Ənənəvi sarğılar yaxın zamanda keçmişdə qala bilər. Alimlər fərdi müalicə ilə yaraların daha sürətli sağalmasına imkan verən süni intellekt əsaslı “a-Heal” cihazını təqdim ediblər. Araşdırmalara görə, cihaz yaraların sağalma sürətini 25 faiz artırır.
Yara müalicəsində yeni yanaşma
Kaliforniya Universitetinin Santa Cruz kampusunda hazırlanan “a-Heal” sadəcə yaranı örtmək üçün deyil. Onun daxilindəki kamera hər iki saatdan bir yaranın şəklini çəkir və bu şəkillər Sİ sisteminə göndərilir. Əgər sağalma ləngiyirsə, cihaz dərhal müdaxilə edir.
“a-Heal” vəziyyətə uyğun iki üsuldan istifadə edir:
Elektrik stimulyasiyası ilə toxumaların bərpasını sürətləndirir.
Dərman vasitəsilə müalicə prosesini gücləndirir.
Sİ Həkimi
Tədqiqat qrupu cihazı “Sİ həkimi” adlandırır. Cihaz tam qapalı dövrdə işləyir: həm yaranı izləyir, həm də lazım olduqda müalicə tətbiq edib nəticəni yenidən qiymətləndirir. Bu, fərdi və dinamik müalicəni mümkün edir.
Bioelektron mexanizmlər vasitəsilə cihaz fluoksetin adlı dərmanı birbaşa yaraya dəqiq ötürə bilir. Gücləndirici öyrənmə sayəsində zamanla hansı üsulların daha effektiv olduğunu öyrənir və tətbiqini optimallaşdırır.
25% Daha Tez Sağalma
Cihaz 22 gün ərzində donuzlar üzərində sınaqdan keçirilib. Nəticələr göstərib ki, yaranın bağlanması nəzarət qrupu ilə müqayisədə 25% daha sürətli baş verib. Bu texnologiyanın xüsusilə xroniki və yoluxmuş yaraların müalicəsində faydalı ola biləcəyi vurğulanır.
Araşdırmaya rəhbərlik edən professor Marko Rolandi cihazın əsas məqsədini belə izah edir: “Cihaz bədəndən bütün siqnalları qəbul edir və xarici müdaxilələrlə sağalma prosesini optimallaşdırır.”
Mütəxəssislər bildirir ki, bu cür süni intellekt əsaslı həllər səhiyyə xidmətlərinin məhdud olduğu regionlarda böyük üstünlüklər təmin edə bilər. Bundan əlavə, cihazın yalnız kəskin yaralara deyil, uzunmüddətli yaralara da tətbiq edilə bilməsi onu xüsusi dəyərli edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli