Günümüzdə müzakirə mövzularından biri də özünəinamla bağlıdır. Hətta bu mövzu ilə bağlı bir çox maarifləndirmə tədbirlərinin də keçirildiyinin şahidi oluruq. 24media.az-ın budəfəki müsahibi “Nömrə 1 Psixologiya Mərkəzi”nin klinik psixoloqu Elanur Seyfidardır.

İnsanlarda özgüvən hissi necə yaranır və necə formalaşır?
- Əvvəlcə, özgüvən duyğusu və özgüvən əksikliyi ilə başlayaq. Özgüvən dediyimiz "özümüz", "özümüzə güvənmək" anlayışıdır və bu, anadangəlmə olan bir hal deyil. Məsələn biz həyatda nəyisə öyrənə biliriksə, özgüvənli olmağı da öyrənirik. Özgüvənin formalaşması isə ailədən başlayır. Ailə bizə özgüvənli olmağı öyrədir. Bəzi valideynlər həddindən artıq qoruyucu və mükəmməliyyətçi olurlar. Onlar övladlarının özgüvəninin itirməsinin toxumlarını əkirlər. İdarəedici ailələr "sən bacara bilməzsən", "mən daha yaxşısını edərəm" fikrinə malikdirlər. Buna bənzər olan digər ailələr də “helikopter ailələr”dir. Təəssüflər olsun ki, bu fikirlər ta uşaqlıqdan beyinə özgüvənsizliyi yeridir. Bu zaman valideynlər övladlarının özgüvən lüksünü əllərindən almış olurlar.
Bəzi ekspertlər bildirirlər ki, özgüvən əskikliyi olan insanlarda problemin səbəbi daha çox onların uşaqlıq travmaları ilə bağlıdır. Bəs siz necə düşünürsünüz? Digərlərinə nisbətən, hansı yaş qrupunda olan insanlarda bu problem qabarıq müşahidə etmisiniz?
- Əlbəttə ki, hər şeyi ailəyə yükləmək doğru olmaz, amma ailə önəmli faktordur. Valideyn övladının bir sözünə, bir cümləsinə, elədiyi ən kiçik bir işə belə dəyər verməlidirlər. Əks təqdirdə, uşaqda özgüvənsizlik başlayır. O, təqdir görmədikcə özgüvəni aşağı düşür və ən yaxşı bacardığı bir işə belə artıq cəhd eləmir. Travma dediyimiz elə budur. Bizə edilən müraciətlərdə də əksərən bunu eşidirik ki, "mən heç zaman təqdir edilmədim", "heç vaxt ailəm üçün yetərli ola bilmədim" və yaxud da "məni həmişə başqalarının uşaqları ilə müqayisə edirlər". Ailələrə səslənmək istəyirəm ki, övladlarını başqaları ilə müqayisə etmələri özgüvənin və xoşbəxtliyin qatilidir. Yaş kateqoriyasına qalanda isə özgüvən probleminin konkret yaşı yoxdur, hər yaşda rast gəlinə bilir. İstər 18, istərsə də 40 yaşında olan insanda özgüvənsizlik müşahidə oluna bilər.
Son bir-iki ildə təxminən nə qədər insan özgüvən problemi ilə sizə müraciət edib? Ötən illərlə müqayisədə nə kimi dəyişikliklər görünür?
- Son bir-iki ildə bu istiqamətdə olan müraciətlərdə artım müşahidə edirəm. "Bunun səbəbini nədə görürsünüz", - deyə soruşsanız, deyərdim ki, sosial medianın böyük təsiri var. Məsələn daha çox şahidi oluruq ki, insanlar sosial mediada ancaq uğurlu anlarını paylaşırlar. Bu günə qədər heç rastlaşmamışam ki, insanlar həyat yoldaşları, valideynləri ilə dava etdikləri zaman, ağladıqları zaman, yaxud da bişirdiyi yeməyi yandırdıqlarında bunu post olaraq paylaşsınlar. Bu da özgüvənsizliklə əlaqəlidir.
Çox yaxın tanıdığım bir insan bildirmişdi ki, vaxtilə özgüvən problemi yaşayıb. Sonralar qazandığı uğurlar bu hissi qazanmaqda ona kömək etmişdir. Siz də bir psixoloq olaraq belə hallarla qarşılaşmısınızmı?
- İlk növbədə, yaxşı olduğun istiqaməti bilib o istiqamətdə özünü inkişaf etdirmək, özünü olduğun kimi qəbul etməyə başlamaq çox doğru addımdır. Biz hər sahədə mükəmməl ola bilmərik. Eynşteynin belə deyib ki, hər insan özünə görə dahidir, amma balıqdan ağaca dırmanmağını istəyib bunu bacarmadığına görə onu mühakimə etsən, sənin gözündə o axmaq kimi görünə bilər. Halbuki onu başqa istedadına görə təqdir edə bilərsən.
