Narahatlıq və ya təəccüb anında nəfəsimizin kəsilməsinin arxasında müəyyən bioloji mexanizm dayanır.
Əslində bu hallarda nəfəsin sürətlənməsi və ya kəsilməsi insanın doğuşdan sahib olduğu yaşamaq instinkti ilə bağlıdır. Bu mexanizm “döyüş və ya qaç” reaksiyası adlanır. Belə ki, insan gözlənilməz bir vəziyyət və ya təhlükə ilə qarşılaşanda, orqanizm ya sürətlə qaçaraq, ya da təhlükə ilə üzləşərək cavab verir. Yəni adi olmayan vəziyyət zamanı bədəndə çox sürətlə bioloji proseslər zənciri işə düşür.
Bu proses beynin "amigdala" adlanan, kiçik və badam formasında olan hissəsindən gələn ilk siqnal ilə başlayır. Başqa sözlə, insan təəccüblənəndə və ya narahat olanda – yəni təhlükə hiss edəndə – amigdala beynin “idarəetmə mərkəzi” rolunu oynayan hipotalamusa siqnal göndərir. Hipotalamus isə bu siqnallara uyğun olaraq bədənin müxtəlif funksiyalarını tənzimləyir və eyni zamanda stress və təhlükə reaksiyalarının əsas hərəkətverici qüvvəsi olan simpatik sinir sistemini işə salır.
Simpatik sinir sistemi fəallaşdıqda, böyrəküstü vəziləri qan dövranına adrenalin kimi hormonları buraxmağa başlayır. Nəticədə bədən daha sürətli düşünməyə və hərəkət etməyə hazırlaşır. Məsələn, göz bəbəkləri böyüyür ki, görmə qabiliyyəti güclənsin. İstəmədən daha sürətli nəfəs almağa başlayırıq, çünki orqanizm daha çox oksigen tələb edir.
Beləliklə, “döyüş və ya qaç” reaksiyası ilə yaranan fizioloji dəyişikliklər bədənin oksigeni daha tez və çox istifadə etməsinə səbəb olur. Bu da istər-istəməz nəfəsin kəsilməsi ilə nəticələnir.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı