İnsanlıq tarixinin ən qədim qidalarından biri olmaqla yanaşı, bal təbiətdə mövcud olan ən maraqlı kimyəvi möcüzələrdən biridir. Düzgün şəraitdə (havayla təmas etmədən, sərin, quru və qaranlıq yerdə) saxlanıldıqda, balın rəf ömrü praktik olaraq məhdudsuzdur. Elə buna görə də arxeoloqlar qədim Misir məzarlarında 3.000 ildən də qədim bal qabları tapanda, içindəkilərin hələ də yeməli olduğunu təəccüblə qeydə alıblar.
Bəs balı bu qədər davamlı edən nədir?
Cavab onun təbii tərkibində gizlidir:
• Aşağı su aktivliyi – Bal çox az sərbəst su molekulu saxlayır. Bu, bakteriya və göbələklərin çoxalması üçün əlverişli mühitin yaranmasına mane olur.
• Turş mühit – Balın orta pH dəyəri 3,2–4,5 arasında olur. Bu isə əksər mikroorqanizmlər üçün əlçatmaz mühit deməkdir.
• Təbii antibakterial maddələr – Arıların ifraz etdiyi fermentlər nəticəsində balda hidrogen peroksid kimi antibakterial maddələr əmələ gəlir.
• Şirənin qoruyucu təsiri – Yüksək miqdarda fruktoza və qlükoza tərkibi mikroorqanizmləri “susuzlaşdırır” və onların yaşamasını mümkünsüz edir.
Bal bu xüsusiyyətləri sayəsində yalnız özünü qorumaqla kifayətlənmir, həm də tarixi dövrlər boyunca tez xarab olan qidaların saxlanmasında istifadə olunub.
Qədim sivilizasiyalarda bal – meyvə, ət və ya bitki şirələrini qorumaq üçün təbii konservasiya vasitəsi kimi işlədilib. Bu məqamda balın “tək” deyil, “nadir” olduğunu qeyd etmək lazımdır. Çünki təmiz duz və ağ şəkər kimi bəzi təbii qidaların da demək olar ki, limitsiz rəf ömrü var. Lakin balı fərqləndirən cəhət – həm davamlılığını təmin edən kimyəvi quruluşu, həm də min illərlə qida dəyərini və ətrini qoruyub saxlaya bilməsidir.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