Əlbəttə, mən də belə insanlarla rastlaşmışam. Məsələn keçən dəfə dostumun qızının yarışması var idi. Qız ağlayıb "mən bunu bacara bilməyəcəm", - deyirdi, amma ailəsi "sən bunu bacaracaqsan", - deyə ona dəstək oldular. Hər dəfə məşq etdi və sonda da tamaşaçıların qarşısında çıxış edərək birinciliyi qazandı. Elə bizim də məqsədimiz budur ki, kiçik addımlarla özgüvənin bərpasına nail olaq.

Özgüvən əskikliyi ilə mübarizə aparan insanlar hansı addımları atmalıdırlar?
- Çox kiçik addımlarla başlamaq lazımdır, çünki bəzən insanlar qarşılarına birdən-birə çox böyük məqsədlər qoyurlar, sonra da məqsədlərinə çata bilmədikdə həvəsləri qırılır, "yenə edə bilmədim", - deyirlər. Bayaq da dediyim kimi, yaxşı olduqları mövzuları müəyyənləşdirib onun üzərində işləmələri lazımdır. İkinci olaraq, ailə kimi çevrə də önəmlidir. Özgüvənsiz insanlar özlərinə bənzər insanlarla dost olurlar, özgüvəni yüksək olan insanların yanında özlərini əzilmiş kimi hiss edirlər. Əslində, mən məsləhət görərdim ki, belə situasiyalarda dostlarına da məsləhət görsünlər ki, "gəl bunun üzərində sənlə çalışaq". Əgər görsə ki, həmin dostu bunun üçün istəksizdir, o zaman həmin dostu ilə uzaqlaşmaq deyil, arasına bir az məsafə qoyması önəmlidir. Çünki özündə nələrisə dəyişmək istəsə də, ətrafı, çevrəsinin istəksiz olması ona təsir edəcək. Əgər bunları təkbaşına etməkdə çətinlik çəkirsə, psixoloji dəstək alması önəmlidir.
Elə pasiyentləriniz olubmu ki, uşaqlığında və ya yetkin yaşında özgüvənli olsa da, sonradan özgüvəni tamamilə qırılıb? Belə olan hallarda pasiyentlərinizlə necə işləyirsiniz?
- Əlbəttə ki, belə hallarla da rastlaşmışıq. Belə situasiyalarda, əvvəlcə, pasiyentin özgüvəninin harada qırıldığını araşdırır, təməli axtarırıq. Daha sonra hər insana özəl psixoterapiya üsulumuzdan istifadə edirik, çünki müxtəlif cür psixoterapiya üsulları vardır: koqnitiv terapiya, pozitiv-psixoterapiya, travmadırsa, EMDR terapiya. Bunlardan pasiyentin psixoloji vəziyyətinə ən uyğun olanı seçib üzərində işləyirik.
Özgüvəni bərpa olunub seansları bitən pasiyentlərinizə hansı tövsiyələri verirsiniz ki, özlərinə inamlarını qoruya bilsinlər?
- Bəzən seansları bitirmək ərəfəsinə gəldikdə pasiyentlər "yox, mən edə bilmərəm, necə olacaq, dayandıra bilmərəm" deyə düşünürlər. Bu zaman pasiyentlərin terapiya otağına bağlı olmamaları üçün onların seanslarını azaltmağa başlayırıq, yəni birdən-birə kəsmirik. Deyək ki, həftədə 1 dəfə gəlirsə, sonra bunu 2 həftədən bir şəklində tənzimləyirik, daha sonra ayda bir. Sonda ara verib tapşırıqlar veririk. Onsuz da tapşırıqları düzgün şəkildə etdikdən sonra özgüvənləri yüksəlir və həyatlarının növbəti mərhələsində də bu tapşırıqları daimi olaraq yerinə yetirmələri gərəkdir.
Özgüvən problemi komplekslərin yaranmasına da səbəb olurmu?
- Özgüvən əskikliyi ciddi bir problemdir. Əgər zamanında üstünə düşülməsə, başqa fəsadlara da yol aça bilir. Asosiallıq, depressiya, major depressiya, o cümlədən komplekslərin də yaranmasına gətirib çıxara bilir. Daha çox xarici görünüşlə bağlı komplekslərin yaranmasına səbəb olur və əksərən oğlanlarda müşahidə edilir.
Bəzən insanlar məqsədlərinə çata bilmədikləri üçün gileylənirlər. Sizcə, məqsədə çata bilməməkdə özünəinamın rolu nədən ibarətdir?
