Bu gün:

Homininlər təbii vulkanik daş kürələrini alət kimi istifadə ediblər


Pleystosen dövründə homininlər, təbii şəkildə kürə formasında olan vulkanik bazalt daşlarını məqsədli şəkildə toplayır və istifadə ediblər.

Avropa, Asiya və Afrikada Pleystosen dövrünə aid müxtəlif ərazilərdə tədqiqatçılar uzun müddətdir insan tərəfindən yonulmuş daş kürələrə maraq göstərirlər və bu obyektləri ‘daş toplar’, ‘kürələr’, ‘sferoidlər’, ‘bolalar’ kimi müxtəlif adlarla adlandırırlar. Bu daşların hansı məqsədlə istifadə edildiyinə dair indiyədək müxtəlif fərziyyələr irəli sürülüb; bəzi tədqiqatçılar onları vurmaq üçün alət, bəziləri isə ov aləti kimi qiymətləndiriblər.

Efiopiyadakı Melka Kunture ərazisində, Yuxarı Avaş hövzəsinin müxtəlif Pleystosen yaşayış yerlərində təbii şəkildə yaranmış kürə formalı daşlara, yəni ‘kürələrə’ rast gəlinir. Ərazi bir neçə vulkanik mərkəzlə əhatələndiyi üçün burada bu kürələr yalnız vulkanik bazaltdan ibarətdir; ətrafdakı bir çox bölgələrdə isə onlar əsasən əhəngdaşından hazırlanır.

Tədqiqatda araşdırılan kürələr səkkiz fərqli ərazidən toplanıb: Qombore IB, Atebella II, Qarba XII, Qombore II-1, Qombore II-2, Qarba IIIE, Qotu III və Qarba I.

Qombore IB, 1,7 milyon il əvvələ aid olan ən qədim yaşayış yeridir. Burada təxminən 5.000 daş alət, üç kürə və Homo cf. ergaster-ə aid iki humerus (yuxarı qol sümüyü) parçası aşkar edilib. Bu ərazilərdən toplanan kürələr Addis Ababa Milli Muzeyində saxlanılır.

Qarba I, III və II isə təxminən 600 min il əvvələ aid olan ən gənc ərazilərdir və bu yerlərdə 22 kürə və 7.000-dən çox daş alət tapılıb.

Ən qədim yaşayış yeri olan Qombore IB-də Homo cf. ergaster-ə aid sümüklərlə yanaşı, Qombore II-1-də Homo heidelbergensis-ə, Qarba IIIE-də isə Homo sapiens-ə aid kəllə parçaları tapılıb.

Bu kürələr klassik mənada ‘alət’ sayılmır, lakin istifadələrinə dair izlər sayəsində alət olduqları anlaşıldığı üçün onlara outils à posteriori (sonradan tanınan alətlər) adı verilir.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et