Bu gün sosial şəbəkələrdə milyonlarla müxtəlif xəbər peyda olur. Bu, insanların informasiyaya çıxışı və onun manesiz yayılması ilə əlaqədar baş verir. Ancaq bütün xəbərlər doğru deyil. Bəzi insanlar dezinformasiyanın qurbanı olur və bilmədən kifayət qədər doğru olduğuna inandıqları saxta xəbərləri paylaşırlar.
Belə xəbərləri yoxlamaq üçün isə mütəxəssislər “fakt yoxlanması” termini adını verdikləri prosesdən istifadə edirlər. Terminin izahı ondan ibarətdir ki, fakt yoxlanması məzmunun, materialların və ifadələrin yoxlanılması ilə məşğul olur. Adətən bu təcrübədən yalnız jurnalistlər material hazırlayarkən istifadə edirlər. Onlar işlərində göstərəcəkləri faktların nə dərəcədə doğru olduğunu yoxlamaq üçün müxtəlif mənbələrdən və texniki vasitələrdən istifadə edirlər. Belə hallarda ən çətin proses foto və videoların doğruluğunu yoxlamaqdır. Sual yaranır ki, adi sosial şəbəkə istifadəçiləri bunu necə edə bilər?

Gürcüstanda fakt-çekinq saytı olan “Myth Detector”un növbətçi redaktoru Mariam Danqadze “24 Media”ya müsahibəsində məsələ ilə bağlı fikirlərini bildirib:
Danqadze bildirib ki, fakt-çekinq yeni bir fenomen deyil, lakin sosial medianın yüksəlişindən sonra daha çox aktuallaşıb: “Hər kəs xəbər yaymağı bacardıqda həqiqətlə yalanı ayırd etmək çətindir. Beləliklə, peşəkar fakt yoxlayıcılara ehtiyac ortaya çıxır. “Meta” kimi platformalar dünyanın hər yerindən müstəqil fakt yoxlayan təşkilatlarla əməkdaşlığa başladı. Bu o deməkdir ki, sosial media istifadəçiləri də faktiki məlumat əldə edə və hansına etibar edəcəklərini seçə bilərlər. Bəzən hansı məlumatı yoxlamaq lazım olduğunu seçmək çətindir, çünki onların böyük bir miqdarı var. Burada əsas element onların cəmiyyətə vurduğu təsir və zərərdir”.
Mariam Danqadze əlavə edib ki, “Facebook” kimi sosial media platformalarında yayılan şübhəli vizual materiallara gəldikdə, yoxlama üçün aşağıdakı meyarlara baxmalıyıq:
- Fotonun/videonun mənbəyi kimdir?
- Virus yolu ilə yayılıb?
- Bu video nə vaxt çəkilib?
- Foto/videoda şəxsiyyəti təsdiq edən əlamətlər hansılardır?
- Başqa mənbələr də eyni məlumatı yayırmı?
Bütün bu suallara cavab vermək üçün kifayət qədər məlumatımız yoxdursa, foto və ya videoda yerləşən obyektləri, habelə videonun və ya şəklin keyfiyyətinin qəsdən aşağı salındığını müəyyən etmək lazımdır. Bunun üçün texniki vasitələrdən istifadə etməyə başlayırıq. Hamıya əlçatan faktların bəzi vasitələr Tineye, Riveye, InVid, Google Image, Yandex Image və Bing Image Search-dir.
“Myth Detector”, əsasən, transqafqaz regionuna xidmət edir, ona görə də onların sosial mediada faktların yoxlanılmasını tələb edən vizual məlumatların Azərbaycan halları ilə bağlı təcrübələri var. Azərbaycan sosial mediasında belə hallara nə qədər tez-tez rast gəlmək olar sualına Mariam Danqadze aşağıdakı məsləhətləri verib:
“Yalnız bəzi halları analiz etdiyimiz üçün dəqiq rəqəm demək çətindir. Məsələn Gürcüstanda biz gündə 20-yə qədər paylaşım yoxlayır və 4-5 məqalə hazırlayırıq. Bu cür müşahidəni yerli faktları yoxlayan təşkilatın internet saytlarında etmək daha yaxşıdır. https://www.faktyoxla.info/ və https://az.teyit.org/ şəxsi müşahidələrimə görə daha çox müxtəlif istifadəçilərin və səhifələrin paylaşımlarına diqqət yetiriblər”.
Qeyd edək ki, fakt-çekinq Azərbaycanda hələ də inkişaf mərhələsindədir. Bəzi ali və orta məktəblərdə bununla bağlı tədris proqramları yaradılsa da, hələ də bu mövzuda ekspertlərə və materiallara böyük ehtiyac var.
Gülnarə Rəhimova
