Xəsislik yalnız bir xarakter xüsusiyyəti deyil, həm də beynin qərar vermə və mükafat mexanizmləri ilə sıx bağlı olan bir haldır.
Əvvəlcə beynin ön alın payı – plan qurmaq, qabaqcadan görmək və sosial davranışlarla bağlı sahə insanın sərvətini necə işlədəcəyinə dair qərarlar qəbul edir. Xəsis adamlarda bu bölgənin riskləri qiymətləndirmə və “gələcək üçün təminat” yaratma meyli daha güclü olur.
Badamcıq bədəni isə qorxu və itki hissini idarə edir. Xəsis insanlar üçün pul xərcləmək “itirmək” kimi qəbul olunur. Bu vaxt badamcıq bədənində fəallıq artır və insan narahatlıq keçirir. Yəni xərcləməmək beyində bir növ “təhlükəsizlik işarəsi” doğurur.
Bundan başqa, dopamin sistemi də mühüm rol oynayır. Adətən insanlar paylaşanda və ya özlərinə kiçik sevinc bəxş edəndə dopamin ifraz olunur və xoşbəxtlik hissi yaranır. Amma xəsis şəxslərdə bu sistem fərqli işləyir: xərcləməkdən gələn həzz zəif, toplamaqdan gələn rahatlıq isə daha güclü olur. Bu da onların zehnində “yığmaq = xoşbəxtlik” düşüncəsini möhkəmləndirir.
Eyni zamanda, ön qurşaq sahəsi də seçim anlarında fəallaşır. Xəsis insanlar üçün pul xərcləmək daha çox gərginlik yaradır; alış-veriş və paylaşmaq onlarda daxili ziddiyyət doğurur.
Bütün bunlara mühit də təsir edir. Uşaqlıqda yaşanan maddi sıxıntılar, valideynlərin davranışları və ya itkilər, beynin sinir yollarını “sərvəti qorumağa” yönəldə bilər. Zamanla bu, sabit bir davranış halına çevrilir.
Nəticə olaraq, xəsislik sadəcə “istəmir” və ya “belədir” deməklə izah olunmur. Bu hal beynin mükafat, itki və təhlükəsizlik mərkəzlərinin necə işlədiyinin, keçmiş təcrübələrlə necə formalaşdığının nəticəsidir.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