- Onsuz da, özgüvənsiz insanlar beyinlərdə avtomatik olaraq elə bir sistem qurublar ki, edə biləcəkləri bir şeyi belə bacara bilməyəcəklərini düşünürlər və həmin insanların hədəflərinə çatmaları çox çətin olur. Sadə bir misal göstərim: Onlar mağazaya getməkdən belə çəkinə bilirlər, "mənə gülərlər, geyimimi bəyənməzlər" kimi düşüncələrə qapılıb gündəlik edəcəkləri işlərdən belə uzaqlaşmağa başlayırlar. Nəticədə, yavaş-yavaş hədəflərinə çata bilmələrində qarşılarında böyük bir maneə yaranmağa başlayır.
Müşahidələrinizə əsasən, deyə bilərsinizmi, özünəinamı yüksək olan insanların bu xüsusiyyətinin kökündə əksərən nə dayanır?
- Kiçik yaşlardan uşaqlara öhdəliklər verilməsi özgüvənli olmaq üçün kiçik addımlardan sayıla bilər. Çox sadə bir nümunə: uşağı yaxınlıqdakı marketə belə göndərməmək, "sən qız uşağısan" kimi fikirlərlə uşağa yüklənmək özgüvənsizliyə yol aça bilir. Elə özgüvənli insanların bu xüsusiyyətinin təməlində də öncə ailə, daha sonra sosial çevrə və özünü nə qədər inkişaf etdirə bilməsi əsas rol oynayır.

İntihar və intihara cəhd hallarında özgüvən əskikliyinin rolu nədən ibarətdir?
- Özgüvən əskikliyinin də burada payı var, amma sırf demək olmaz ki, kimsə özgüvənsizlikdən intihar etdi. Özgüvən əskikliyi depressiyaya, depressiya da major depressiya və ya altında yatan başqa patoloji hallara çevrilir. Nəticədə, bu halın da təsiri ola bilir.
Özgüvənlə bağlı bizə kitablar, musiqilər və filmlər məsləhət görə bilərsinizmi?
- "Müthiş psikoloji"nin "Hayır diyebilme sanatı" kitabını məsləhət görərdim. Və daha çox, pozitiv musiqilərə qulaq asmaq özgüvənə yaxşı təsir edir. Film olaraq Hind filmi olan “Hər uşaq özəldir” və “Gizli rəqəmlər”i məsləhət görürəm.
Məktəblər yalnız təhsil verməklə kifayətlənməməli, özgüvənlə bağlı psixoloji təlimlər də təşkil etməlidirmi? Bu barədə nə düşünürsünüz?
- Bəli, təşkil edilməlidir. Müəllimlər şagirdlərə yalnız təhsil verirlər. Məktəb psixoloqları da özgüvənlə bağlı ayda bir, yaxud ildə bir dəfə seminarlar təşkil edə bilərlər. Ya da müəllim sinifdə özgüvəni aşağı olan bir şagirdi müşahidə edib məktəb psixoloqundan həmin şagirdə dəstək etməsini xahiş edə bilər.
Özgüvən əskikliyini müşahidə etdiyimiz insana necə kömək edə bilərik? Bəlkə, ən kiçik bir söz və ya cümlə onlara köməkçi rolunu oynaya bilər?
- Bəzən insanı sadəcə dinləmək belə kifayət edir. Özgüvənsiz insanların hansısa yaxşı olduğu işdə ona motivasiya verib təqdir etmək, ya da hər hansı işdə "gəl birlikdə edək" demək belə onun tək olmadığını anlamasına, nisbətən yaxşı hiss etməsinə gətirib çıxarır.
Özgüvənə bağlı olan travmalar sıfırlana bilinirmi?
- Bəli, EMDR terapiya nəticəsində pasiyentin yaşadıqlarını duyarsız hala gətirə bilirik. Ardından həmin anları daha gözəl bir tablo ilə, ən əsası, pasiyentin görmək istədiyi bir tablo ilə əvəzləməyə çalışırıq.
Quranda da "Allah özünə güvənənləri sevər" cümləsi keçir. Psixologiyanın özgüvən anlayışını dinimizlə necə əlaqələndirərdiniz?
- Özümüzə güvənmək həm dini, həm də psixoloji baxımdan önəmlidir. İnsanoğlu bəzən neqativ düşüncələrlə özünü yükləyib adi işləri belə çətinləşdirməyə başlayır. Quranda "Asanlaşdır, çətinləşdirmə" deyə bir ayət var. Alimlər açıqlayıblar ki, bir gündə beyinə 10000 düşüncə ilə 70000 düşüncə gəlib-gedir. Bunların yarısından çoxu neqativ, gerçək olmayan düşüncələrdir. Əgər bunlara köklənsək, həyatı özümüzə zindan etmiş olarıq. Ona görə də dinimizdə də edəcəyimiz işi asanlaşdırmaq lazım olduğu deyilir.
Məryəm Abdullazadə
