerlərə gəlmişəm, gecə saat 1-2-3 də hər kəs yatanda mən təlimlərə qoşulmuşam. Hər zaman söylədiyim gözəl bir söz var: “İnsan öz gələcəyinin rəssamıdır”. Gələcəyin rəssamı olmaq sənin əlindədir, yaxşı rəssam olub yaxşı şəkillər də çəkə bilərsən, pis rəssam olub qarışıq, mənasız şəkillər də”.
Səadət Quliyeva.
